“Qarabağ” Avropa Liqasında mübarizəni dayandırıb

Foto: “Frayburq”un rəsmi saytı

Azərbaycan çempionu Konfrans Liqasında oynayacaq

“Qarabağ” klubu noyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda G qrupunun lideri, Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni təmin etmiş Almaniyanın “Frayburq” klubu ilə qarşılaşıb. “Köhlən atlar” qrup mərhələsinin 2-ci turunda Almaniyada keçirilən oyunda bu rəqibinə 1:2 hesabı ilə məğlub olmuşdu.

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq üçün “Frayburq”la ikinci görüşündə qələbə qazanmalı idi. Əks halda, bu oyunla eyni vaxtda başlayan, Yunanıstanda keçirilən matçda Fransa “Nant”ı yerli “Olimpiakos” komandasını məğlub etməklə, bu qrupdan pley-offa ikinci vəsiqəni “Qarabağ“ın əlindən ala bilərdi.

Oyun 1:1 hesabı ilə başa çatıb. Paralel keçirilən matçda “Nant”ın “Olimpiakos”u 2:0 hesabı ilə məğlub etməsi “Qarabağ“ın Avropa Liqası ilə vidalaşmasına səbəb olub.

Bu nəticələrdən sonra Avropa Liqasının pley-off mərhələsinə “Frayburq”la “Nant” vəsiqə qazanıb. Qrup üçüncüsü olan “Qarabağ” isə mübarizəsini Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.

Ana səhifəXəbərlər“Qarabağ” Avropa Liqasında mübarizəni dayandırıb