Qara və pəmbə çadra…

İki yazar, iki rəng…

Source:

İki aydın, eyni dövrün iki böyük şəxsiyyəti, maarifçisi: Hüseyn Cavid və Cəfər Cabbarlı.

Hər ikisi böyük amallar uğrunda çarpışıb. Xalqı zülmətdən nura, cəhalətdən elmə, tərəqqiyə çəkmək, yüksəltmək eşqi olub qəlblərində.

Qadın azadlığı, xoşbəxtliyi, elmə, savada yiyələnməsi ən böyük arzuları olub bu yazarların. Yaradıcılıqları bunu əks edib, buna köklənib.

C.Cabbarlı daha çılğın yanaşıb ətrafda baş verənlərə. Aşırı üsyanla, etirazlarla meydana gəlib. Bəlkə də gənc olmasından irəli gəlib bütün bunlar. H.Cavidisə daha müdrik, dərin münasibət sərgiləyib, səthi yanaşmayıb, cərəyan edən prosesləri dəqiqliyi ilə incələyib, reallığa əsaslanan çıxış yolu göstərməyə çalışıb.

C.Cabbarlı hər şeyi qaraya boyadığı halda, H.Cavid göstərir ki, başqa rənglər də var, məsələn, pənbə.

19-20-ci əsr qadın problemlərinin kökündə daha çox cəhalət, ataxaqanlıq, təbəqələşmə, əsassız, xurafata bələnmiş düşüncələr dayanırdı. C.Cabbarlı isə barmağını daha çox dinə, dini müqəddəsliklərə tuşlayır, sanki hər şeyi Allahın, Quranın, çadranın boynuna yaxmağa çalışır.

“Gülzar”da saf, məsum qızcığazın bütün bədbəxtliyində “məchul kişi”, Mənsur və mürtəce adət-ənənələr qınanılmaq əvəzinə, Quran təhqir olunur! Halbuki, bu müqəddəs kitab bütün hallarda Gülzar və Gülzar kimi digər təcavüzə, töhmətə məruz qalmış qadınlardan yanadır. Onlara qarşı hər növ təcavüzü (Qurani-Kərim, 24:30), töhməti kəskin pisləyib, xəbərdarlıq edib (24:11, 12,13).

“Sevil”də də eyni olaylar baş verir. Pyes demək olar ki, hicaba qarşı hücumla başlayır:

“Sevil: Əlbəttə, Allah onun kölgəsini mənim başımdan əskik eyləməsin.

Gülüş: Onun kölgəsi bu qara çadradır, o sənin başında durduqca, sən yazıq olacaqsan!

Sevil: Bəs, nə edim?

Gülüş: Çıxart, cır tulla!”

Və əsərin davamında – üçüncü pərdənin axırında yenidən eyni hücumların şahidi oluruq:

“Sevil: Mən əvvəl dən dəli idim, bir il bundan əvvəl Gülüş mənim çadramı açıb, məni ortalığa çıxartdı, qoç döyüşünə qoç dayanar, dedi. Mən onda anlamadım. Ondan sonra mənə çox dedi, mən yenə də anlamadım. Yazıq, yeddi illik ömrümü onun heçliyinə qapanaraq, bu qara dustaq içərisində sürünmüşəm. Artıq, al! (Çarşabı atır)”.

Halbuki, nə “Balaş”, nə “Məmmədəli”, nə “Əndüləlibəy”, nə “Dilbər” dini camiənin üzvləri deyil. Dilbər, qubernator qızıdır, şərab içir, açıq-saçıq geyim tərzi var, teatra gedir, bir neçə xarici dil bilir. Amma görürük ki, Sevilin bədbəxtliyində ən çox onun payı var.

H.Caviddə “Peyğəmbər” dramında qadın əzabından, ağrılarından, zülmə, haqsızlığa məruz qalmasından söz açır. Aşağıda qeyd edəcəyim eyni adlı əsərdən bir parça “Sevil” qədər ağırdır, bir faicəli qadın ömrünü əks etdirir. Amma müəllif bu faciələrdə dini ittiham etmir, əksinə, bu acını haqlı olaraq Peyğəmbərin dilindən səsləndirir:

“Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən

Yaqar düşüncəmi bir şölə, bir zəhərli dikən.

Bütün həyatı çiçəkləndirən fəqət o…niçin,

Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!

Qadın-günəş, çocuq-ay…nuru ay-günəşdən alır,

Qadınsız ölkə çapuq məhvolur, zavallı qalır.

Qadın əlilə fəqət bəxtiyar olurşu cihan.

O bir mələk…onu təqdis edər böyük yaradan.

Opək sevimli, gözəl, incə,nazlı bir xilqət,

Onun ayaqları altındadır fəqət cənnət:

Qadın gülərsə şu issız mühitimiz güləcək…”

“Peyğəmbər”dəki “Şəmsa” obrazı “Sevil”dəki “Dilbər”lə müqayisə oluna bilər. Şəmsada Dilbər qədər özünə vurğun, həqiqi sevgidən, gözəl duyğulardan uzaq, yalnız şəxsi mənafeyini güdən bir şəxsdir:

“Şəmsa:

Bən istərim şəfəqlər çiçəklərdən,

Ay günəşdən,insanlar mələklərdən

Nə gözəllik varsa, çalsın da birdən,

Həpsi bir baqışda şikarım olsun!”

və ya:

“Bən istərim hər nə var uzaq, yaqın;

Böyük dahilərin,qəhrəmanların,

Bütün ruhu bir çöhrədə parlasın,

Oda bənim pərəstişkarım olsun!”

H.Cavid Peyğəmbərin diliilə bu qadın tipini tənqid edərək, bildirir ki, qadının gözəl, cəmiyyətdə öz yeri, sərbəstliyi olması, hələ onun mədəni, yaxşı insane olması deyil, alicənab insan-qadın həm də ruh bakirəliyini qoruyub, saxlaya bilən, xeyirxahlığı bacaran şəxsdir-xanımdır. Buna görə də, Şəmsa:

“Qadınmı?! Ah, böyük təhqir…

Hər kəscə bəllidir adım,

Bən bir qızım, həm də bakir

Hənuz kimsəyə varmadım.

İncilər, altın, gümüşlər,

Hər dürlü sərvət bir yana,

Hər kəs məcnun ki, bizlər,

Məftundur həp gənclik bana.

Könül vermədim kimsəyə

Bir xilqətim iştə nadir…

Düşün, bakir bir qönçəyə

Qadın demək pək xətadır”,- deyincə, Peyğəmbərin sərt təpkisi ilə qarşılaşır:

“Halbuki, o qönçə bikri

Hər gün binlərcə göz əmər.

Öyündüyün bikr, ey pəri,

Sönər, hər gün bir az sönər.

Evlad eşqilə çırpınan

Bir qadın könlü, şübhəsiz,

Sayğısız qızlarınkından

Daha bakir, həm ləkəsiz…”

“Sevil”də “Gülüş”ün maarifçilik, aydınlıq metodikası da mükəmməl görükmür. Demək olar ki, onun savadsız, elmdən, təhsildən uzaq cəmiyyətlə davranışı istehza, danlaq, kinayələr üzərində formalaşıb. Əslində isə Sevilin xilas olması, ailəsini, uşağını qoruması, xoşbəxt olması üçün lap əvvəldən daha tədbirli addımlar ata bilərdi, başına bu qədər müsibət gəlmədən, “Gündüz” on il valideynsiz, xüsusilə anasız böyümədən.

H.Cavid isə müsəlman cəmiyyətinə daha müdrik yanaşır, qadınlara ehtiram göstərərək, inanclarını təhqir etmədən, onları elmə, tərəqqiyə çağırır və elmlə dinin heç bir təzad təşkil etmədiyini açıq ifadə edir. “Qız məktəbində” şeirini nümunə olaraq göstərmək olar:

—Quzum, yavrum! Adın nədir?

—Gülbahar.

—Pəki, sənin anan, baban varmı?

—Var.

—Nasıl,zənginmidir baban?

—Əvət, zəngin, bəyzadə…

—Öylə isə, geydiyin geyim neçin böylə sadə?

Yoxmu sənin incilərin, altun bilərziklərin?

Söylə, yavrum! Heç sıxılma…

—Var əfəndim, var…lakin

Müəlliməm hər gün söylər, onların yox qiyməti,

Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.

-Çox doğru söz…Bu dünyada sənin ən çox sevdiyin

Kimdir, quzum, söylərmisən?

—Ən çox sevdiyim, ilkin

O Allah ki, yeri-göyü, insanları xəlq eylər.

—Sonra kimlər?

—Sonra onun göndərdiyi elçilər.

—Başqa sevdiklərin nasıl,yoxmu?

—Var…

—Kimdir onlar?

Anam, babam, müəlliməm, bir də bütün insanlar…

Burda da “Gülbahar” “Gülzar” qədər safdır, doğmadır, əzizdir, amma bədbəxt deyil, dini-imanı onu faciəilə üzləşdirmir, əksinə, mədənidir, mütərəqqi düşüncə sahibidir.

Ya da “Peyğəmbər” dramının sonunda, əlində “şanlı kitab”I tutan Peyğəmbər qadın və kişilərin yalnız elmə yiyələnə biləcəkləri halda qurtuluş tapa biləcəklərini önə çəkir:

“Bu qılıc! Bir də şu mənalı kitab

İştə kafi sizə…Yoq başqa xitab.

Açar ancaq şu kitab el gözünü,

Siləcəkdir şu qılıc zülmizini.

Haqq, vətən, zevqi-səadət, cənnət

Həp qılıc kölgəsi altında, əvət.

O da bilgiylə fəqət qiymət alır.

Bilgisiz bir qılıc er-gec qırılır.

Kəsbi-irfan için erkək və qadın,

Çalışın, qəbrə qədər həp çalışın.

Gərçi, xilqətdə bəşər birsə, yenə

Tuş deyil bilməyən əsla bilənə.

Kişi irfan işığından parlar,

Şübhəsiz, bilgidə allah gücü var.

Əvət, arif düşünür, haqqı bulur,

Aqibət kəndisi bir tanrı olur.”

Hüseyn Cavid “Pənbə çarşaf” şeirində isə əsl ziyalı mövqeyini ortaya qoyur, həqiqi tolerant, liberal olmasını nümayiş etdirir. O, C.Cabbarlıdan fərqli olaraq örpəyə çox estetik yanaşır, onu gözəl sənət nümunəsi kimi dəyərləndirir. Hicablı qızı yazıq, örtüyünü qara, boz təsəvvür etmir, əksinə, örpəyini pənbə, şəffaf, ipək, özünü isə nazlı mələk, çiçək, gül, parlaq ulduz adlandırır:

“Pəmbə, şəffaf, ipəkli bir çarşaf,

Lərz işi-səfvətilə hər saət;

Ruhi-məcruha еyliyor ithaf,

Nazənin bir firiştə, bir afət.

Bu təsəttür nasıl da cazibədar!

Bunda pək incə bir lətafət var.

Sanki bir nеv şükuftə gülfidanın

Pəmbə tülləri hatə qılmışdır.

Ya ki bir kеvkəbi-dirəxşanın

Üstünü həp şəfəqlər almışdır…”

Bununla belə, fərqli geyim tərzi seçən qadına da əsla tənə etmir, ona zərrə qədər sayğığısızlıq göstərmir, əksinə vəsf edir, onu bir gözəl gül-zanbaq kimi təsvir edir. Lakin bununla belə, örpəkli qızı daha çox bəyəndiyini əsla gizlətmir:

“Bən açıq şеrdən də həzz еdərim,

Fəqət ən gizli şе’ri pək sеvərim.

Açaraq sivrilir çoq afətlər,

Saf və azadə, sanki bir zanbaq…

Sən əmin ol ki, еy şükufеyi-tər,

Güləpək başqa fər vеrir yapraq!

Söylə! Dünyada hanki sənətkar,

Kölgəsiz bir rəsimdə sənət arar!?”

Ana səhifəMənim FikrimcəQara və pəmbə çadra…