Qapadılan valyutadəyişmə məntəqələri yenidən açıla bilər

”Valyutadəyişmə məntəqələri bağlanandan ”qara bazar çiçəklənməyə” başladı”

Source:


”Valyutadəyişmə məntəqələri bağlanandan ”qara bazar çiçəklənməyə” başladı”

Fiziki və hüquqi şəxslərə valyutadəyişmə məntəqələri açmağa icazə verilməsi təklif olunur.

“Trend” yazır ki, bununla bağlı “Valyuta tənzimi haqqında” qanuna müvafiq dəyişikliklər parlamentə təqdim edilib.

“Valyutadəyişmə məntəqələrinin bağlanması qara bazarı inkişaf etdirdi”

İqtisadçı Vüqar Bayramov da deyir ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin qısa müddət sonra bərpa ediləcəyi gözlənilir:

“Bir il öncə valyutadəyişmə məntəqələri ləğv edilən zaman bunun doğru addım olmadığı bildirərək, bu xidməti bərpa etməyin vacibliyini bildirmişdik. Hətta ötən ilin payızında valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası ilə bağlı təkliflərimizi də hökumətə təqdim etdik. Valyuta dəyişmə məntəqələri o zaman “qara bazar” ilə əlaqələndirilirdi. Əksinə, bu məntəqələr bağlanandan sonra “qara bazar çiçəklənməyə” başladı. Valyutadəyişmə məntəqələrinin olmaması qara bazarın inkişafına gətirib çıxardı”.

“Məhz 6 min iş yeri bağlandı”

İqtisadçı deyir ki, digər baxımdan, valyutadəyişmə məntəqələrinin işləməsi 6 min iş yeri demək idi. Məntəqələr ləğv edilən zaman məhz 6 min iş yeri bağlandı:

“Bu baxımdan, bərpası həm də yeni leqal iş yerləri deməkdir. Əksər bankların alış və satış kursu arasında fərq yenə də var. Fevralın əvvəllərində manat möhkəmlənməyə başlayanda manatın və ya dolların alış kursu ilə satış kursu arasında hər 100 dollarda təxminən 20 manat fərq var idi. Səbəblərdən biri valyutadəyişmə məntəqələrinin yoxluğu nəticəsində rəqabətin zəif olması idi. Qəribədir, hətta qeyri-leqal fəaliyyət göstərən “qara bazar”da valyutanın alış-satış kursu əksər banklara nisbətən daha münasibdir. Bu da ondan xəbər verir ki, valyutadəyişmə məntəqələrinin bərpası qeyri-leqal bazarda çalışanların fəaliyyətinin leqallaşdırılmasına imkan verəcək”.

“Valyutadəyişmə məntəqələri “qara bazarı” ləğv etmək üçün bərpa edilir”

Vüqar Bayramov deyir ki, valyutadəyişmə məntəqələri ləğv edilən zaman orada işləyənlərin əksəriyyəti “qara bazarda” fəaliyyət göstərirdilər. Artıq onlar valyutadəyişmə məntəqələrinə qayıdacaq, leqal fəaliyyət göstərəcəklər:

Vüqar Bayramov foto sosial şəbəkə

“Bir il öncə “qara bazarın” yaranmaması üçün valyutadəyişmə məntəqələrinin ləğv edildiyi bildirilsə də, əslində indi bu məntəqələr “qara bazarı” ləğv etmək üçün bərpa edilir. Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti imkan verəcək ki, insanlar asan, sərbəst şəkildə – şənbə, bazar, bayram günlərinə baxmadan gedib pullarını dəyişə bilsinlər. Bu baxımdan, əslində bir il öncə ləğvinə ehtiyac olmayan məntəqələrin daha tez fəaliyyətə başlamasına ehtiyac var idi”.

“Mərkəzi Bank valyutadəyişmə məntəqələrini məcbur olub bağladı”

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, əslində ölkədə fəaliyyət göstərən valyutadəyişmə məntəqələri bankların qeyri-rəsmi şöbələri idi. Ancaq onların faktiki rəhbərliyi banklar deyildi. Ekspert deyir ki, manatın sabit olduğu dövrdə heç bir problem yaranmırdı:

“Devalvasiyadan sonra valyutadəyişmə məntəqələri qara bazar kimi fəaliyyət göstərməyə başladı. Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin fəaliyyəti ilə bağlı ölçü götürə bilmədiyi üçün məcbur olub onları birdəfəlik bağladı”.

“Valyutadəyişmənin fəaliyyət göstərməsi üçün təhlükə yoxdur”

Əkrəm Həsənov qeyd edir ki, bu ilin əvvəlindən marja tələbi aradan qaldırıldığından artıq valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyət göstərməsi üçün heç bir təhlükə yoxdur.

Əkrəm Həsənov

2016-cı ilin yanvarından bəri valyutadəyişmə məntəqələri yalnız banklar və poçt şöbələri nəzdində fəaliyyət göstərə bilər. Dəyişikliklərin qəbul olunacağı təqdirdə bu məntəqələri təkcə Azərbaycan rezidentləri yox, həm də xarici şirkətlər bu ölkədəki filiallarında aça bilər.

Ana səhifəXəbərlərQapadılan valyutadəyişmə məntəqələri yenidən açıla bilər