”Qapadılan müstəqil agentlik olmadığı üçün reaksiyalar yoxdur”

Mehman Əliyev: ”Prezident ”Ermənistanı çökdürəcəyik” başlığını təxribat sayıb”

Source:


Mehman Əliyev: ”Prezident ”Ermənistanı çökdürəcəyik” başlığını təxribat sayıb”


İkinci gündür

APA Holdinq

ə daxil olan informasiya resurslarına girmək olmur. Holdinq rəhbərliyi səbəbin nə olması ilə bağlı açıqlama yaymayıb.

Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət “Facebook” səhifəsində APA-ya görə narahat olduğunu bildirib:

“Məni daha çox oradakı 200-dən artıq həmkarımın iş yeri məsələsi narahat edir. APA-ya bir şey olarsa, bu qədər jurnalisti işlə təmin edəcək halımız varmı? Təbii ki, yoxdur. Arzu edirəm ki, APA bir an öncə işini bərpa edəcək. Yanlış olub, anlayırıq. Özləri də anlayıb və dərhal da düzəldiblər. APA Azərbaycanın informasiya müharibəsində həmişə ön xətdə olub və olmasına da gərək var. O baxımdan bu gündən qurumun öz işini bərpa etməsini arzu edirəm. APA kimi peşəkar bir media qurumunun yox edilməsi sadəcə Ermənistanın işinə yarayacaq”.

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı APA Holdinqin yaranmış durumla bağlı rəsmi açıqlama vermədiyindən bu barədə danışmağın çətin olduğunu söyləyib:

“Rəsmi heç bir reaksiya olmadığından münasibət sərgiləyə bilmirəm. Bundan əlavə, APA Holdinqin Azərbaycan Jurnalistlər Birliyi ilə heç zaman əlaqəsi olmayıb. Gərək özləri məlumat versinlər ki, biz də münasibət bildirək. Hər bir halda, yaxşı hadisə deyil”.

Elçin Şıxlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) reaksiya verməməsinin anlaşılan olduğunu deyir:

“Bu qurumun sayt bağlanmasına aidiyyatı yoxdur. Mən ayna.az-ı bərpa edəndə onlara müraciət də etmədim. Bloklanmasına gəlincə, istənilən proqramçı ilə danışıb, istənilən saytı bloklaya bilərlər. Bu, problem deyil”.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev APA Holdinqin saytlarına giriş qadağasını prezident İlham Əliyevin çıxışının səhv təqdim edilməsi ilə əlaqələndirir. Deyir, hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən sülh prosesi gedir:

“Ermənistandakı yeni hakimiyyət və ona yaxın partiyalar son zamanlar müsbət impulslar göndərir. Ətraf rayonların azad olunması ilə bağlı çıxışlar edirlər. Münaqişənin səbəbkarlarını istintaqa çağırır, həbs edirlər. Məsələn, sabiq prezident Robert Köçəryan həbs olundu, başqa birisi isə gizlənir. Belə bir məqamda İlham Əliyev tərəfindən “Ermənistanı çökdürəcəyik” açıqlaması təxribat idi. Güman ki, prezident də bunu təxribat hesab edib və qəzəblənərək saytların qapadılmasına göstəriş verib”.

“APA Holdinq prezidentdən üzr istəyibsə, bağlamağa ehtiyac vardımı?” – sualına cavabda Mehman Əliyev bildirib ki, bu saytların kim tərəfindən maliyyələşdirildiyi hamıya bəllidir. Bağlanan saytlar müstəqil media orqanları olmadığı üçün qapadılmasına reaksiyalar olmadı:

“Pulunu hakimiyyət verirdi, indi də bağlayır. Xoşum gəlmirsə, qapadıram. Sabah başqa formada olacaq, rəhbərlik dəyişəcək, bunu bilmirik. Amma yenə də müstəqil media, agentlik sayıla bilməz. Çünki hakimiyyət yaradır və sifarişi də özü verir. Ümumiyyətlə, son zamanlar bu Holdinqdə ixtisarlar olmuşdu. Bu da maliyyənin azaldımasından irəli gəlirdi. Ona görə burada müstəqil medianın fəaliyyətinin dayandırılmasından söhbət gedə bilməz”.

Meydan TV Holdinqin prezidenti Vüsalə Mahirqızı ilə əlaqə yarada bilməyib. Məsələ ilə əlaqədar Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ilə əlaqə saxlamaq mümkün olmayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov da telefonlara cavab verməyib.

Ana səhifəXəbərlər”Qapadılan müstəqil agentlik olmadığı üçün reaksiyalar yoxdur”