Layihə Milli Məclisin müzakirəsinə veriləcək
Azərbaycanda Cinayət Məcəlləsinin maddələrinə bəndlər əlavə edilə bilər.
Parlamentə Cinayət Məcəlləsinin (CM) 192-ci maddəsinə (Qanunsuz sahibkarlıq) yeni 3.1 və 3.2 bəndlərinin əlavə edilməsi təklif edilir.
APA xəbər verir ki, layihədə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədilən əməllər xüsusilə külli miqdarda ziyan vurma və ya xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə xüsusi cəzalar tətbiq olunacaq.
Bu, 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilən gəlirin) 4 misli miqdarında cərimə və ya 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.
Layihə sentyabrın 29-da ictimai dinləmədən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.