Qanunsuz orden-medal verməkdə təqsirləndirilən QHT sədrləri cinayət məsuliyyətinə cəlb olunub

İllüstrasiya: Meydan TV

Qeyri-hökümət təşkilatlarının vəzifəli şəxsləri qanunsuz olaraq medal və orden hazırlamaqda təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunublar.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, onlar barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başladılıb, ibtidai istintaq aparılır. 

Verilən məlumatda qeyri-hökümət təşkilatlarının bir neçəsinin adları məlum olub. Məlumatda “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”, “Azərbaycan Vətən Müharibəsi Veteranları”, “Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi”, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”, “Qarabağ Əlillərinə Qayğı”, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birlikləri, “Beynəlmiləlçi Əlil Döyüşçülər” və “Dədə Qorqud Xeyriyyə” Fondlarının adları göstərilib.  

Qeyd olunur ki, axtarış zamanı 1518 ədəd orden və medal, 777 ədəd orden və medalların vəsiqələri, 7 ədəd kitabça və bu orden-medalların 8069 şəxsə təqdim olunmasına aid maddi sübutlar əldə olunub.

Bildirilir ki, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun sədri Səyyaf Orucov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyevə Cinayət Məcəlləsinin 309.1-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Baş Prokuroluğun yaydığı məlumatdakı ittihamlara adı çəkilən təşkilatların və şəxslərin münasibəti məlum deyil. 

Ana səhifəSiyasətQanunsuz orden-medal verməkdə təqsirləndirilən QHT sədrləri cinayət məsuliyyətinə cəlb olunub