Milli Məclis Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiqlədi
“Əlbəttə, cəzanın humanistləşdirilməsindən söhbət gedir. Bir çox məsələdə bunu təqdir edirəm. Amma iki əsas istiqamət məni narahat edir. Birincisi, cəzanı humanisləşdirmək adı ilə bu dəyişikliyi edirik. Eyni zamanda xüsusilə külli miqdarda əmlakın oğurluq, soyğunçuluq, quldurluq yolu ilə mənimsənilməsini bura daxil edirik və cəzanın yuxarı həddini 18 ilə qədər çatdırırıq. Yəni cəzanı sərtləşdiririk. Bu məsələdə humanistləşdirmədən yox, sərtləşdirmədən söhbət gedir. Amma digər, insan həyati ilə bağlı məsələlərdə biz bunun əksini müşahidə edirik”.
Bu fikirləri Milli Məclisdə Cinayət Məcəlləsinə edilən dəyişikliklər layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev söyləyib.
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, cəzaların humanistləşməsi məqsədilə hazırlanan layihədə yeni cəza növünün – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsilə birlikdə 300-dən çox dəyişiklik, o cümlədən 34 cinayət üzrə cəzanın müddətinin azaldılması təklif edilir. “Azadlığın məhdudlaşdırılması” cəzası bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib.
Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib.
Həmçinin məcəlləyə “xususilə külli miqdar” anlayışı gətilirb ki, bu da 500 min manatdan yuxarı olan məbləğlərə aiddir. Bu miqdardan yuxarı məbləğlərə aid olan cinayətlərə görə cəzalar isə artırılıb.
Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, layihənin ictimai müzakirəsi keçirilib, amma burada bəzi məsələlər onu narahat edir:
“Məsələn, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən insanlar var. Məlumdur ki, onların çoxu insan öldürdüyünə görə bu cəza ilə cəzalandırılıb. Əvvəlki məcəlləyə görə, bu şəxslərin cəzasının çəkilməmiş hissəsi 15 illə əvəz oluna bilərdi. Əgər 25 il ərzində bu insanlar normal davransaydılar. İndi nə edirik? Biz bu 25 il normal davranışı qoyuruq kənara, deyirik ki, yalnız son 5 ildə bu insan özünü yaxşı aparıbsa, o şərti olaraq cəzanın çəkilməmiş hissəsindən azad oluna bilər. Yaxud da əvvəl 15 illik çəkilməmiş hissə müddətlə əvəz oluna bilərsə, cəkilməyən cəza müddəti 10 illə əvəz oluna bilər. Bu qətiyyən yolverilməzdir”.
Polisə zor tətbiq edənə 3-7 il, əmlakı quldirluğa görə 18 il
Deputat hakimiyyət nümayəndələrinə qarşı zorakılıq tətbiq etmənin sanksiyasındakı 3 ildən 7 ilə qədər cəzanın yüngül olduğunu deyib:
“Hakimiyyət nümayəndəsi kimdir? Polis işçisidir, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır. Onların həyatı təhlükədədir. Yaxud polis işçilərinin əgər həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradılırsa, yəni silah tətbiq olunursa, bu halda 3 ildən 7 ilə, quldurluq yolu ilə yenə də həyat və sağlamlıq üçün zor tətbiq olunmaqla şəxsin əmlakı mənimsənilirsə, sanksiya 18 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutur. Halbuki dövlət tərəfindən insanın həyat və sağlamlığı daha ciddi qorunur, nəinki başqa məsələlər”.
500 min manatdan çox kimin pulu ola bilər?
Zorlama cinayəti əgər ağırlaşdırıcı hal yoxdursa, 4 ildən 8 ilə qədər, azyaşlı uşaqların zorlanması isə 10-15 il qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu yaxınlarda azyaşlı uşaq zorlanmışdı və insanlar tələb edirdi ki, ölüm cəzası bərpa olunsun. Amma biz qanunvericiliyə cəmiyyətin tələb etdiyi məsələ üzrə baxmırıq. Mən rast gəlməmişəm ki, son zamanlar mətbuatda oğurluğa, soyğunçuluğa görə cəzaların sərtləşdirilməsi ilə bağlı təbliğat aparılsın. Belə çıxır ki, qanun layihəsini hazırlayanlar daha çox varlı insanların əmlakının qorunmasını önə çəkiblər. Niyə? Ona görə ki, xüsusilə külli miqdarda əmlakın mənimsənilməsinə görə 14 ildən 18 ilə qədər azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulur. 500 min manatdan çox kimin pulu ola bilər? Ancaq varlıların, xüsusi zəngin insanların. Demək zəngin insanların əmlakı qanunla dövlət tərəfindən daha ciddi qorunur, nəinki insan həyatı və sağlamlığı. 5 dəfə də ayrı-ayrı vaxtlarda azyaşlı uşağı zorlayana 20 ildən artıq cəza təyin etmək olmur, amma kiminsə əmlakını oğurlayana 18 il cəza təyin edilə bilər…”
Yeni doğulmuş övladını qəsdən öldürən anaya cəza ağırlaşmalıdır
Deputat Fazil Mustafa yeni doğulmuş uşağını öldürən analara qarşı azadlıqdan məhrumetmə cəzası ilə yanaşı, daha yüngül cəza sayılan azadlığın məhdudlaşdırılması cəzasının tətbiqinə etiraz edib:
“Yeni doğulmuş övladını qəsdən öldürən anaya 3 ilə qədər azadlığın məhdudlaşdırılması yüngül cəzadır. Bu dəyişiklik sanki stimullaşdırıcı xarakter daşıyır. Həmçinin 140-cı maddədə qeyd olunan insanları İİV-ə yoluxdurmaya görə azadlığın məhdudlaşdırılması təhlükəli yanaşmadır. Hesab edirəm ki, bu əməllərə görə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır”.
Əli Məsimli: “Kedit borcuna görə cəzasının artırılması məsələni həll etməyəcək”
Deputat Əli Məsimli bildirib ki, kredit borcu olan vətəndaşların cəzasının artırılması məsələni həll etməyəcək:
“Burada cəzanın 3 ildən 4 ilə qaldırılması və ya 1 ilə endirilməsi təsirli olmayacaq. Çünki kredit borcu olanlar borclarını çoxdan ödəyiblər. Məhkəmələrin onlara qarşı müəyyən etdiyi cəza almadıqları borclarına görədir. Bu məbləğ elədir ki, vətəndaşların onu qaytarması mümkün deyil. Bir məhkumun bir günlük xərci 22 manat, 1 ayda 660 manatdır. Bu da orta aylıq əmək haqqından 1.3, dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdəki orta aylıq əmək haqqından 2.5 dəfə çoxdur. Bu vəsaiti ipotekaya yönləndirə bilərik”.
Komitə sədri Əli Hüseynli isə bildirib ki, borca görə cinayət məsuliyyəti əvvəlcədən də məcəllədə nəzərdə tutulmuşdu:
“Hazırda həbs cəzası ilə yanaşı daha yüngül cəza sayılan azadlığın məhdudlaşdırılması cəzasının tətbiqindən söhbət gedir. Yəni burada məsələ əslində cəzanın yüngülləşdirilməsidir”.
Birinci viste-spiker Ziyafət Əsgərov isə bildirib ki, layihə Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq, ümumilikdə cəzaların humanistləşdirilməsini nəzərdə tutur.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.