Günel Səfərova: “Vətəndaş cəmiyyəti sektoruna baxanda dövlətin nə dərəcədə demokratik olub-olmaması görünür”
Milli Məclis “Qrant haqqında” qanuna əlavə və dəyişikliklər etməklə vətəndaş cəmiyyətini çətin duruma salır. Hər halda III sektor nümayəndələri belə düşünür. Onlardan biri, “125-lər” Hərəkatının üzvü, hüquqşünas Günel Səfərova çox narahatdır. Günel Səfərova Meydan TV-yə müsahibəsində QHT sektorunu gözləyən çətinliklərdən danışıb
–
Günel xanım, vətəndaş cəmiyyətilə bağlı qanunvericiliyikdə nəzərdə tutulan əlavə və dəyişikliklərdə hansı məqamlar vəziyyəti ağırlaşdırır?
– Hazırda Milli Məclisdə “Qrant və ianələr haqqında” qanuna əlavə və dəyişikliklərin müzakirəsi gedir. Oktyabrın 16-da bir sıra QHT nümayəndəsi QHT-lərə Dövlət Dəstəyi Şurasında toplaşaraq, qanunun müəllifi, komitə sədri Əli Hüseynli ilə birlikdə bu məsələni müzakirə etdik. Görüşdə təxminən 30-dan artıq QHT nümayəndəsi və bəzi millət vəkilləri iştirak edirdi. Bilirsiniz ki, “QHT haqqında” qanuna son illərdə 3 dəfə dəyişiklik edilib, hər bir dəyişiklik də III sektorun fəaliyyətini məhdudlaşdırmağa xidmət edib. QHT-lər könüllü yaranan bir qurumdur, qanunvericiliyə görə, ya fond, ya da ictimai birlik kimi qeydiyyatdan keçə bilərik. İctimai birliklər maliyyəni əsasən qrantlardan alır. Azərbaycandakı ictimai birliklərin qrantlarına baxanda görürük ki, milli donor instititu çox güclü olmadığından əsas donorlar xaricilərdən ibarətdir. Hazırda hər hansı donordan qrant aldıqda qrantın müqaviləsini Ədliyyə Nazirliyinə təqdim edirik, nazirlik müqaviləyə baxır, yalnız “bildiriş” verdikdən sonra hesabımızdan o məbləği götürə bilirik. Əvvəlllər bu prosedur yox idi, müqavilə vardı, rəsmi sənədlə banka gedib maliyyəni götürə bilirdik. Lakin bu gün nazirlikdən bildirişin alınmasında problemlər var, 3 aydır heç bir QHT “bildiriş” almır, yaxud az sayda alır.
–
Almır, yoxsa ala bilmir…?
– Ala bilmir, daha doğrusu, nazirlikdən vermirlər, xüsusilə xarici donorlar üçün. Söhbət xarici donorlardan gedir. Bəli, Dövlət Dəstəyi Şurası, Gənclər Fondu donor olduqda nazirliklərdən “bildiriş” almaq asandır. Çünki onlar özləri alıb QHT-lərə təqdim edirlər. Bunun özündə də bir balaca təzadlar var.
–
Nədən ibarətdir təzadlar?
– Təzad ondan ibarətdir ki, Gənclər Fondu “bildiriş” alıb QHT-yə özü verir. Amma xarici donor layihə keçirdikdə, QHT özü nazirliyə müraciət edir. Burda subqrant məsələsi var. Tutaq ki, hansısa xarici fond Azərbaycandadır, onun da maliyyələşdirdiyi bir qurum var. Nazirlik isə onları subqrant hesab edir və deyir ki, qrantı kimin verməsi barədə müqaviləni gətirin. Əvvəllər belə tələb yox idi. Qanunvericilikdə gözlənilən əlavə və dəyişikliklər donorlara qarşı yönəlib. Yəni əgər xarici təşkilat Azərbaycanda fəaliyyət göstərmək istəyirsə, birinci, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir, ikinci, dövlətlərarası saziş imzalanmalıdır. Nəhayət, sonuncu, təşkilatın nümayəndəliyi və filialının Azərbaycan hökumətilə müqaviləsi olmalıdır. Ancaq bu gün yerli təşkilatların qeydiyyat problemi var, biz hələ xarici təşkilatları kənara qoyaq.
–
Komitə sədri Əli Hüseynliylə görüşdə bu məsələləri qaldırdınızmı?
– Bütün QHT-lər bu barədə danışdı. Ümumiyyətlə, oktyabrın 16-da keçirilən müzakirələrdə heç bir QHT əlavə və dəyişikliklərə müsbət rəy vermədi. Səbəb odur ki, QHT-lərin əksəriyyətinin qrantları xarici donorlardır. Gəlin, belə düşünək, tutaq ki, Norveç hökuməti hər hansı təşkilata qrant verir. Bunun üçün onlar Azərbaycan hökumətilə saziş imzalamalıdır. Sual yaranır; əgər müqavilə varsa, bu saziş nəyə görə imzalanmalıdır?
–
Bütün bunlara komitə sədrinin reaksiyası necə oldu?
– Əli Hüseynli layihənin müəllifi olsa da, görüşdə nazirliyin də nümayəndəsi iştirak edirdi. Onların mövqeyi budur ki, layihə QHT-lərə qarşı yönəlməyib, məqsəd şəffaflığı artırmaq və daxil olan qrantlara nəzarət etməkdir. Onlar səbəb kimi Azərbaycana mənşəyi bəlli olmayan qrantların gəldiyini və QHT-lərin müxtəlif siyasi fəaliyyətdə olduqlarını, dövlətçilik əleyhinə işlədiklərini dedilər. Onların yanaşmasında təzad da var. Təzad ondan ibarətdir ki, əgər bir QHT dövlətçilik əleyhinə fəaliyyətlə məşğuldursa, onu maliyyələşdirən bir qurum varsa, o, qrantı hesabına keçirmədən də edə bilər. Yəni hansısa formada pulu elə verə bilər ki, hökumət buna nəzarət də edə bilməz. Amma bu günə qədər qrantlar hesaba keçirilirdi və hansı fond tərəfindən verildiyi də bilinirdi. Eyni zamanda, fond vəsaitin bu və ya digər şəkildə hara xərcləndiyini bilirdi. QHT olaraq apardığımız mübarizə ondan ibaərətdir ki, sadələşdirilmiş sistem qurun, amma monitorinqi və qiymətləndirməni gücləndirin. Yəni layihənin monitorinqinə baxın ki, müqavilədə nəzərdə tutulmuş işlər necə həyata keçirilir? İndiyə qədər monitorinqlə bağlı mənim təmsil olunduğum QHT-yə və ekspert olduğum təşkilata heç bir müraciət olunmayıb. Başqa bir məqam, QHT-lər dövlətə dəstək üçün sosialyönümlü layihələr də icra edir, məsələn, aztəminatlı ailələrə yardım edir, su çəkir, bəzi səfirliklər məktəb, klinikalar inşa edir, yəni siyasi motivi olmayan layihələrdir. Bu yolla hökumət həmin layihələrin qarşısına sədd çəkmirmi? Statistikaya baxın, hansı beynəlxalq təşkilat son 3 ildə qeydiyyatdan keçib? “East West” adlı Amerika təşkilatı var, 3 ildir fəaliyyət göstərsə də, qeydiyyatdan keçirilməyib, yaxud NDİ də qeydiyyata alınmadı.
–
Mən bir daha sualımı təkrarlayıram; bunlar görüşdə səslındimi və komitə sədri Əli Hüseynli nə cavab verdi?
– Əsas reaksiya o oldu ki, dəyişikliklər və əlavələr yerli QHT-lərin əleyhinə deyil. Bizə dedilər ki, niyə narahat olursunuz, sizinlə işləmək istəyən donor gəlib nazirliyə müraciət edəcək və qeydiyyatdan keçəcək.
–
Amma Əli Hüseynli bu görüşdən əvvəl “xarici donorların bu qədər fəaliyyətinə ehtiyac görmürük” – deyə açıqlama vermişdi. Bu, QHT sektoruna bir mesaj deyilmi?
– Mən mətbuatda bununla bağlı məqalə də paylaşdım. Sual qoydum ki, xarici donorlar nəyə görə Azərbaycana lazımdır. Əsas tezisin bu idi: büdcəyə baxaq, misal üçün QHT-lərə Dəstək Şurasının büdcəsi 2 milyon, Gənclər Fondunun 5 milyondur, amma bunlar yerli QHT-lərin fəaliyyətini qarşılayacaq səviyyədə deyil. Mənim cavabım belədir. Çünki QHT-lərə Dəstək Şurası ildə bir dəfə 6-10 min manat qrant ayırır, Gənclər Fondundan qrant almaq üçün mütləq gənclər təşkilatı olmalısan, onlar da maksimum 15 min manat verirlər. Kobud hesablayaq, yerli donor 25-30 min dəyərində maliyyə ayırırsa, bununla hansı QHT öz fəaliyyətini davam etdirə bilər? Axı maaşları, administrativ xərcləri də nəzərə almaq gərəkdir.
–
Əli Hüseynli deyib ki,
xarici donorların
indiyə qədər ayırdığı vəsaitlərin çoxu məqsədəuyğun xərclənməyib, başqa məqsədlərə xidmət edib, çox ciddi pozuntular olub…
– Mən həmin araşdırmanı görməmişəm, sözlə nəsə deyilə bilər. Araşdırma necə aparıla bilər? Özüm təhsildə effektivlik sahəsində araşdırma aparmışam, bunun üçün foks qrupları olmalı, monitorinqlər keçirilməlidir, bütün bunlar isə cəmiyyətə açıq olmalıdır. Sual yaranır; cənab Hüseynlinin dediyi araşdırmadan QHT-lərin niyə xəbəri yoxdur? O zaman sadalansın, hansı QHT nə işlə məşğul olmalıdır?! Görüş zamanı həmkarlarımızdan biri dedi ki, siz bizə Azərbaycan əleyhinə donoru göstərin, özümüz onunla mübarizə aparaq. Əli Hüseynlinin çıxışından belə anlaşılır ki, sanki QHT-lər dövlətçilik maraqlarını satır. Niyə görə QHT-lərə bu cür yanaşırlar?
–
Özünüz qoyduğunuz suala necə cavab verərdiniz?
– Mən tamamilə deyə bilmərəm ki, siyasi fəaliyyətdə olmayan QHT-lər olmayıb. Amma siyasi institutların fəaliyyəti üçün Azərbaycanda münbit şəraitin olmadığını da nəzərə almaq lazımdır. Beynəlxalq fondların nizamnaməsində onların siyasi fəaliyyəti maliyyələşdirməsi qadağası var. Ola bilsin ki, müxalifətə yaxın QHT-ləri maliyyələşdirməkdə səbəb insan hüquqları, demokratiya amilləri də var. Hətta buna da haqq qazandırmıram, özüm bir müddət Avrasiya Əməkdaşlıq Fondunda çalışmışam, bizdə qaydalar çox sərt olub. Bəlkə hansısa QHT başqa mənbələrdən maliyyələşib, buna da çox fərdi yanaşmaq lazımdır. Ümumilikdə QHT sektoruna bu qanunu şamil etmək vətəndaş cəmiyyətinə ciddi zərbə vuracaq.
–
Konkretləşdirə bilərsinizmi?
– Əgər QHT-lər maliyyələşməsə, bu, onların regionlarda layihələrinin bağlanması deməkdir. Regionlarda elə QHT-lər var ki, üç rayonda ofisi, 20-30 işçisi var. Bunların bağlanması gənclər qrupunun itməsi deməkdir. Bu sıxışdırmalar maliyyənin Ermənistan və Gürcüstana yönəlməsilə nəticələnəcək. İkincisi, Azərbaycanın demokratik imicinə zərbə olacaq və bununla dini qruplar fəallaşacaq. İllərdir QHT-lər cəmiyyətlə dövlət arasında körpü rolunu oynayırdı, qanuna dəyişikliklər və əlavələr təsdiqlənsə, körpü sıradan çıxcaq.
–
Dəyişikliklər və əlavələrin qəbulu ehtimalı nə qədərdir?
– Bizi Milli Məclisin toplantısına bir gün qalmış müzakirələrə dəvət etdilər. Belə olanda nəyə təsir edə bilərik? Qanunda bildiriş maddəsi noyabrın 1-də qüvvədən düşəcək. Yəni istəsək də, istəməsək də, qanun qəbul olacaq. Lakin qanunun qəbulundan əvvəl İşçi Qrupunda bir çox QHT nümayındələri iştirak etməliydi. Ən azı müzakirələrdə onlar da sözünü deməliydi ki, praktiki baxımdan bunun mümkünlüyü nə qədərdir? Bəlkə pessimist görünürəm. Bəzi fikirlər var ki, yerli donorlar inkişaf edəcək və ümumiyyətlə, qanun yerli donorçuluğun inkişafıyla nəticələnəcək. Amma məsələ ondadır ki, Azərbaycanda fəaliyyət göstərən biznes strukturları, nazirliklər hansısa QHT-ni maliyyələşdirməkdə maraqlı deyillər. İllərlə fondlarla işləmiş şəxs kimi bu fikrimin üstündə dayanıram. Nazirliklər müxalifyönlü fikrini kənara qoyuram, tənqidçi QHT-lərə qrant ayırarmı? Yox! Çox spesifik məqamlar da var, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial məsələlərlə məşğul olan təşkilatlara qrant ayırır, nəyə görə onlar digər QHT-lərə qrant ayırmalıdır? Çünki bu, nazirliyin əsasnaməsinə uyğun deyil.
–
Bəlkə bu sualım sizə aid deyil, amma Əli Hüseynliylə görüşdə olmusunuz. Ondan öyrənmək, yaxud sual vermək olmazdımı ki, rəhbərlik etdiyi Hüquqşünaslar Assosiasiyasının aldığı bir milyon yarım dollarlıq qrant nəyə xərclənib? Ya da xarici qrantlar bu qədər pis və zərərlidirsə, niyə o, bu qədər fəal şəkildə USAİD-dən qrant almağa çalışıb?
– Toplantıda elə sual verilmədi, amma sual məntiqidir. Facebook-da özüm də sual etmişdim ki, bu məsələ nə üçün 6-7 ay gündəmə gətirilmirdi? O zaman dediyiniz sual da səsləndi. Mən özüm də Əli müəllimə bu sualı vermək istərdim. Nə vaxtsa, şans yaransa, bu sualı Əli müəllimlə müzakirə edərdim. Ümumiyyətlə, USAİD-in vətəndaş cəmiyyətinin inkişafında rolu danılmazdır.
–
Bu gedişatla siz də daxil olmaqla həmkarlarınızı nə gözləyir, siyasətə qoşulacaqsınız, yoxsa…?
– Mən onsuz da siyasətdəydim. Biz “125-lər Hərəkatı” parlament seçkilərində iştirak etmək niyyətindəyik. Artıq media bu barədə məlumatlıdır. İkincisi, ictimai vəkillik aksiyası keçirmək qərarına gəldik. Bu sırada Gəncədə, Bakıda fəaliyyət göstərən təşkilatlar var. Müzakirələrimiz zamanı Novella Cəfəroğluyla razılaşdıq ki, prezidentə etiraz məktubu göndərək. Bütün hallarda mənə elə gəlir ki, bu addımlar hakimiyyətin mövqeyinə müsbət təsir etməyəcək. Əslində, vətəndaş cəmiyyətilə dövlət arasında uçurum yaratmağa ehtiyac yoxdur. Sosial şəbəkələrdə prezidentə məktub göndərməklə bağlı müzakirə açmışam…
–
Əvvəllər də prezidentə bu yöndə müraciət olub, amma heç nə dəyişməyib…
– Nə vaxt?
–
2011-ci ildə
– Yadıma gəlir, amma prosesdə iştirak etməmişdim. 2009-cu ildə göndərdiyimiz müraciət təsirini göstərdi, qanun qəbul olunmadı. Mən sadəlövhcəsinə düşünmürəm ki, müraciət edəndən sonra hər şey yaxşılığa doğru dəyişəcək. Ən azı hakimiyyət bilməlidir ki, QHT-lərin əksəriyyəti dəyişikliklərə müsbət yanaşmır. Bu gün 3 min 500-dən çox QHT olsa da, yarıdan çoxu “ölü” qurumdur, qalanları da yerli fondlardan maliyyə alırlar.
–
Çox maraqlıdır, xarici fondlar daha çox hökumətin təsirində olan QHT-lərə qrant verirdisə, niyə onlar hədəfə alındı?
– Məncə, daha çox xarici fondlar balans yaradıb. 5 layihədən üçü hökumətyönlü təşkilata verilib.
–
Bəlkə daha çox olub?
– Ola bilər. Mən iştirak etdiyim layihələr barədə danışa bilərəm. Bəlkə son proseslərin hökumətin mövqeyinə təsiri olub, mən prezidentin AŞ PA-dakı çıxışını nəzərdə tuturam. Amma mənim üçün yenə də maraqlıdır, hökumət nümayəndələrinin dediyi araşdırmalar hardadır, hanı həmin sənədlər? Yəni xarici donorlar hansı QHT-ləri maliyyələşdiriblər ki, siyasi motivli olub?
–
Siz dövlətlə QHT sektoru arasında uçurum ehtimalını vurğuladınız, bəlkə ehtimaldan yox, reallıqdan danışaq?
– Ola bilsin. Çünki bir çox dostlarım QHT sektorunun fatihəsinin verildiyi qənatindədir. Biz sadəcə həmin uçurumun dərinləşməsini istəmirik. Çox yaxşı bir niyyətlə düşünürük ki, dövlət üçün faydalı işlər görə bulərik. Vətəndaş cəmiyyəti sektoruna baxanda dövlətin nə dərəcədə demokratik olub-olmaması görünür. Biz hakimiyyətlə QHT-lərin bir-birinə əks cəbhədə olması prosesini dayandırmaq istəyirik.
–
Dayandıra biləcəksinizmi?
– Mən yalnız ümid edə bilərəm.