Vəkil: “Hər ehtimala qarşı mövcud olmayan qərarlardan apellyasiya şikayəti verdim ki, birdən qərar olar, vəkildən gizlədərlər”
“Bu gün “QANUN NƏŞRİYYATI” MMC-nin yerləşdiyi binada Bakı şəhər Baş Polis İdarəsi tərəfindən axtarış və götürmə aparılması ilə bağlı məhkəmə qərarının olub-olmamasını, təxirəsalınmaz hallarda məhkəməyə məlumat verilib verilməməsini öyrənmək üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə və Bakı şəhər Xətai Rayon Məhkəməsində oldum. Hər iki məhkəmədən mənə bildirdilər ki, bununla bağlı məhkəmədə heç bir məlumat, qərar yoxdur. Hər ehtimala qarşı qeyd edilən məhkəmələrin axtarış və götürmə aparılması barədə mövcud olmayan qərarlarından apellyasiya şikayəti verdim ki, birdən qərar olar, vəkildən gizlədərlər”.
Məlumatı öz Facebook səhifəsində vəkil Elçin Sadıqov yayıb. Onun sözlərinə görə, “QANUN NƏŞRİYYATI” MMC-nin yerləşdiyi binada axtarış və götürmə qanunsuz aparılıb, axtarış və götürmə zamanı heç bir prosessual sənəd Şahbaz Xuduoğluna təqdim edilməyib:
“Hüquq-mühafizə orqanları tezliklə “QANUN NƏŞRİYYATI” MMC-nin yerləşdiyi binada bomba olması barədə məlumat verən şəxsin kimliyini müəyyən etməli, onu terror hadisəsi barədə yalan məlumat verməyə görə məsuliyyətə cəlb etməlidir. Polislərin partlayıcı maddənin axtarılması üçün tədbirlər görməməsi, ətraf binanın və yolların təhlükəsizliyini qorumaması onu deməyə əsas verirdi ki, bomba olması barədə polisin dedikləri bəhanədir.
Bildiririk ki, “QANUN NƏŞRİYYATI” MMC-nin Konstitusiyanın 28-ci, 47-ci, 50-ci, 58-ci maddələrində göstərilən hüquqları, o cümlədən İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci, 10-cu və 18-ci maddələrində göstərilən hüquqları kobud şəkildə pozulub”.