Mənbə: Meydan TV

Qan - çatışmazlığı dərd, varlığı qurtuluş yolu

Məqalə yeniləndi:  14 İyun 2020

Qan - çatışmazlığı dərd, varlığı qurtuluş yolu

14 iyun Dünya Qan Donorları Günüdür. Bu gün dünyada 2005-ci ildən qeyd olunur və avstriyalı həkim-immunoloq, 1930-cu ildə qan qruplarını tapdığına görə Nobel mükafatı almış Karl Landşteynerin şərəfinə adlandırılıb.

“Dəniz anemiyası”

Aprelin əvvəllərində ictimai fəallar, Qan Bankının donorları qan verməyə çağırış postunu aktiv şəkildə paylaşmağa başladılar. Belə ki, həmin günlərdə Qan Bankı ağır nəticələrə gətirib çıxara biləcək ciddi qan çatışmazlığı ilə üzləşmişdi.

Həmin vaxt Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva yerli mediaya karantin rejiminin tətbiqi nəticəsində qan donorlarının azalmasının talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən uşaqlar üçün problem yaratdığını bildirmişdi.

Məsələ ondadır ki, Azərbaycanda talassemiyadan əziyyət çəkən böyük bir qrupun daim qana ehtiyacı var.

Genetik qan xəstəliyi olan talassemiya qanda hemoqlobinin yaranmaması səbəbilə baş verir.

Xəstəliyin inkişafının səbəbi hemoqlobinin meydana gəlməsində iştirak edən zülalın - globin zəncirlərinin sintezi haqqında məlumat daşıyan gendə baş verən mutasiyadır. Nəticədə onun qanda istehsalı dayanır və ya az miqdarda baş verir və nəticədə qan hüceyrələri məhv olur və anemiya inkişaf edir.

Talassemiya hərfi tərcümədə “dəniz anemiyası” deməkdir və ona əsasən Asiyada, Şərqdə və afroamerikalılarda müşahidə olunur.

Xəstəliyin bu ölkələrdə yayılmasının səbəbləri hələ də dəqiq bəlli deyil.

Bir versiyaya görə, onun yaranması bir neçə əsr öncə Aralıq dənizi bölgəsində yayılan malyariya epidemiyası ilə əlaqədardır.

Nəticədə, bu ərazidə yerləşən ölkələrin əhalisinin bəzi üzvlərinin bədənində malyariya ilə mübarizə bəzi genlərin mutasiyasına səbəb olub. Xəstəliyin adı da buradan gəlir.

Azərbaycan talassemiyanın ən böyük ocaqlarından biri hesab olunur. Xəstəlik əsasən düzənlik ərazilərdə müşahidə edilir.

Onun ölkədə bu qədər geniş yayılmasının səbəbini həkimlər qohum evlilikləri ilə əlaqələndirirlər. Bu faktor dünyaya xəstə uşaqların gətirilməsi ehtimalını artırır.

Azərbaycanda hər 12 nəfərdən biri talassemiya daşıyıcısıdır. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə hər il 300 uşaq talassemiya ilə doğulur.

Ümumiləşdirsək, ölkə əhalisinin təxminən 6 faizi talassemiya daşıyıcısıdır.

Bu göstərici Cənubi Qafqaz ölkələri arasında Ermənistandan 1-2 faiz, Gürcüstandan isə 3 faiz çoxdur.

Xəstəliyin müalicəsi əsasən ayda bir neçə dəfə qan köçürülməsi ilə mümkün olur.

Məhz talassemiyanın yaranmasının və yayılmasının qarşısını almaq üçün ölkədə 2014-cü ildən Ailə Məcəlləsinə dəyişiklik edilib. Evlənmək istəyənlər sifilis, QİÇS kimi xəstəliklərlə yanaşı, talassemiya daşıyıcısı olub-olmadıqları haqda da arayış təqdim etməlidirlər.

Talassemiya daşıyıcılarında xəstəlik tamamilə simptomsuz ola bilər. Ancaq cütlüklərin hər ikisi talassemiya daşıyıcısı olarsa, onlardan doğulacaq uşağın talassemiya xəstəsi olmaq ehtimalı 25 faiz, talassemiya daşıyıcısı olmaq ehtimalı isə 50 faizdir.

Xəstəliyin şiddəti DNT-nin patoloji olaraq dəyişikliyə məruz qalmış sayından asılıdır: 1 dəyişdirilmiş gen olarsa, xəstəlik simptomsuz keçir, yəni, bununla insan xəstəliyin yalnız daşıyıcısı olur və onu uşaqlarına ötürə bilər; 2 gen - xəstəliyin mülayim bir gedişi; 3 gen - xəstəliyin ağır vəziyyətidir; 4 gen - həyata zəif uyğunlaşan nadir xəstəlik növü. Sonuncu növdə xəstəlik daha çox ölümlə nəticələnə bilir.

«Pandemiya vaxtı biz düşündük ki, bu sondur”

Qan donorlarının sayəsində normal həyatını yaşaya bilənlərdən biri də 10 yaşlı Kübradır. Kübra Əkbərovlar ailəsinin üçüncü övladıdır. O, doğulduqdan iki ay sonra bəlli olub ki, ona qan vurulmalıdır. İlkin olaraq alfa talassemiya diqnozu qoyulmuş Kübra və ailəsi bu balaca qızcığaza hər ay azı iki dəfə qan köçürmək üçün talassemiya mərkəzinə, dolayısı ilə qan donorlarına üz tutur.

„Karantin vaxtı biz fikirləşdik ki, vəssalam da, necə olacaq? Çölə buraxmırlar, çətinlik olacaq”, - Elməddin Əkbərov deyir.

Məsələ burasındadır ki, qan köçürülməsinin gecikdirilməsi çox ağır vəziyyətə gətirib çıxara bilər.

«Biz hərdən deyirik ki, talassemiya xəstələri 2-3 gün və ya bir həftə qan köçürülməsini gözləyə bilərlər. Bəli, onlar gözləyə bilərlər, onlara qan indi yox, deyək ki, 10 gün sonra da köçürülə bilər”, Azərbaycan Talassemiya Federasiyasının Prezidenti Nailə Quliyeva izah edir.

“Lakin buna görə, onların hemoqlobini düşməyə başlayacaq və qaraciyər, ürək, dalaq kimi orqanları sıradan çıxaracaq. Buna görə də biz xəstələrə qan köçürülməsinin vaxtında çatdırılmasına çalışırıq. Əgər uzun müddət gözləsələr, bu, xəstələrin ölümünə gətirib çıxaracaq”, - o əlavə edir.

“Qanı düşəndə çox pis olur vəziyyəti. Üşüyür, əlləri göyərir, gözünün altında kölgə yaranır, əsəbiləşir, yatanda çox narahat yatır, yeməkdən düşür”, - Kübranın anası Xuraman Əkbərova danışır.

Uşağın böyüməsi ilə onun qana olan ehtiyacı da artır. Əgər əvvəllər Kübraya bir paket - təxminən 350-400 qram qan vurulurdusa, indi ona bir dəfəyə iki paket qan lazım olur. Və ayda ona 2-3 dəfə qan vurdurmaq lazım gəlir.

Sosial şəbəkələrin Azərbaycan seqmentində tez-tez ictimaiyyətə qan istəkləri ilə bağlı müraciətlər yayılır.

Əkbərovlar ailəsi təsdiqləyir ki, onlar da Kübraya qan lazım olduqda bəzən sosial şəbəkədə qan donoru axtarıblar.

“Olurdu bəzən dost-tanışdan, iş yoldaşlarımdan istəməyə üzüm gəlmirdi. Utanırdım. O zamanlar da olub ki, pulla almışıq. Mən özüm elə olub tez-tez qan vermişəm ki, qızıma uyğun qan tapa bilim”, - Kübranın atası Elməddin Əkbərov deyir.

Daha sonra onlar sosial şəbəkələrə üz tutmağa qərar veriblər

«Qonşunun oğlu “Facebook”-da Kübraya qan donoru axtarmaq üçün səhifə açdı. Mindən çox tələbə qan verməyə hazır olduğunu bildirdi”, - Elməddin Əkbərov deyir, - “Telefonumuz susmurdu. Hamı gəlib qan vermək istəyirdi. Biz yönləndirirdik başqa uşaqlara, çünki onların da qana ehtiyacı vardı”, - o əlavə edir.

Mütəxəssislər donor qanına bu qədər çox ehtiyac olan ölkədə donor kimi fəaliyyət göstərmək istəyən insanların çatışmazlığının olduğunu söyləyirlər. Problem qan bağışlamaq ənənəsinin olmamasıdır. Yəni, Leyla Quliyevanın dediyi kimi, konkret bir şəxsin istəyi üzərinə qanvermə fasiləsiz və könüllü donorların qan verməsindən daha çoxdur.

“Qan donorluğu mövzusu daim diqqət mərkəzində olmalıdır”, - Nailə Quliyeva deyir.

O hesab edir ki, nəinki yalnız dövlət strukturları, müxtəlif qeyri-hökumət təşkilatlar, eləcə də məşhurlar bu məsələ ilə məşğul olmalıdırlar.

«Belə deyək də, şou-biznes ulduzları və ya ictimai xadimlər davamlı qan donorluğu haqda danışmalı, onun nə olduğunu, donorların özünə necə xeyirli olduğunu və onların kimə kömək etdiklərini izah etməlidirlər”.

Yüzlərlə insan Qan Bankının ehtiyat qanı olmadığı barədə açıqlamasına və əhaliyə gəlib qan vermələri çağırışna müsbət cavab verdi. Yeri gəlmişkən, həmin çağırışa ölkənin vitse-prezidenti Mehriban Əliyeva da qoşulmuşdu.

Aqşin İbrahimov sosial şəbəkələrdə çağırışa cavab verənlərdən biridir.

«Post aprelin 7-də yazılmışdı. Aprel ayının 10-da biz dostumla Qan Bankına qan vermək üçün getdiyimizdə bizə hələlik qana ehtiyacın olmadığını bildirdilər.

Yəni, artıq 2-3 günə yetəri qədər qan toplanmışdı”, - Aqşin deyir.

O deyir ki, Qan Bankından onların nömrələrini götürüblər ki, qana ehtiyac yaransa, əlaqə saxlasınlar.

Balaca Kübranın atası hesab edir ki, qan donorunu sosial mediada axtarmaq effektiv nəticə verir, lakin bu, problemin müvəqqəti həllidir və tez-tez qan çatışmazlığının yaranması maarifləndirmənin olmaması üzündən baş verir.

Halbuki Azərbaycanda hələ 2005-ci ildən bəri qanvermə aksiyasının təşviqi və könüllü qanvermə aksiyalarının aparılması, bunula bağlı afişaların çap edilməsi, sosial təbliğatla bağlı videoçarxların hazırlanması və ictimai yerlərdə yayılmasının təşkili və KİV-lərdə qan donorluğu haqqında məlumatların yayılması kimi dövlət proqramı həyata keçirilsə də, davamlı olaraq qan bağışlayan insanlar hələ də azdır.

“Donor olmaq – şərəfli iş”

Orxan Nəbiyev 2010-cu ildən könüllü qan donorudur və davamlı qan verdiyini deyir.

“Qan həyatdır və həyatı bölüşməliyik. Biz istəməzdik ki, sabah bizim də ailəmizdə hər hansı xəstə olanda, ehtiyac olanda biz ehtiyac içində qalaq. Ona görə də biz bunu etməliyik ki, bizim özümüz ehtiyac içində olmayaq. Çünki biz qan veririk və verdikcə də başqalarını da ilhamlandırırıq ki, bu təşəbbüsə qoşulsunlar”, Cənab Quliyev bildirir.

Nailə Quliyeva qan donorlarını “qəhrəman” adlandırır. Onun sözlərinə görə, dünyada qanı əvəz edə biləcək dərman preparatı olmadığına görə donor qanının qiyməti yoxdur.

O əlavə edir ki, qan verməklə donor nəinki qana ehtiyacı olanların həyatını xilas edir, bu, onun özünə də xeyirlidir.

“Donorluğun hesabına donorların qanı tez-tez yenilənir, bu, həm də onların immunitetini qaldırır. Bu, həmçinin insanda damarların vəziyyətini yaxşılaşdırır və ürək-damar xəstəliklərinin və insultun qarşısını alır”, - Nailə Quliyeva deyir.

O, əlavə edir ki, çox tez-tez öz sağlamlığının qeydinə daha çox qalan, üstəlik başqalarının yaşaması üçün məsuliyyət hiss edən şəxslər qan donoru olur.

“İnsan özü qurur hissi keçirir ki, sayəmdə - verdiyim qanın sayəsində hansısa uşaq 10-15 gün yaşayacaq. Bir insana həyat vermək nə deməkdir?! İnsanlar özləri düşünsünlər. Qan verənlər bilirəm ki, fikirləşirlər. Verməmiş insanlar, məncə, onu təsəvvürlərinə gətirsinlər ki, balaca bir qız, ya oğlan uşağı onların qanı hesabına 10 gün yaşayacaq. Ona görə qan versinlər, “ - Elməddin Əkbərov deyir.

Məqalə “Mediaşəbəkə”nin dəstəyilə hazırlanıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  14 İyun 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u03pmq

Ən çox baxılan