Qaluzinlə Lavrovun oxşar çıxışı: sülhməramlılar Qarabağda qalacaq, yoxsa?..

Rusiya sülhməramlıları. Foto: Kosmogenez/shutterstock

Elxan Şükürlü: “Müxalifət sülhməramlı mövzusunu məqsədli şəkildə şişirdir”

Oktyabrın 9-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Qarabağda müvəqqəti yerləşən sülhməramlı kontingentinə təlabatın olduğunu deyib.

Qaluzin bildirib ki, sülhməramlılar bölgədə uzun müddət qala bilərlər.

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov da oxşar məzmunlu çıxış edib.

O, sülhməramlıların Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb.

S.Lavrov həmçinin onu da deyib ki, ABŞ və Aİ-nin Azərbaycanla Ermənistan arasında münasibətlərə müdaxiləsi qeyri-sabitliyə səbəb olur.

Foto: Meydan TV
“Onlar İlham Əliyevin uğurunu bu ad altında kiçiltməyə çalışırlar”

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü Meydan TV-yə açıqlamasında Lavrovu haqlı sayıb.

O bildirib ki, 2020-ci il 10 noyabr Bəyannaməsindən sonra qərbyönümlü müxalifət sülhməramlı mövzusunu məqsədli şəkildə şişirdir:

Onlar İlham Əliyevin uğurunu bu ad altında kiçiltməyə çalışırlar. İkincisi də, Cənubi Qafqazda anti-rus nifrətini körükləməyə start verməklə Rusiyaya qarşı yeni cəbhə açmağa cəhd edirlər. Hər kəs Azərbaycan-Ermənistan, Qarabağ məsələsinin geopolitik savaş olduğunu bilir. Bu savaşın bir tərəfi Qərbdirsə, digər tərəfi Rusiyadır. Sülhməramlıların Qarabağda yerləşməsi geopolitik savaşın təzahürüdür”.

Əgər son 3 ildə Rusiya sülhməramlıları orada olmasaydı, Qərb ölkələrinin hərbçilərini gətirib, onların əliylə separatçılara istədikləri statusu verib, son nəticədə Qarabağı Azərbaycandan ayıracaqdılar. Buna əsas kimi Avropa Parlamentinin qətnaməsini və ABŞ Senatındakı dinləmələri göstərmək olar”, – deyə Şükürlü qeyd edib.

“Niyə Avropa İttifaqının “ətəyindən” yapışmalıyıq?!”

Onun sözlərinə görə, 2020-ci ilin oktyabrında Cenevrədə ABŞ 4 ölkənin hərbçilərinin Qarabağa yerləşdirilməsini təklif etmişdi:

“İkisi NATO ölkəsi, ikisi də bitərəf idi. Sonra onları da alyansa cəlb etdilər. Ümumiyyətlə, məsələnin nizamlanmasında sülhməramlı mövzusu həmişə olub. Sadəcə, Paşinyan Qərbi gətirmək istəyirdi, amma Azərbaycan seçimini Rusiyanın üzərinə etdi. Bu gün Putin, Əliyev və Ərdoğan, üçü də münaqişənin bitdiyini deyir, Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayırlar. Ancaq Avropa ölkələri əks mövqe sərgiləyirlər”.

Elxan Şükürlü. Foto: “strateq.az”

Mixail Qaluzinin münaqişənin bitmədiyi ilə bağlı açıqlamasına isə Elxan Şükürlü belə cavab verib:

Böyük savaş bitib, Ermənistan da məğlub olub və bunu 2020-ci il atəşkəs razılaşması təsdiqləyib. Ardınca 2023-cü ilin anti-terror tədbirləri ilə separatçı qurum özünü buraxıb. Rusiya Prezidenti məsələnin bitdiyini, Qarabağın da Azərbaycan ərazisi olduğunu söyləyirsə, Qaluzin ondan böyük fiqur deyil ki? Qaluzinin təlabat dediyi məsələ bizə görə deyil. Bu, Qərb-Rusiya savaşının bölgədəki təzahürüdür, savaş bitənə qədər belə fikirlər olacaq”.

Onun fikrincə, ABŞ və Avropa İttifaqı bu məsələdə Ermənistandan istifadə etmək istəyir:

Prezident 2023-cü ilin 20 sentyabrında xalqa müraciətində bildirdi ki, Cənubi Qafqaza uzanan əllər, qarşıdurma istəyənlər çəkilməlidir. Senat dinləmələrində dövlət katibinin müavini açıq şəkildə dedi ki, Ermənistan Çinə, Rusiyaya, İrana qarşı istifadədə lazım olduğu üçün müdafiə edilməlidir. Avropa Parlamentindəki dinləmələr isə Azərbaycan üçün “qırmızı cizgi”ydi. Bunları görə-görə niyə Avropa İttifaqının “ətəyindən” yapışmalıyıq?!”.

Cənubi Qafqazın təhlükəsizliyi 3+3 formatından asılıdır. Azərbaycan yeganə ölkədir ki, 5 ölkəylə quru sərhədi var, coğrafi üstünlüklərimizi kənara qoyub, niyə kənara baxmalıyıq? Ermənistanın təhlükəsizliyi də bu formatdadır. Biz ona nail olmalıyıq ki, Cənubi Qafqaz savaş meydanından qurtulsun. Bizim üçün yaxşı odur ki, Ankara-Moskva münasibətləri normallaşır və biz də bunun faydasını görürük. Qərb də bunu istəmir və Ermənistanı formata qarşı istifadə edir”, – deyə o, əlavə edib.

Partiya funksioneri onu da vurğulayıb ki, 2020-ci ildə Rusiya sülhməramlıları işğal altındakı ərazilərin qaytarılmasında Azərbaycana mane olmadı:

“Bircə anlıq təsəvvür edin ki, orada Qərb ölkələrinin silahlı qüvvələri olardı, biz antiterror əməliyyatlarını keçirə bilərdikmi?! Hələ öz ərazilərimizdən terrorçu separatçıları çıxarmışıq, bizi etnik təmizləmədə ittiham edir, hər şeyi görə-görə böhtan atırlar. Deməli, Rusiya sülhməramlılarını yerləşdirməkdə doğru addım atılıb, Moskva bizi Qərb təhlükəsindən qoruyur”.

Qaluzinin dediyi vəzifələr heç bir sənədlə müəyyənləşməyib”

Siyasi şərhçi Rauf Mirqədirov əksinə düşünür.

O deyir ki, sülhməramlıların Azərbaycan ərazisində qalması üçün hüquqi baza olmalıdır:

Hüquqi baza üçtərəfli bəyanata bağlıdır ki, bu sənəddə onların vəzifələri göstərilib. Amma Ermənistan artıq həmin bəyanatın tərəfi olmadığından sənəd artıq qüvvədən düşüb. Hətta bəyanatı ikitərəfli kimi götürsək, orada Rusiya sülhməramlılarının üzərinə qoyulan vəzifələr yoxdur. Onların iki vəzifəsi vardı: Biri Laçın dəhlizi idi ki, 19 sentyabr hərbi əməliyyatından əvvəl bu da əhəmiyyətini itirdi, çünki Azərbaycanın Baş naziri beynəlxalq hüquq normalarına uyğun olaraq nəzarət-buraxılış məntəqəsinin qurulması haqda əmr imzaladı. İkinci vəzifələri təmas xəttində atəşkəs rejiminə riayət edirdilər. Amma iki tərəf olmadığından bu vəzifə də yoxdur”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Mirqədirovun fikrincə, Qaluzinin dediyi vəzifələr heç bir sənədlə müəyyənləşməyib:

“Rusiya sülhməramlılarının Azərbaycanla erməni icması arasında siyasi və sosial-iqtisadi, humanitar məsələlərin həllində iştirakı lazım deyil. Bu funksiyanı daha etibarlı şəkildə BMT-in Bakı ofisi üzərinə götürə bilər, onsuz da onlar bu məsələlərin həllinə cəlb edilib”.

“Başa düşmürəm, separatçılar silahları kimə təhvil veriblər: Azərbaycana, yoxsa Rusiyaya?”

O, Rusiya Müdafiə Nazirliyinin 9 oktyabr bəyanatını absurd adlandırıb:

Sülhməramlılar 25 post yaradırlar, onun da 14-ü Azərbaycan hərbçiləri ilə birgə, əsas məqsəd də silahları mühafizədir. Başa düşmürəm, separatçılar silahları kimə təhvil veriblər: Azərbaycana, yoxsa Rusiyaya? Əgər silahlar Azərbaycana verilibsə, onların istifadə qaydası tamamilə fərqli olmalıdır, yəni lazım olmayanlar ya məhv edilməli, yaxud utilizasiya olunmalıdır, qalanları da satışa çıxarılır”.

“Həmin silahlar Azərbaycanın qənimətidir, istədiyi silah anbarlarına yerləşdirilməlidir. Bu mənada bu silahlar nədən Qarabağda qalmalı və xarici dövlətin ordusu cəlb olunmalıdır? Ona görə həmin bəyanat silahların gələcək taleyi ilə bağlı böyük şübhələr yaradır”, – Mirqədirov belə deyib.

Son baş verən hadisələr…

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.

Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içərisində 14 nəfər həyatını itirib.

Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub.

Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.

Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyatlara başladığını elan edib.

Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.

Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib.

Bu əməliyyatdan sonra rəsmi Yerevan 100 mindən artıq erməni sakinin Qarabağı tərk edərək Ermənistana köçdüyünü açıqlayıb.

Azərbaycan isə dinc erməni sakinlərin reinteqrasiya olunması ilə bağlı çağırış edib.

Müharibənin qısa xıronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu deyirdi və bu il sentyabrın 19-20-də bölgədə hərbi əməliyyat keçirib.

Ana səhifəSiyasətQaluzinlə Lavrovun oxşar çıxışı: sülhməramlılar Qarabağda qalacaq, yoxsa?..