Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində “İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri, “QHT işi” üzrə cinayət məsuliyyətinə cəlb olunmuş Qalib Bayramovun (Toğrul) məhkəmə prosesi keçirilib.
AzadlıqRadiosu xəbər verir ki, prosesə Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb.
Qalib Bayramov məhkəmədki çıxışında deyib ki, özünü təqsirli bilmir. O bildirib ki, özü qrant almayıb, sadəcə, bir neçə təşkilatın tenderlərinə qatılıb və onunla bağlanmış xidmət müqaviləsi əsasında layihələrdə ekspert kimi çalışıb.
“Bu, cinayət deyil. Mənim gördüyüm işi həmin dövrdə başqaları da görürdü. Lakin onların heç biri istintaqa cəlb olunmayıb. Əgər bu iş cinayətdirsə, niyə yalnız mən məsuliyyətə cəlb edilmişəm? Bunu ona görə demirəm ki, başqaları da cinayət məsuliyyətinə cəlb olunsun. Demək istədiyim budur ki, gördüyümüz iş cinayət deyil”, – iqtisadçı məhkəməsində belə deyib.
Heç bir partiyanın üzvü olmadığını, siyasi proseslərı qatılmadığını vurğulayan Q.Bayramov bildirib ki, layihələr çərçivəsində gördüyü işlərdən biri də dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasındakı tədbirlərin təşkili olub. O, həmin tədbirlərdə dövlət strukturlarının təmsilçilərinin iştirak etdiyini bildirib. Buna misal olaraq Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun adını çəkib. İqtisadçı deyib ki, bunu təsdiqləyən videolar internet resurslarında var.
Azərbaycanın “açıq hökumət” təşəbbüsünə qoşulan ölkələrdən biri olduğunu xatırladan Q.Bayramov vurğulayıb ki, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin proqramlarına birbaşa qatılmayıb, ancaq könüllü fəaliyyəti olub. O bildirib ki, bütün layihə və fəaliyyətləriylə bağlı yetərincə sənədlər, müqavilələr var.
“Qrant haqqında yeni qanundan sonra mən nə Azərbaycandan, nə də digər ölkələrin buradakı nümayəndələrindən qrant almışam. Yalnız tenderlərdə iştirak etmişəm”, – deyə o əlavə edib.
Qalib Bayramovun növbəti məhkəmə prosesi yanvarın 21-də davam edəcək.
Qalib Bayramov 2025-ci ilin martında başlamış “QHT işi” üzrə ittiham olunanvətəndaş cəmiyyəti üzvlərindən biridir.
“QHT işi” üzrə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Bu iş üzrə ittiham olunan Qalib Bayramov haqqında istintaq və məhkəmə dövrü üçün polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.