Qala qəsəbəsinin Stansiya Qala adlı ərazisinin sakinləri kommunal problemlərdən şikayətçidirlər. 20 ildən artıqdır bu ərazidə yaşayan sakinlər deyir ki, onlar illərdir içməli suyu pulla alırlar.
Sakinlərdən su əvəzinə yağış suyundan istifadə etməyə məcbur olduğunu deyənlər də var. Şikayətçilər bildirir ki, bu yaxınlarda evlərinin qarşısından qazıntı aparıb, su kanalı çəkiblər. Ancaq çəkilən su kanalı nazirlərdən birinin həyətinə gedir. Sakinlər kanalizasiya və nəqliyyat sistemindən də şikayətlənirlər.
Şikayətçilər deyir ki, onların evinin qarşısından hətta kənd Qalada yerləşən qoruğa, heyvanlar üçün də su çəkiblər.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Meydan Tv-yə bildirib ki, nazirlik avtobus probleminin həlli ilə bağlı tezliklə tədbir görəcək.
Şikayətçilərin problemləri ilə bağlı Qala stansiya bələdiyyəsinin sədr müavini Əkbər Kazımov bildirib ki, onlar vəzifəyə yeni gəldiklərindən hələ vəziyyətlə tanış deyillər. Lakin sakinlərin problemlərini həll etməyə çalışacaqlar.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sözcüsü Anar Cəbrayıllı da deyib ki, bəhs edilən ərazidə mərhələli şəkildə su kanalları çəkilir.
Qurum sözçüsü onu da bildirib ki, problemin həlli üçün büdcədən vəsait ayrılmasını gözləyirlər.