İllərdir davam edən münaqişədən sonra Ermənistanla Azərbaycan arasında daimi sülh yaratmağa yalnız vətəndaş cəmiyyətinin səyləri nəticəsində əldə ediləcək razılıq ilə nail olmaq mümkündür.
Yazı "
Al Jazeera
"da dərc olunub.
Ötən il Dağlıq Qarabağda 44 gün davam edən dağıdıcı münaqişədən sonra müharibə edən ölkələr arasında nəqliyyat əlaqələrinin bərpasına nəzarət etmək üçün yaradılan, Rusiya, Azərbaycan və Ermənistandan ibarət üçtərəfli işçi qrupunun ilk görüşü yanvarın 30-da Moskvada baş tutub.
Şübhəsiz ki, hər üç ölkənin Baş nazirinin müavinlərinin həmsədrliyi ilə keçirilən iclas Azərbaycan və Ermənistan arasında çoxdan bəri davam edən mübahisənin həlli yolunda mühüm bir mərhələdir. Bu diplomatik səylər və texniki razılaşmalar nə qədər vacib olsa da, öz-özlüyündə davamlı sülh yolu kimi görülə bilməz. Davamlı sülh, uzaq paytaxtlarda görüşlər keçirməklə deyil, xalqlar arasında barışıq yolu ilə əldə edilir.
Bir erməni və bir azərbaycanlı olaraq iki xalq arasında inamsızlığın davam etdiyini bilirik. Heç bir siyasi razılaşma 30 illik münaqişinin ayırdığı iki xalqı bir-birinə güvənməyə və barışmağa inandıra bilməz. Bununla yanaşı, Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti, iki icmanı bir araya gətirə biləcək və bir-birlərini anlamalarını təmin edəcək təşəbbüslər həyata keçirərək, həqiqi sülhə söykənən bir dayaq yarada bilərlər.
Münaqişələr, qələbə və ya məğlubiyyətlə başa çatsa da, barışığa əngəl olan digər bir maneə millətçiliyi artırır. Ermənistanda etirazçılar hesabı bərabərləşdirmək üçün paytaxt küçələrində yeni bir müharibə çağırışı edərək yürüş keçirirlər. Azərbaycanda isə Ermənistan üzərində çalınan qələbə hərbi paradlarla qeyd olunur. Hələlik ölkələrin heç biri münaqişəni arxada qoymağa və yaxşı qonşuluq münasibətləri qurmağa fokuslanmaq istəmirlər kimi görünür.
Müharibədən sonra milliyyətçilik hissləri azalsa da, ermənilərin və azərbaycanlıların bir-birlərinə qarşı olan qərəzlərini zaman keçdikdə sadə bir şəkildə unudacaqlarını gözləmək olmaz.
1994-cü ildə Dağlıq Qarabağda baş verən ilk müharibənin başa çatmasından bu yana iki cəmiyyət arasında heç bir qarşılıqlı real əlaqə qurulmayıb. Onların 20 ildən çoxdur ki, ortaq təcrübəsi olmayıb, bu xalqların hər biri kollektiv şəkildə düşüncələrində qeyri-real və qeyri-insani “düşmən” obrazı yaradıb. Onların tarixlə bağlı fikirləri də ayrılır: hər iki xalq özünü qurban, digərini təcavüzkar hesab edir.
Davamlı sülhün qurulması üçün çalışırıqsa, buna icazə verilməməlidir. Bir-birlərini başqa bir şey deyil, sadəcə düşmən olaraq görən iki cəmiyyəti bir araya gətirmək çətin olsa da, mümkündür.
Onların son bir neçə onillik ərzində ortaq təcrübəsi olmasa da, ondan öncə uzun müddət dinc şəkildə yanaşı yaşayıblar. Ermənilər və azərbaycanlılar bir əsr boyu Qarabağda kəndlərdə və şəhərlərdə yan-yana, eyni küçələrdə dinc şəkildə yaşayıblar. Əlbəttə ki, gənclərimiz o günləri xatırlamır, ancaq onların valideynləri xatırlayır. Münaqişəni başladan bu insanlar deyildi – əks tərəflərdə olan hərbi və siyasi liderlər idi. Bu konflikt həm ermənilərin, həm də azərbaycanlıların həyatını məhv etdi və hər ikisinin sülhdən qazanacağı çox şey var.
Ola bilsin ki, 1990-cı illərdən bəri insanların asan bir şəkildə unudub, bu mübahisə başlamadan öncəki hayata qayıtmasına mane olacaq çox hadisələr olmuşdu. Ancaq onlar bağışlamaq üçün cəhd göstərə bilərlər. Əlbəttə ki, buna nail olmaq üçün cəhd edə bilərlər.
Bunu etmək üçün vətəndaş cəmiyyəti bir vaxtlar sülh içərisində yaşayan yaşlı ermənilərlə azərbaycanlıları bir araya gətirmək üçün addımlar atmalıdır. Əgər köhnə dostlar və qonşular ortaq keçmişlərini xatırlamaq və pozulmuş münasibətləri bərpa etmək üçün bir yerə yığışsalar, uşaqlarına dinc şəkildə birlikdə yaşamağın mümkün olacağını göstərə bilərlər.
Köhnə dostlar video zənglər vasitəsilə və pandemiya başa çatdıqdan sonra üz-üzə görüşə bilərlər. Onlar yaşadıqları köhnə məhəllələrini birlikdə ziyarət edə bilərlər.
Hər yaşdan olan ermənilər və azərbaycanlılar müharibədən öncəki dövrdə bölgənin xristian və müsəlman xalqlarını bir araya gətirən Zərdüşt bayramı Novruzu qeyd etmək üçün bir yerə yığışa bilərlər. Ya da vətəndaş cəmiyyəti, iki cəmiyyətin bir-biri ilə qarşılıqlı əlaqə qurmasına imkan yaradacaq ortaq sənət festivalları, konsertlər və ya digər kütləvi tədbirlər təşkil edə bilərlər.
Biz nə etməməliyik? Onları iki xalqın tarixinin tək bir versiyada birləşdirməyə razı salmağa çalışmamalıyıq, çünki bu mümkün deyil. Bunun yerinə, hamımız tarixin “real” versiyasının olmadığını qəbul etməliyik.
Bəzi tarixi hadisələrə məhəl qoymamağa və ya unutmağa qərar versələr də, azərbaycanlıların Ermənistandan deportasiya olunması, Xocalı qətliamı, Sumqayıt və Bakı şəhərlərindəki hadisələri və bu kimi faciələrin bəzilərini hər iki xalq əbədi olaraq xatırlayacaq.
Hər hansı bir xalqı, ölkələrinin yaxın keçmişi haqqındakı düşüncələrinin səhv olduğuna inandırmağa çalışa bilmərik və bunu etməməliyik. Lakin həm azərbaycanlıların, həm də ermənilərin tarixi hadisələrin fərqli, ancaq eyni dərəcədə qanuni olan şərhlərin ola biləcəyini anlamasına imkan yarada bilərik.
İngilis tarixçi EH. Carrın düşündüyü kimi, "şərh tarixi faktları müəyyənləşdirmək üçün önəmli bir rol oynayır və mövcud olan heç bir şərh tamamilə obyektiv deyil, bir şərh digəri qədər yaxşıdır".
Xalqların hər biri tarixlə bağlı versiyasının və tarix anlayışının fərqli olduğunu qəbul edə bilsə, nəhayət, özlərinin haqlı olduğunu sübut etmək üçün çalışmağı dayandırıb, ortaq bir gələcək qurmağa başlaya bilərlər.
Barışıq əldə etmək cəhdlərimizə Ermənistan və Azərbaycan sərhədinin kəsişməsinə yaxın yerləşən gürcü kəndi olan Təkəli kəndində bir görüş keçirərək başlaya bilərik. Müharibə parçalamadan öncə cəmiyyətlərimizin nümayəndələri arasında mövcud olan əlaqələri bərpa etmək bir prioritetə çevrilməlidir, çünki siyasi liderlərimiz hər iki tərəf üçün keçərli olan sülh sazişi əldə etmək üçün cəhdlərini davam etdirirlər. Davamlı sülhə nail olmağın yeganə yolu budur.