“Universitetdə fəaliyyət göstərən müəllimlərin hamısı işdən azad olunub və onlar ölkələrinə qayıdıblar”
“Qafqaz Universitetində lazımi potensial, texniki baza var. Mən də rektor olaraq göstərilən etimadı doğrultmalıyam. Sözsüz ki, kadr və digər məsələlərdə ciddi dəyişikliklər, lazımi islahatlar olacaq”, – bir müddət öncə Bakı Ali Neft Məktəbinin idarəçiliyinə keçdiyi bildirilən Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədov belə deyib. Rektor APA-ya bildirib ki, sentyabrın 10-da kollektivlə görüş keçiriləcək və bir çox məsələlər müzakirə olunacaq.
O, əlavə edib ki, Qafqaz Universiteti heç vaxt Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməyib. Universitetin bağlanması söhbəti də olmayıb və bu gün sərbəst, özəl ali məktəb kimi fəaliyyət göstərir.
“Avqustun 5-dən Qafqaz Universitetində fəaliyyət göstərən müəllimlərin hamısı işdən azad olunub və onlar ölkələrinə qayıdıblar. Gedənlərin arasında ali məktəbdə rəhbər vəzifələr tutanlar da olub. Onların sayı müəllim və texniki işçilər də daxil olmaqla, 45 nəfər idi”, – Havar Məmmədov deyib.
O, vurğulayıb ki, hazırda ali məktəbdə yalnız azərbaycanlı müəllimlər fəaliyyət göstərir.
Bu il iyulun 20-də təsisçilərinin qərarı ilə Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlanmışdı. Məktəbin rəhbəri E.Qasımovun hər iki tədris müəssisəsinin rektoru funksiyasını yerinə yetirdiyi bildirilirdi.
“Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında fəaliyyətini davam etdirəcək. Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında daha da inkişaf edəcək”, o zaman Elmar Qasımov belə demişdi.
Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fətullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi.
Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Güleni Türkiyə hökuməti iyulun 15-də bu ölkədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır.