”Qafqaz Müsəlmanları İdarəsi kitabıma rəy verməməyi tapşırmışdı”

Elşad Mirinin kitabının çapına icazə verilmir

Source:
Elşad Miri
Elşad Miri


Elşad Mirinin kitabının çapına icazə verilmir

İlahiyyatçı Elşad Miri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib. Səbəb ilahiyyatçının ”İslamda yoxdur” adlı kitabının çapının qadağan edilməsidir. Komitənin ekspertiza şöbəsi kitaba mənfi rəy verib. Ekspertizanın rəyində yazılıb ki, kitabda ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər aşkar edilib, özəlliklə ”seyidlik” anlayışı və Peyğəmbərin məsumluğu məsələsinin mübahisələndirilməsi yanlış hesab olunub:

”Kitabda ənənəvi dini düşüncənin qəbul etdiyi yanaşma düzgün şəkildə əsaslandırılmadan rədd edilib”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Xalid Məmmədov təmsil edir.

İlahiyyatçı isə rəyin geri götürülməsini və kitabın çapına razılıq verilməsini istəyir.

Elşad Miri Meydan TV-yə deyib ki, qarşılaşdığı durum dini senzuradır.

Onun sözlərinə görə, hər hansı kitab nəşr etdirəndə müxtəlif nəşriyyatlara müraciət olunur, onlar da Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə göndərirlər. Komitə kitaba mənfi rəy verərsə, heç bir mətbəə çap edə bilməz:

“Mənim əsərimdə heç bir təhlükə yoxdur, əgər təhlükə olsaydı, Türkiyə nəşrinə icazə verməzdi. Faktiki olaraq, Azərbaycanda kitabımın çapına icazə verilməməsi dini senzuranın olduğunu təsdiqləyir”.

Elşad Miri məhkəmənin ədalətli qərar çıxaracağına ümid etməsə də, ekspertiza təyin olunacağını düşünür:

“Prosesdə dedim ki, mənim kitabıma rəy verəcək elə bir ekspert yoxdur, niyə özümüzü aldadırıq. Əgər Azərbaycanda məhkəmə çəkişməsi nəticələnməsə, müvafiq instansiyalara qədər davam edəcəm. Həqiqətən ayıb bir məsələdir, çünki kitabım başqa ölkələrdə də çap olunacaq. Gələn aydan qırğız dilində, ardınca ingilis və rus dilinə tərcümə olunub buraxılacaq. Fransız dilində çapı planlaşdırılır. Öz dövlətimdə yox, başqa ölkədə çap olunursa, bu, ayıb bir işdir”.

X.Məmmədov isə Azadlıq Radiosuna

deyib

ki, eyni kitabın başqa dillərdə xaricdə çap olunan variantları Azərbaycana gətirilə bilməz. Onun sözlərinə görə, bu addım cərimə cəzasına, hətta cinayət işi başlanmasına səbəb ola bilər.

İlahiyyatçı hesab edir ki, mənfi rəy Azərbaycan Konstitusiyasına da qarşıdır.

Onun fikrincə, İslamda istər seyidlik, istərsə də Peyğəmbərin məsumiyyətinin əksini tapmadığı haqda yazdıqları doğrudur:

”Şəxsən mən seyidəm. Amma hesab edirəm ki, kiminsə özündən asılı olmadan hansısa nəsillə qohumluğu ona əlavə imtiyaz yaratmamalıdır. Bu yanaşma Konstitusiyaya və qanunlara da ziddir. Konstitusiya deyir ki, bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Yaxud Quranda Musa Peyğəmbərin adam öldürməsindən bəhs olunur? Bunu Allah deyirsə, Dini Komitə necə əksini iddia edə bilər?”.

Xalid Məmmədovun “Kitabda ənənəvi dini düşüncənin qəbul etdiyi yanaşma düzgün şəkildə əsaslandırılmadan rədd edilib” fikrinə gəlincə, Elşad Miri deyib ki, Azərbaycan klassiklərinin bütün yaradıcılığı ənənəvi dini düşüncəyə qarşı mübarizə idi:

“Əgər belə deyilsə, Mirzə Cəlilin “Ölülər” əsəri yaranmazdı, yaxud Haqverdiyevin, Nərimanovun yazdıqları. “Molla Nəsrəddin” jurnalı bununla mübarizə aparıb. Təəssüf ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ənənəvi düşüncədə olan çoxlu ilahiyyatçı var və rəyi də onlar verir”.

Elşad Miri “İslamda yoxdur” kitabına qadağanın qoyulmasında Qafqaz Müsəlmanları İdarəsinin qeyri-rəsmi təsiri olduğunu düşünür:

“Mən kitabı komitəyə təqdim edəndə bildirmişdilər ki, bir nüsxə də Qafqaz Müsəlmanları İdarəsinə göndərilir. Onlar da əvvəlcədən Elşad Mirinin kitabına rəy verməməyi tapşırmışdılar. Bu mənada bəhanə tapa biləcəkdilərsə, rəy verilməyəcəkdi. Beləliklə, özlərindən bir bəhanə çıxardılar ki, guya əsas məsələ seyidliklə bağlıdır. Mənim vəkilim də sual verdi ki, Azərbaycan qanunvericiliyinə əsasən hamı qanun qarşısında bərabərdirdimi? Qarşı tərəf də “bəli” deyə cavab verdi. Vəkilim o zaman “heç bir sualım yoxdur” reaksiyasını verdi. Sual yaranır; komitə bu gün seyidliyimi müdafiə edir?”

Elşad Miri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ona münasibətinin son vaxtlar dəyişdiyini deyir:

“BMT-nin Əhali Fondu 8 il əvvəl mənim 4 kitabımı çap etdi. Amma kitablar 3 ayyarım gözlədildi. Səbəb o idi ki, kitabların birində sual verilir: Qadınları döymək olar? Cavab belədir: “xeyr, olmaz”. Yaxud islamda siğənin olmadığını yazmışdım. Həmin vaxt komitənin sədr müavini və ilahiyyatçılar yazdıqlarımın “Quran”-a zidd olduğunu iddia edirdilər. Sədr Mübariz Qurbanlı bildirmişdi ki, onun yazdıqları doğrudur. Yalnız bundan sonra kitablarım çap olundu. Təəssüf ki, sədr Mübariz Qurbanlı ilahiyyatla bağlı məsələləri komitədəki ilahiyyatçıların öhdəsinə buraxıb, onlar da istədikləri kimi rəy verirlər”.

Mübahisə predmeti ”İslamda yoxdur” kitabında İslam dinində sehr, siğə, huri, azyaşlıların evləndirilməsi, seyidlik, ölüyə “Quran” oxutdurulması, peyğəmbərlərin məsumluğu kimi məsələlərin olmamasından söz açılır.

Ana səhifəXəbərlər”Qafqaz Müsəlmanları İdarəsi kitabıma rəy verməməyi tapşırmışdı”