Viktoriya Lamasko: “Ermənistanda küçədə qadına söz atan kişi görmək mümkün deyil…”
Viktoriya Lamasko müasir rus rəssamlarındandır. Qadın, qadın haqları Viktoriyanın əsərlərinin əsas mövzusudur. Son bir neçə ildə Vika (dostları onu belə çağırır və bu, onun xoşuna gəlir) Orta Asiyanı, Qafqazı gəzərək, burda yaşayan qadınların həyatından silsilə rəsmli reportajlar edib. Onunla müsahibəmiz sərgisini keçirmək üçün gəldiyi Tbilisidə, qarşılıqlı anlaşma şəklində baş tutdu. Vika rəsmimi çəkmək, mənsə ondan müsahibə almaq istəyirdim. Hər ikimiz razılaşdıq.
– Viktoriya, tanışlıqdan başlayaq, valideynlərin kim olub, necə bir uşaqlıq yaşamısan?
– Mən Moskvadan elektriçkayla iki saatlıq yolu olan qədim və kiçik Serpuxov şəhərində anadan olmuşam. Atam “Metallist” zavodunda tərtibatçı-rəssam işləyirdi, anamsa ömür boyu Serpuxov mətbəəsində işləyib. Mənim peşəm – kitab rəssamı – valideynlərimin peşələrinin hibritidir; həm tərtibatla, həm də poliqrafiya ilə bağlıdır.
Serpuxov haqqında uşaqlıq xatirələrim: əsas küçə meşə gilənarı və yasəmən kolları arasında itən birmərtəbəli evlərdən ibarət idi. Rəssamlıq məktəbində plenerlərdə çəkdiyimiz quşlarçün düzəldilmiş yuvalar vardı. İndi o gözəlliyin izi də qalmayıb. Əksər Rusiya şəhərləri kimi Serpuxov da sıx tikilmiş binalarla pis hala salındı.
On doqquz yaşımda Moskvaya oxumağa gedib, elə orda da qaldım. İndi hiss edirəm ki, Rusiyada işləmək adamı sıxır. Bu, postsovet rəssamlığını tədqiq edən yeni layihəmin əsas yaranma səbəbidir.
– Niyə rəssam olduğunu soruşmayacam, çünki bildiyim qədər ya belə sualın cavabı olmur, ya da həddən artıq çox səbəb olur. Ancaq maraqlıdı, niyə məhz qadın mövzusunu seçdin?
– Mən həmişə sosial mövzularla işləmişəm: miqrantlar, pravoslav fəalları, uşaq koloniyaları, kənd məktəbləri, LGTB cəmiyyəti, müxalifət mitinqləri, TIR sürücülərinin tətilləri və s. adətən hər hansı sosial qrupun içərisində qadınlar ən diskriminasiyaya məruz qalan, ən hüquqsuz şəxslər olurlar. Yəni ilkin olaraq hansısa gender probleminə vurğu vurmaq istəməsəm də, qrafik reportajçün seçilmiş mövzudan mütləq “qadın məsələsi” ön plana çıxır. Məsələn, “Moskva “Ərzaqlar” mağazasının qulları” reportajında
http://www.wordswithoutborders.org/article/slaves-of-moscow
əsas mövzu müasir Rusiyada əmək qulları mövzusudur. Ancaq “Ərzaqlar”dan əsas işdən çıxarılanlar qadınlar imiş. Fiziki cəhətdən onların öhdəsindən gəlmək daha asandır. Həm də onları zorlamaq və qulluq zamanı dünyaya gəlmiş uşaqlarıyla şantaj da etmək olar.
İkinci səbəb – özüm qadınam və tez-tez qadın kollektivinə düşürəm. Dağıstana səfər haqqında reportajda da belə alındı.
http://www.colta.ru/articles/specials/9572
Dağıstan əhalisi ənənəçidir. Kəndlərdə hətta qadın və kişilər ayrı-ayrı yemək yeyirlər. Mən kişilərin arasında sərbəst otura, onların söhbətlərini dinləyə və onlarla bərabər şəkildə söhbətlərində iştirak edə bilməzdim. Ancaq qadınların yanında qadın təcrübəsini (qadın sünnəti, kişi idarəçiliyi, məişət zorakılığı, çoxarvadlılığa, geyim, təhsil, peşə öyrənilməsinə münasibət) anlatan şəxsi həyat hekayələri dinlədim. Bu problemlər reportajın əsas mövzusunu təşkil etdi.
– Sənin bugünkü Rusiya sisteminə etiraz edən insanlar haqda mühazirəni dinləmişəm. Pavlenski, Tolokonnikova kimi həmyerliləriniz aksiyalarla gündəmə gəldikləri vaxt sən məhz təmiz yaradıcı işi seçmisən. Eyni zamanda, bildiyim qədər, sən heç də apolitik adam deyilsən…
– Pavlenskinin və Pussi Riotun aksiyaları ilə piar apardığını sanmıram. Bir neçə illik həbsə atılmaq və psixiatrik xəstəxanada məcburi müayinəyə məruz qalmaq “özünü piar” üçün çox baha qiymətdir.
Onların etdikləri mənimçün qiymətlidir, lakin biz fərqli registrlərdə çalışırıq. Aksiyaçılar sürətli, yüksək mediatik səs-küy yaradan nəticələri gözləyirlər və buna nail olurlar. İşlərinin pis tərəfi ondadı ki, tez yanırlar (axı onlar öz bədənlərindən istifadə edirlər). Qanun çərçivəsindən çıxmadan daim “doza”nı qaldırmaq olmur. Siyasi, sosial qrafikada işləyən rəssam özü mediatik fiqura çevrilmir və heç bir qrafik iş mediatik uğur mövzusunda Müharibə qrupunun “FTX əsiri olan fallos”, möhtəşəm Pussi Riotla, yaxud Pavlenskinin “Hədə-Qorxu”su (FTX-nin yanan qapısı) ilə müqayisə oluna bilməz. Qrafik tamaşaçı ilə uzun illər sürəcək dialoqa girir. Əsərlər seriyaya, seriyalar siklə çevrilir. Mesajlar getdikcə çoxalır və ağırlaşır. Rusiya kimi ölkədə əksəriyyət qrafikanı aksiyalardan yaxşı anlaya bilir, çünki rəsm “normal incəsənət nümunəsi” kimi qəbul olunur, nəinki cəmiyyət içində keçirilən anlaşılmaz “provokasiya”.
– Qafqaz və Orta Asiyada olmusan. Hansı əsas həyat, xarakter, adət fərqi səni daha çox təəccübləndirdi?
– Hər şey fərqlidir. Heç bir orientalistik möhür və ümumiləşdirmə aparmadan nəyisə misal çəkmək çətindir. Təəssüf ki, Rusiya ilə Qafqaz və Orta Asiya arasında ən gözə çarpan fərq bu regionlardakı patriarxallıq, qadın üzərində hakimiyyət və onun seksual davranışının idarə olunmasındadır. Digər sosial aspektlərə qalınca, bir ölkənin içində paytaxt və kəndlər belə fərqlənir. Məsələn, Mahaçqala və Mokok kimi dağ kəndi tamam ayrı dünyalardır.
2015-ci ildə ilk dəfə Ermənistan və Gürcüstanda olmuşam. Onların ünsiyyət fərqi məni təəccübləndirmişdi. Ermənilərçün hər şeyin daxilinə nüfuz etmək, emal etmək, ciddi məsələləri düşünmək, müsahibinin danışığındakı ziddiyyətləri hiss etmək vacibdir. Gürcüstanda isə, məncə, əsas söhbətin rəvan getməsidir. Danışığın effektivliyinə və məqsədinə görə kiçik səhvlərin üstündən keçərlər.
– Qafqaz qadınları haqda sikllərindən birindən oxumuşdum ki, bir yaşlı qafqazlı xanım səni “özününkü” bilib, ana kimi qısa ətəyinizə irad bildiribmiş. Rus olduğunu bilən kimi isə münasibəti dəyişib. Sən tez-tez belə şeylə qarşılaşırsan? Qafqazlı kişilər də belə reaksiya verirlər?
– Ermənistan kimi monomilli ölkədə saçlarımın tünd rəngdə olması kifayət idi ki, məni erməni bilsinlər (mənsə heç erməniyə bənzəmirəm). Əvvəl özününkü bilib, sonra münasibətin dəyişməsi ancaq bir dəfə oldu.
Qafqaz kişilərinə gəlincə, şübhəsiz onlar rus qadınlarını daha əlçatan hesab edirlər. Müasir Rusiyada seksual əlaqələri olmayan qadın çoxsaylı təsadüfi əlaqələri olan qadından daha şübhəli qarşılanır. Seksual həyatının olmaması çox pisdir, az seksual münasibət də pisdi. Ona görə, doğrudan da, xeyli rus qadını seks xatirinə təsadüfi seksə hazırdırlar, lakin portnyoru özləri seçirlər. Bax, bu məqamı qafqaz kişisi anlamır və imtina alsa, kobudluq edə bilər.
Tiflisdə nömrəmi istəyən və axşam görüşməyi tələb edən taksi sürücülərinin əlindən bezar olmuşdum. Dağıstanda da evlilik təkliflərindən – Moskvada evi olan ikinci arvad pis olmazdı. Həm də rus arvadı dağıstanlı kişiyçün tamamilə müdafiəsiz adamdır, arxasında tuxum (qohum-qardaş) dayanmır axı.
Yəqin içlərində ən təvazökarı, ya da bəlkə sıxılmışı erməni kişiləri idi. Yerevanda küçədə qadına sataşmaq yaxşı sayılmır və bu, çox xoşdur. Yadıma gəlir, axşamdan xeyli keçmiş erməni rəfiqəmlə o qədər də təhlükəsiz sayılmayan rayonların birində oturacaqda dincəlirdik. Yanımızdan keçən kişilər sadəcə mədəni şəkildə bizimlə salamlaşırdılar. Rusiyada mən özümü belə sakit hiss etməzdim.
– Bu yaxında sənin Tbilisidə sərgin oldu. Gürcü tamaşaçısı haqda nə deyə bilərsən? Hansı suallar, şərhlər, reaksiyalar olurdu?
– Məncə, gürcü tamaşaçı üçün əsas rəngarəng, gözlənilməz obrazları görməkdir. Minimalistik sərgiyə gəlib, anlaşılmaz obyektlər haqqında uzun-uzadı izahatlar oxumaq onlarlıq deyil. Sərginin uğurunu nəzərə alıb demək olar ki, “gürcü formatına” düşə bilmişdim.
Tbilisidə oxuduğum mühazirələr də “gürcü formatına” salınmışdı – mən nəzəriyyə və təhlil hissəsini azaldıb maraqlı faktlar və şəkillər əlavə etməli oldum, auditoriyanın müzakirəsi üçünsə çıxışımda fasilələr etməli olurdum.
– Sənə sensitiv sualım var: Qafqazı gəzəndə Azərbaycandan, Bakıdan niyə yan keçdin?
– Ümid edirəm bu, müvəqqəti məsələdir. Mənim qrafik reportaj layihəmin tam olması üçün “Bakıya səfər” çox vacibdir.
– Və əlbəttə Azərbaycan haqqında. Ölkəmizə nə dərəcədə bələdsən?
– Bilirəm ki, Rusiyadakı kimi Azərbaycan iqtisadiyyatı da neft qiymətlərindən çox asılıdır. Ölkələrimiz arasında növbəti oxşarlıq hər cür fərqli düşüncəyə və vətəndaş təşəbbüsünə qarşı olan repressiyalardır. Bir dəfə azərbaycanlıların da iştirak etdiyi feministik görüşdə idim. Onların hesabatından bu nəticə hasil olurdu ki, Azərbaycanda qadın haqlarından danışmaq da siyasi təqib üçün əsas verən məsələdir. Müasir Azərbaycan cəmiyyətinin qapalılığı və repressivliyi Azərbaycana tədqiqat məqsədli səfərimi əngəlləyən səbəblərdən biridir.