Qadir İbrahimli: Bu il alıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə azalacaq

” Dövlət Statistika Komitəsinin məlumatı reallığa yaxındır”

Source:


“Dövlət Statistika Komitəsinin məlumatı reallığa yaxındır”

“Dövlət Statistika Komitəsinin (DSK) 2016-cı ildə Azərbaycan əhalisinin siqaret və spirtli içkilər də daxil olmaqla ərzağa 15 milyard manat xərcləməsi haqda məlumatı reallığa yaxındır”.

Bunu iqtisadçı Qadir İbrahimli deyir.

İqtisadçı Meydan TV-yə danışarkən deyib ki, Azərbaycanda bir nəfərin qida xərci ildə 1500 manatdır (aylıq 125, gündəlik 4 AZN):

“Bu hesabla 4 nəfərlik orta statistik ailənin aylıq qida xərci 600 manat edir. Təbii ki, bura kommunal (qaz, su, işıq), rabitə (telefon, internet), nəqliyyat, geyim və başqa xərcləri daxil deyil. Minimum əmək haqqı 105, orta aylıq əmək haqqı isə 491 manatdır. Əgər bunları da götürsək, orta statistik ailəyə minimum 800 manat lazımdır. Deməli, orta statistik ailə cari xərclərini qarşılamaq imkanında deyil. Əslində,Dövlət Statistika Komitəsinin məlumatı ölkədə böhranın olduğunun göstəricisidir”.

Qadir İbrahimlinin fikrincə, ildə 15 milyard manatın ərzağa xərclənməsi heç də yaxşı göstərici deyil:

“Bəlkə də komitənin məlumatları bütün məhsulları əhatə etmir.

Komitənin açıqlamasında deyilir ki, 2016-cı ildə ölkədəki pərakəndə ticarət şəbəkələrində 30.2 milyard manatlıq mal satılıb. Bu, əvvəlki illə müqayisədə 1.5 faiz çoxdur. Bunu təxmini doğru hesab etmək mümkündür, ancaq bizdə real statistika yoxdur. Azərbaycanın gömrük praktikasında bir çox məhsulun qeydiyyatdan gizlədilməsi tendensiyası var, ola bilsin, reallıqda rəqəm daha böyükdür. Bu, həm də gizli iqtisadiyyatın göstəricisidir. Bəli, nominal qaydada çox ola bilər, çünki ötən il 2015-ci illə müqayisədə qiymətlər xeyli artıb. Qiymət artımı hesabına nominal qaydada çox ola bilər. Ümumi götürdükdə, insanların real alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. 2015-ci ildə 50 manata aldığı ərzağa ötən il 70-80 manat xərcləyib. O baxımdan komitənin məlumatını birmənalı şəkildə mötəbər mənbə hesab etmək olmaz”.

Q.İbrahimli bildirir ki, 2017-ci ildə vəziyyət daha da pisləşəcək: “Komitə bu il də 15 milyard rəqəmini nominal olaraq saxlaya bilər. Ancaq devalvasiyanın doğurduğu inflyasiya əhəmiyyətli hissəsini “yeyəcək”. Çünki nominal ifadədə həmin göstərici sabit qala bilər, amma real olaraq alıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə azalacaq”.

Ana səhifəXəbərlərQadir İbrahimli: Bu il alıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə azalacaq