Qadınlar, bizi bağışlayın!

O təhqiri də bağışladım…

Source:

Uşaqlıqdan qatarla yol getməyə məndə xüsusi sevgi var. O sevgidən bu günə yalnız gecə yol gedərkən yol boyu dəmir yolunun kənarında yerləşən evlərə həyacanla baxmaq, evlərin qarşısında yanan işıq altında insan görəndə izahsız sevinc hissinin olması qalıb. Sürətlə yanından ötüb keçdiyimiz insanları görməyi nədənsə sevinc hissi ilə qarşılamışam, elə uşaqlıqda da, indi də.

Hələ yol boyu qatarın səsindən (az eşidilsə də) itlərin hürməsi, küləyin pəncərəyə çırpılıb qəribə səslər çıxarması, seçdiyim kitabı oxumaq… Bütün bunlar mənim üçün qatarla yol getməyin özləllikləridir, bütün bunlardan nə qədər uzun yol getsəm də bezmərəm, zövq alaram.

Amma heyf bu sükütu pozan, adi bir şeydən zövq almağa imkan verməyən insanlarla dolu olur qatar.

İki gün əvvəl rayonların birindən Bakıya yola düşdüm, uzun zaman idi qatarda yol getmirdim. Mənim gördüyüm qatar da xeyli dəyişmişdi, daha nə o iyrənc iylər, nə də narahat oturacaqlar var idi. Yeni qatarlar, işləməyən bəzi qanunlar işə düşmüşdü. Bunlardan bir də qatarda siqaret çəkməyin qəti şəkildə qadağan olması idi.

Mən özüm də siqaret çəkməsəm, narahatlıq hissi keçirən insanam. Amma qanunların belə işlədiyini görüb xeyli sevindim. Buna baxmayaraq, elə qatar yenicə yola düşmüşdü ki, bir neçə gənclə bələdçi xanımların davasına şahid oldum, onlar zorla bələdçilərin üstünə gedib, kənarda siqaret çəkmək istəyirdilər.

Xeyli sözləşəndən, bir-birinə ağır təhqirlər yağdırandan sonra axır ki, hər kəs sakitləşdi. Axır ki, gənclər də anladılar, qanunla icazə verilmirsə demək çəkmək olmaz. Siqaret çəkmək üçün bələdçiyə pul təklif edəni də oldu aralarında. Amma nə olsun, bələdçinin əlində deyildi yoxsa çayı, kofeni, soyuducuya ərzaq qoymağı, telefonu enerjiyə qoymağı və s. necə pulla satırdılarsa, siqareti də çəkməyi pulla satardılar.

Qatar stansiyaların birində on dəqiqəlik dayandı, yenə həmişəki kimi stansiyaların bu başından o başına düzülüb, bütün günü soyuqda titrəyə-titrəyə qatarların gəlməsini gözləyən, gələndə bir nəfərə də olsa siqaretdən, sudan satıb sevinən yaşlı qadınlar, yaşlı kişiləri gördüm. Hələ onları da əsəbləşdirən, onlarla zarafat edən, dolayan gəncləri də həmişəki kimi gözümdən qaçırmadım. Bizim vaqonda olan bələdçi gənc xanımla, vaqonumuzun qarşısında durub siqaret, su satan yaşlı qadının dialoqunu da qaçırmadım.

– Ay xala, su satmayın da icazə verin, biz də pul qazanaq. Axı onlar sizdən su alanda bizdən çay almırlar. Biz də sabaha qədər yatmırıq, ayaq üstə gəzişirik ki, heç olmasa çaydansa pul qazanaq da. Onsuz maaşımız bu əziyətimizə dəymirm. Hər yol gedəndə bu adamların içində nə qədər əsəb keçiririk, heç bilmirsiniz, hələ bu şəraitsiz vəziyyətdə bizi də yoxlayan, özümüzə yetməyən maaşımızdan pul tutan(rüşvət) insanları demirəm…

– Bala, mən də sənin kimi sabaha qədər bu soyuqda əsə-əsə gözləyirəm ki, qatar gəlsin bir dənə su satım, evimə çörək aparım . Mənim pensiyam mənə çatsaydı, nə gəlib burada soyuğun ağzında yem olub, su satardım, nə də sənin çörək puluna şərik olardım. Səni əsəbləşdirən adamlar məni də əsəbləşdirir. Sənin özünə yetməyən maaşından pul tutan işçilər, mənim də beş qəpik qazancımın yarısını tuturlar burada durduğuma görə…

Onların bu dialoqu çox söz deyirdi, nə qatarda olan adamların mədəniyyətsiz hərəkətləri, nə də bu dialoqun ağrısı qatarla yol gedəndə yol kənarında düzülən evlərin işıqlarından, hürən itlərin səsindən nə də əlimdə oxuduğum kitabdan zövq almağa imkan verdi. Amma bütün bunlar hələ azmış kimi, yol boyu bələdçi xanımlara olan hörmətsizlikdən keçirdiyim əsəb hissi, mənim də o insanlara görə təhqir olunmağım qabaqda idi…

***

Cəmisi bir-iki saat idi yol gedirdik, bu bir-iki saatda artıq bir neçə dəfə bələdçi xanımlarla kişilərin kobud rəftarını, onları aşağılamağını, onlara iyrənc-iyrənc sözlərin deyildiyini görmüşdüm. Elə qatara yenicə minmişdim ki, gördüm içəridə qırğındı. Gənclərdən hansısa gənc bələdçi xanımı kənara çəkib artıq ifadələr işlədibmiş, təhqir edibmiş. Səbəb isə onun öz işini görməsi olub.

Bələdçi xanım sadəcə bir neçə dəfə vurğulayıb ki, başqa vaqona keçmək olmaz, orada olan tanışların varsa da, düşəndə görüşə bilərsiniz. Sizin etdikləriniz bizə söz gətirir. Həm də buna icazə yoxdur. O gənc də öz növbəsində olmazın təhqirlərini yağdırıb gənc xanıma. Hələ ətrafda olan digər kişilərin də xanımın üstünə getməsi onu özündən çıxarıb, buna dözməyib ağladığını görəndə alnımdan soyuq tər açıldı.

İlahi! Nədir bu insanların içində olan qadın nifrəti, qadın düşmənçiliyi?!

Yol boyu onları necə narahat etdiklərinin, onlara necə ilişdiklərinin, necə baxdıqlarının şahidi oldum. Heç birindən nəzakətlə müraciət, nəzakətlə söz soruşmaq görmədim. Hamısı onlara düşmən kimi baxırdı, hamısı sanki onları öldürməyə hazır idilər. O qadınlara olan münasibəti görüb, müharibədə əsir düşən insanları xatırladım. Sanki o qadınlar vaqondakı kişilərin əsiri idilər. Onların gözünü ovmağa hazır idilər.

Hələ “yox” cavabı alsalar da, dönə-dönə nömrə istəməkləri, yatmaq təklif etməklərini demirəm. Bunları qadınlar gülüşlə qarşılayıb, mədəni şəkildə “yox” deyirdilər. Bunlar elə də problem deyildi, acgöz insanların dönə-dönə nömrəni ver deməsi, xanımın “yox” cavabından sonra təkrar dönə-dönə təhqir etməkləri, yatmaq təkliflərinə yox cavabından sonra dönə-dönə söyülən xanımlar o hadisələri gülüşlə qarşılayırdılar. Çünki artıq elə insanları çox görmüşdülər, onlara cavab qaytarıb əsəbləşmək istəmirdilər. Bütün bunlar gözümün qarşısında baş verirdi.

İlk dəfə deyildi qadınlara qarşı bu qədər hörmətsizlik, kobudluq, axmaqlıq, iyrənclik görürdüm. Amma bu hadisə məni lap çox sarsıtdı.

Gecəyarı oyaq idim. Bələdçi xanımlar gəzişərkən məni oyaq görüb dayandılar, biri o birisinə məni işarə edib: “bunların içində ən normal adam budur dedi”. Həmin ağlayan xanım da başını aşağı salıb, getdi. Elə bir az qabağa getmişdi qulaq şahidi olduğum söz məni dəhşət sarsıtdı: “Əşşi, nə normal ? Bunların hamısı eyni zibildir.”

Bu təhqir məni haldan-hala saldı, dəhşətli dərəcədə sarsıtdı. Amma bir qədər keçəndən sonra özümə gəldim, o qadını başa düşdüm. Onun məni təhqir etməsi problem deyildi, o insanlar bu neçə ildə cəmiyyətdə gördüklərini dilə gətirirdi, cəmiyyətdə gördüklərinə etiraz edirdi. Onu qınamağım, onun sözündən inciməyim yersiz idi. İçimdə sakitcə də olsa, qadını qınadığım üçün çox peşmanam, ondan üzr istəyirəm.

Ümumiyyətlə, həmcinslərimin elədikləri bütün kobudluqlara, təhqirlərə, qadınları incidən bütün hərəkətlərinə görə bütün xanımlardan üzr istəyirəm.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəQadınlar, bizi bağışlayın!