”Qadına onun güclü olduğunu göstərmək gərəkdir”



Mehriban Zeynalova: “Biz ailələri dağıtmağa deyil, qorumağa çalışırıq”


“Təmiz dünya” insan alveri və məişət zorakılığı qurbanlarına çevrilən qadınlar üçün ölkədə demək olar ki, yeganə sığınacaq yeridir. Cəmiyyətdə bu tipli qurumlara münasibət birmənalı deyil. Kimi belə müəssisələri qadınları zorakılıqdan, təhqirlərdən xilas edən yer, kimi isə qadınların ailəsini dağıtmağını asanlaşdırdan institut kimi baxır. Ekspertlərə görə, bu baxışların kökündə patriarxal ənənələr, lokal dəyərlər, milli-regional özəlliklər dayanır. “Təmiz dünya”nin rəhbəri Mehriban Zeynalova işlərinin özəlliklərindən, sığınacağın qurbanlarından və öz işində yoluna çıxan maneələr barədə Meydan TV-yə danışdı.


– Mehriban xanım, bir neçə il əvvəl bir layihə çərçivəsində öz gəncliyiniz, üzləşdiyiniz zorakılıqlar barədə etiraflarınızı oxumuşdum. Hüquqları tapdanan, zorakılığa məruz qalan qadınları müdafiə etmək arzusu o vaxtdanmı yaranmışdı?

 – Etiraf edim ki, onda qadın hüquqlarından xəbərdar deyildim. Bəlkə də bəziləri deyəcək ki, məhz o vaxtdan başladım. Yox. 1996-cı ildə qadın hüquqları müdafiə cəmiyyətində bir iclasa gəlmişdim. Elə oldu ki, iclaslar bir neçə dəfə həmin cəmiyyətdə keçirilməli oldu. Bu iclaslar hüquqlarını müdafiə etdiyimiz bir şəxsin komitəsinin iclası idi. Bir neçə iclasdan sonra cəmiyyətin fəaliyyəti ilə maraqlandım. Novella xanım təklif etdi ki, cəmiyyətə üzv olum. Böyük məmnuniyyətlə razılaşdım. İlk dövrlər ictimai vəkil kimi məhkəmələrə çıxırdım. Bilmirəm, demişəm, ya yox, bəzən yol pulum olmurdu. Avtobusdan arxa qapıdan düşüb qacırdım, amma qadınların məhkəməsində iştirak edirdim. Yaxşı uğurlarım vardı. Bax, o ərəfədə qadınların hüquqlarının necə pozluduğunu və zorakılığa məruz qaldığını müşahidə etdim. Daha doğrusu, həm də çox oxuyurdum. Novella xanım məni seminarlara göndərirdi. Qadın hüquqları və qadına qarşı zoraklığın mahiyyətini anlamağa başlayırdım. Bəsit də olsa, bəzi seyləri dərk edirdim.

Müdafiə etdiyim şəxslərdən biri bu yaxında mənə dedi ki, Mehriban xanım, siz filan ildə məni müdafiə etmisiniz. Soruşdum ki, nəticə necə olmuşdu? Dedi, uddunuz işi. Çox məmnun oldum. Amma qadın heç yadımda qalmamışdı.

1997-ci ildə Novella xanıma yaxınlaşdım ki, cəmiyyətin içində bir mərkəz yaratmaq istəyirəm. Dedi: “Buyur”. Bir əsasnamə hazırladım və o da təsdiq etdi. Novella xanım belə məsələlərdə innovativ insandı. Ona hər zaman borcluyam.


– Hər gün döyülmə, işgəncə, zorlanma, satılma, təhqir olunma barədə hekayətlər eşitmək, üstəlik, bu qadınlara kömək etmə borcu… Bütün bunlara dözmək çətindirmi? Sizə güc və stimul verən nədir?

– Bilirsiz həqiqətən hər gün yalnız neqativ məlumatlar eşitmək çox cətindir. Amma məncə, hərə dünyaya bir missiya ilə gəlir. Mənə elə gəlir ki, bu da mənim missiyamdır. Bəzən çox yoruluram. Bəzən düşünürəm ki, bəlkə dayanım. Bəlkə kimsə daha yaxşı bacarar. Amma bu fikri başa vurmağa imkan tapmıram. Yeni bir zəng və sən hər seyi unudub davam edirsən, çünki sənə pənah gətirib, səndən dəstək istəyənlər olur.


– Bu da var ki, bizim mental dəyərlər, ənənələr necə bir işgəncə ilə üzləşir, üzləşsin, qadına ərdən, ailədən şikayət etməyə qadağa qoyur. Bununla belə, qadın sığınacaqlarına üz tutanların sayı çoxdurmu?

– Əvvəlki stereotiplər təbii ki, mövcuddur. Mən hərdən düşünürəm ki, əsl zorakılığa məruz qalanlara bəlkə də əlimiz çatmır. Çünki onlar, siz dediyiniz kimi, dəyərələrə, ənənələrə o qədər bağlıdırlar ki, həyatlarını olduğu kimi davam etdirirlər. Bizə gəlib çatanlar daha güclü və daha kompleksizlərdir. Müraciət edənlərin sayı hədsiz çoxalır. Bu faktdı. Yadıma gəlir, 1998-2000-ci illərdə “Space” TV-də Aişə Kərimovanın verilişləri vardı. Orada qadına qarşı zorakılıqdan çox danışırdıq. Bir dəfə dedim ki, Aişə, dayanaq. Biz bəlkə də xeyirdən çox zərər verə bilərik. Nə qədər ki, xidmət paketləri yoxdu, bu çağırışlar ziyanlıdı. Yaxşı, çağırış etdik və qadın evdən çıxdı. Nə baş verəcək? Küçələrəmi düşəcəklər? Hardan dəstək alacaqlar? Hara gedəcəklər? Hansı qanuna istinad edəcəklər? Hesab edirəm ki, hansı təkliflə əvəzlənəciyini düşünmədən cağırış etmək ədalətsizlik və qarşı tərəfə zərər verməkdi. Bu prinsiplər həmişə qorunmalıdır. İlk öncə “mən kiməsə zərər vermirəm?” – deyə düşünməlisən. Bu gün istədiyimiz qədər olmasa da, xidmət paketləri və əsas məsələ – qanun mövcuddur.


– Sığınacağa üz tutan qadınlarla özünüz söhbət edir, məsləhətlər verirsinizmi? Məsələn, güclü olsun, işləsin, heç kimdən asılı olmasın?

– Sığınacaqda sistem ele qurulub ki, ilk öncə sosial işçilər söhbət aparır. Lakin əksər vaxt ilk görüşdə özüm də iştirak edirəm. Hər sosial işçiyə 5-7 nəfər təhkim edilir. Və onlardan görülən işlərin hesabı sorulur. Bu prosesdə psixoloq, hüquqşünas, həkim və s. də iştirakçıdır. Əsas məsələ müəyyən etməkdir ki, müraciət edənin problemi nə qədər təhlükəlidir. Bilirsiz, bəzən insana öz gücünü inandırmaq sözlə başa gəlmir. Ona o gücünün mövcudluğunu öz gözləri ilə göstərmək gərəkdir. Sadəcə “sən güclüsən” demək bəzən qarşı tərəfi qıcıqlandıra bilər. Odur ki, hər hadisə fərdi bir hekayətdi, bir psoxoloji xarakterdi. Xarakteri, gücü, emosiyaları müəyyən etməyincə, nəsə deməyə tələsmək olmaz.


– Olurmu ki, yanınıza gələn qadınları evlərinə qaytarsınlar deyə sizə hədə-qorxu gəlsinlər, sizi günahkar bilsinlər? Belə hallar olursa, adətən necə mübarizə aparırsınız?

– Bəzi hallarda olur. Düzdü, üz-üzə gələndə bu hədələr tam dayanır. Amma hərənin öz dili var, necə deyərlər. Hər halda əl yeri varsa və ya insan əsəbi vəziyyətdə bu sözləri deyirsə, qarşı tərəfi də anlamaq olar. Bunu şişirdib özünü qəhraman etməyə dəyməz. Bizim əsas marağımız ailənin dağılmamasıdır. Lakin elə hallar olur ki, artıq hüquq- mühafizə orqanlarına müraciət etməli oluruq. Qadına xatir, onun təhlükəsizliyinə görə.


– İstər qadın alverinin qurbanları, istər məişət zorakılığı qurbanları olsun, cəmiyyətdə qadını rahatca bu qurbanlara çevirən əsas səbəb nədir? Bəllidir ki, ümumiləşdirmək olmaz, amma illərin təcrübəsindən doğan müşahidələr var hər halda…

– Bu, çox maraqlı sualdır. Çünki bəziləri hesab edir ki, məişət zorakılığı və insan alveri qurbanları fərqli məsələlərdi. Bəli, razıyam, biri gəlir əldə etmək məqsədi ilə edilir, digəri isə öz hakimiyyətini bərqarar etmək üçün çalışır. Hər iki problemdə açar sözlərə diqqət edək; “güc”, “ağalıq”, “asılılıq”, “hədələmək”, “nəzarət” və s. Bu sözlərin hər biri zorakılıq üçün əsas indikatordur. Hər iki problem cinayət tərkibli olmaqla – şəxsiyyətə qarşı yönəlikli cinayətdir. İndi isə ictimai fikirdə problemə, yanaşmaya diqqət edək. “İnsan alveri qurbanları- fahişələrdir”, “onlar nə üçün getdiklərini yaxşı bilirdi”, “dana göz eləməsə, buğa sıçramaz” və s. kimi yanaşmalar əksər vaxt problemin mahiyyətini dəyişir və cinayət qurbanının ittiham olunması ilə nəticələnir. Məişət zorakılığı qurbanları haqqında ictimai rəy isə belədir: “dilsiz-ağızsız”,”yazıq”, “aciz”, “biçarə” və s. Amma nəzərə alaq ki, məişət zorakılığı qurbanları haqqında da stereotiplər dəyişmək üzrədir. Belə ki, “düz adam olsa, ayrılmazdı”, “ölərdi, amma ailəsini atmamalıydı”, “yəqin yenisini tapıb” və s. Məhz bu cür ifadələrə və cins anlayışına görə hər iki problem gender əsaslı zorakılıq hesab edilir.

– Digər səbəblər də çoxdur. İlk səbəb onu deyim ki, qadının şər qüvvə hesab edilməsidir. Bir dəfə mən bir tədbir keçirdim. Orda müxtəlif atalar sözləri və zərb məsəlləri toplayıb divarlara vurmuşdum. Biz irəli getmək, qadını yüksəltmək əvəzinə geri gedib daşlaşmış stereotiplərə daha çox tapınmağa başlamışıq. Ən böyük səbəb isə mənəvi-əxlaqi dəyərləri bayraq etməkdir. “Əxlaq nədir” sualını versən, o adamlar bəlkə də cavab tapmayacaq. Amma qadını əxlaqla vurmaqla onun üzərində hakimiyyətlərini bərqərar etməyə çalışırlar. İkinci bir məsələ, mən həmişə deyirəm ki, güclü kişi qadını aciz etmir, onu öz yanında güclü görmək istəyir. Zorakılıq törədənlər kifayət qədər aciz və zəif kişilərdi. Onlar qadının ondan ağıllı və güclü olduğunu gördükdə zor gücü ilə onu tabe etdirməyə calışanlardı.


-Bu illər ərzində heç xoşbəxt sonluqların şahidi oldunuzmu? Məsələn, zorakılığa, haqsızlığa məruz qalan qadınların iş tapması, karyera qurması, özünə və uşaqlarına gözəl gələcək qurması kimi?

Əlbəttə, əks halda çoxdan fəaliyyətimi dayandırardım.

Hazırda sığınacağımızda 3 gənc qız var, qəti idarə edilən deyildilər. Bəzən əlim-qolum belə yanıma düşürdü. Lakin bu gün onlara baxıram, sevincdən urəyim əsir. Peşə liseyinə qəbul olunublar, gələcəkdə daha hansı təhsil ocagına gedəcəklərini müzakirə edirlər.

Yazmışdım bir dəfə. Yəqin bilirsiniz, mənim özüm övladımla birgə uzun müddət ofisdə yaşamalı olmuşdum. Birotaqlı ev alanda ilk sakinim bir surroqat ana oldu. Evə köçməmiş onu evdə yeləşdirdim. Özüm səfərdəydim. Körpəsi ilə xəstəxanadan evə gətirilirdi. Uşağın adnı da biz qoyduq – Nicat. 13 ildən sonra mənə bir xanım zəng vurdu. Salam, filankəsəm. Dedim, tanımadım. Dedi: “Nicatın anasıyam”. O qədər belə hadisələr var ki…


– Mehriban xanım, bu illər ərzində fəaliyyətinizlə bağlı kimlərdən dəstək görmüsünüz? İstər maddi, istər mənəvi, istər təşkilati…

– Ən böyük dəstəyim övladlarımdı. Mənəvi baxımdan. Onlar mənə əvəzsiz dəstək olublar. Daha sona Novella xanım mənim ayaq acmağıma, formalaşmağıma böyük dəstək olub. Yadıma gəlir, “525-ci qəzet”də Rövşən vardı, mənim fəaliyyətimin ictimailəşməsində onun xüsusi rolu vardı. İdeyalarımı, fikirlərimi gözəl qələmə ala bilirdi. Hətta bəzən mənimlə birgə küçədə həssas qrupların toplaşdığı məntəqələrə gedir və reportajlar hazırlayırdı. Aişə Kərimovaya minnətdaram, TV eksperti kimi tanınmama dəstək olub, mənə inanıb. Ümumiyyətlə, bu gün KİV nümayəndələrinə hər zaman borclu olduğumu deməkdən cəkinmirəm və onlara minnətdaram. Polşadan Kşiştov Stanovski adlı təlimçi vardı. O, layihə yazmağımda müəllimim olub, ona borcluyam.

Mən bu işdə layihələrdən başqa kimdənsə maddi dəstək almamışam. Amma mənəvi dəstəyim çox olub, saymaqla bitməz . Daxili İlşər Nazirliyindən dəstəyim və əməkdaşlığım həmişə bu mübarizədə mənə köməkdir. Bu yolda çoxu mənə dəstək olub. Hətta yardım göstərdiyim insanların uğur hekayəsi belə mənəvi dəstəyin göstəricisidir. Mənə dəstək vərən uşaqdan böyüyə hər kəsdən haqqının halallığını istəyirəm Çünki onlarsız mən bacarmazdım.

Ana səhifəVideo”Qadına onun güclü olduğunu göstərmək gərəkdir”