“Qadın üçün 16 gün”

“Oxfam-Azərbaycan” Gender Əsaslı Zorakılıqla bağlı kampaniya keçirir

Source:

“Layihə çərçivəsində tərəvəz və çiyələk yetişdirilməsində fəaliyyət göstərən fermerlərlə işləyirik. Beş Aran rayonu – Bərdə, Yevlax, Ağdam, Tərtər, Goranboy – bu rayonlardan 50 kəndi götürmüşük. İşlədiyimiz 3 min fermerdən 1500 nəfəri qadındır. İstədyimiz odur ki, işlədiyimiz kiçik fermerlər tərəvəz istehsalında artıma nail olsunlar. Buna da maarifləndirmə, yeni texnikanın işlədilməsi və həmçinin toxum istiqamətində görəcəyimiz işlərlə nail olmaq istəyirik” – “Oxfam Azərbaycan” təşkilatının nümayəndəsi Ramilə Aslanova bildirdi.

Bu gün Avropa İttifaqı və “Oxfam Azərbaycan” nümayəndəliyinin dəstəyi ilə gerçəkləşən “Azərbaycanda milli strategiya və kiçik fermer təsərrüfatı vasitəsilə ərzaq təhlükəsizliyini təkmilləşdirmə” layihəsi barədə media və vətəndaş cəmiyyəti nümayələri məlumatlandırdı. Bu haqda məlumat verən kənd yerlərinin inkişafı layihəsinin meneceri R.Aslanova təkbaşına təsərrüfatlarını idarə edən qadınlara qarşı daha həssas yanaşdıqlarını vurğuladı.

“Bəzi sahələr var ki, qadınlar orda aktivdir. İstər istehsalında, istərsə də satışında. Bu sahələrdən biri çiyələk istehsalıdı. Kiçik bir ərazidə qadın çiyələk əkib, pul qazana bilər. Çiyələyə 3 min tona yaxın tələb var. Bu da həm qidalanma, həm də emal üçündü. Araşdırdıq ki, fermerlərimiz yerli çiyələk əkirlər. Cəlilabadda Amerikadan gətirilmiş “Viktoriya” sortu olan çiyələk olduğunu öyrəndik. Əvvəlki mərhələlərdə sınaq şitillikləri saldıq və məqsədimiz 1000-ə yaxın çiyələk əkən və onun 80 faizi qadın işçi olmaqla bu yeni növü insanlara çatdırmaqdı” – söylədi R.Aslanova.

Qadın və ərzaq təhlükəsizliyi mövzusunu davam etdirən Mətanət Qəhrəmanova ərzaq təhlükəsizliyinin 4 elementini qeyd etdi: “Ərzağın mövcudluğu, ərzağın istifadəsi, əlçatanlığı və stabilliyi. Əlçatanlıq məsələsində həm iqtisadi, həm də fiziki mənada nəzərdə tutulur. Ölkə üzrə mövcud işçi qüvvəsinin 22 faizi kənd təsərrüfatında çalışır ki, onların 52,6 faizi qadınlardır. Bu fakt qadının ərzağın mövcudluğunda böyük rolunu göstərir. Ancaq Statistika Komitəsinin məlumatına görə isə, qadınlara kənd təsərrüfatı sahəsində kişilərlə müqayisədə daha az kredit verilir”.

Layihə çərçivəsində mediada kampaniya aparılması da nəzərdə tutulur. Kampaniya “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəaliyyət” adlanır ki, 1991-ci ildə Qlobal Qadın Liderliyi Mərkəzinin dəstəyi və Qlobal Qadın Liderliyi İnstititunun təşəbbüsü ilə başlayan beynəlxalq kampaniyadır. Bu haqda gender üzrə Milli Proqram əməkdaşı Günel Mehdiyeva danışdı: “Zorakılıq təkcə fiziki deyil, iqtisadi, psixoloji formalarda da baş verir və birbaşa qadınların rifahına təsir edir. Bu baxımdan, “Oxfam Azərbaycan” Gender Əsaslı Zorakılığa qarşı 16 günlük kampaniya müddətində qadınların-qadın fermerlərin ərzaq təhlükəsizliyinin komponentləri üzrə üzləşdiyi problemləri araşdırmaq və ictimaiyyətin diqqətini bu sahədə olan problemlərə yönəltmək üçün qadınların ərzaq təhlükəsizliyindəki rolu ilə bağlı “Qadın üçün 16 gün” adlı yazı və video müsabiqə elan edir”.

Müsabiqədə jurnalistlər, vətəndaş jurnalistikası ilə məşğul olanlar, QHT nümayəndələri, iqtisadi və sosial araşdırmaçılar, araşdırma mərkəzləri-tədqiqat institutları iştirak edə bilər. Mövzular:

1. Qadınların ərzağa əlçatanlığında üzləşdiyi maneələr (iqtisadi, fiziki, hüquqi və s)

2. Ərzaq təhlükəsizliyi və digər kənd təsərrüfatı ilə bağlı son dövrlərdə həyata keçirilən siyasi islahtlar qadınların/qadın fermerlərin rifahına necə təsir edib?

3. Qadınların təhlükəsiz qida təminatındakı rolu Azərbaycanda əhalinin sağlam inkişafına necə təsir edir?

4. Qadınlara qarşı zorakılığın iqtisadi təsiri nədir?

5. Qadın fermerlərin kənd təsərrüfatı məhsullarının istehsalında rolunu məhdudlaşdıran amillər və onun aradan qaldırlması yolları

Təqdim olunan yazı materialları 1500 sözdən çox olmamalı, mətn “Times New Roman”14 şriftində yığılmalı, sərlövhələr 16 şriftlə yazılmalı, istifadə olunan mənbələr qeyd olunmalı, işlənmiş və dərc olunmuş mövzular təqdim oluna bilməz və plagiata icazə verilmir. Təqdim olunan videolar isə sənədli 5 dəqiqədən çox olmamalıdı.

Yazı müsabiqəsinin qaliblərinə müvafiq olaraq 1-ci yer 300 AZN, 2-ci yer- 200 AZN və 3-cü yer üçün 150 AZN pul mükafatı veriləcək.

Video müsabiqə üçün yalnız bir yer nəzərdə tutulub – 300 AZN.

Ana səhifəXəbərlər“Qadın üçün 16 gün”