“Qadın nə geyinməlidir” diktaturasına qarşı…
Özümü normal insan hesab edəndən bəri, geyimlə bağlı bircə prinsipə riayət etməyin tərəfdarı olmuşam: geyim qanundan yox, etiketdən asılı olmalıdır. Qanun onu pozana cəza, etiket isə ona əməl etməyənə naqolay vəziyyət, mənfi ictimai rəy vəd edir. Geyim – hər bir insanın özünün, inamının, zövqünün, dəyərlərinin, ovqatının (başqalarına zərərsiz və təhlükəsiz) ifadəsidir ki, bu ifadəyə görə cəza verilməsi absurddur. Buna görə də, qadın ya kişi olsun, gey və ya biseksual olsun, geyimin qanunla tənzimlənməsi yolverilməzdir.
Həmçinin, özümü normal insan hesab edəndən bəri, insanın seksual partnyorlarının sayı, seksual təcrübəsinin az və ya çox olması, eyni vaxtda tək, yoxsa çox partnyora üstünlük verməyi məni maraqlandırmır. Necə deyərlər, insanın nəyi etməli olduğunu Vergilər Nazirliyi, nəyi etməməli olduğunu isə Cinayət Məcəlləsi diqtə edir. İnsanın öz bədəni ilə necə davranmalı, ya da necə davranmamalı olduğu barədə isə bu iki mənbədə heç bir göstəriş yoxdur.
İyirmi birinci əsrdir.Amma sekulyar, yoxsa dini olsun, respublika ya monarxiya sistemi olsun, Şərq ya Qərb olsun, bütün dünya hələ də qadının geyimindən və bədənindən əl çəkmir. Bütün dünya! Sadəcə, azı və ya çoxu var. Sadəcə, feminizmin aktiv olduğu və olmadığı ölkələr var. Sadəcə, istisnalar və müəyyən şərtlər var. Amma ümumi mənzərə dəhşətlidir.
Qadın əşya kimi satılır. Qadın seksual kölə kimi görülür. Qadına vəhşi təbiətdə olduğu kimi “ana”, “dişi” rolu verilir və uşaqla bağlı qayğılar yüklənilir. Qadının bədəni müdaxiləyə məruz qalır. Qadının aldığı cinsəl həzz nəzarət altına alınır. Qadının seksual partnyorları hesablanılır və bu partnyorların çoxluğu “onu gözdən salır”. Qadının elmdə, fəlsəfədə, ədəbiyyatda, kinoda rolunun nə olacağı ona başqa cins tərəfindən diqtə olunur.
Fransa kimi bir ölkədə, maarifçiliyin, humanizmin, sənətin, ədəbiyyatın ən şanlı tarixini özündə yaşadan bir ölkədə, qadının geyim azadlığı boğulur. Qadının müəyyən qaydalara əməl edərək geyinməsinə etiraz edən insanlar qadını müəyyən qaydalara əməl edərək, geyinməsinə çalışırlar. “Qadın belə geyinməlidir” diktaturasına qarşı “qadın belə geyinməməlidir” diktaturasını qoyurlar.
Bikininin azadlığını tanıyan ölkə, hicabın azadlığını tanımırsa, bu, biabırçılıqdır. Qadının harasını açıb, harasını örtməli olduğunu nəinki nizamlayan, hətta müzakirə edən bir cəmiyyət, sağlam ola bilməz.
Fransanı, ümumiyyətlə, Avropanı şəriətlə idarə olunan ölkələrlə müqayisə edib “şəriət olan ölkələrdə qanun var ki, qadın başını örtməlidir, buna görə də, o ölkəyə ayaq basan turistlər belə bu qaydaya əməl edir, bəs, onda onlar niyə Avropanın qaydalarını qəbul eləmirlər” arqumentini irəli sürmək isə humanist dəyərləri, inam azadlığını təhqir etməkdir. Avropa şəriətlə idarə olunmur.
Həmçinin, insana geyimlə bağlı qanun da tətbiq etmir. Buna görə də, o, Avropadır.
Axı, bunu başa düşmək niyə çətindir ki, Avropada qanunlar insanın inanc, geyim və özünüifadə azadlığına məhdudiyyət qoymağa başlasa, mahiyyət etibarilə şəriətlə idarə olunan ölkələrlə heç bir fərq qalmayacaq. Bunun sadəcə, kosmetik fərqi olacaq. Mahiyyət isə eyni olacaq.
Ümumiyyətlə, bəşəriyyət qadından əl çəkməlidir. Bədənindən, geyimindən, sinəsindən, cinsiyyət orqanından, saçından, yatağından…
Şərq də, Qərb də, Məhəmmədə inananlar da, İsaya inananlar da, kişilər də, qadınlar da qadından əl çəkməlidirlər…
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.