(1-ci yazı)
Bu məqaləmdə mən, qadın-kişi münasibətini qüvvətləndirən 10 nüansa toxunacam. Yanaşmam ümumi olsa da, mən, kişilərə xitab edəcəm. Çünki son vaxtlar ən çox məhz kişilərin qeyri-adekvatlığı və zəifliyi hesabına qadınla kişi arasındakı ənənəvi münasibətlər yürüdülə bilmir. Məsləhətlərdən təbii ki, qadınların da istifadə etməsi vacibdir.
Əziz həmcinsim, diqqətli olmanda fayda var!
Əvvəl, münasibət sənə bir növ oyun, fəthetmə kimi görünür, bu aralar sən, elə də rahat olmursan. Sonra bundan həzz almağa başlayırsan, bir xeyli rahatlanırsan, sənin nəsə etmənə gərək olmur. Daha sonra isə növbəti an yaşanır və suallar meydana çıxmağa başlayır. Əsas sual adətən belə olur: “Bu münasibətə başlayanda ağlım hardaydı görəsən?”
Və yalnız bu xırda etaplardan sonra hər şey doğru-düzgün gedirsə, münasibətlərdə müəyyən oturuşma yaranır. Bundan sonra səni rahat həyat gözləyir. Orta statistik bir şəxsin münasibət sxemi təxminən bu cürdür.
Əgər bu model səni qane etmirsə, onda sən, bir faktı başa düşməli və qəbul etməlisən: münasibət-elə iş deməkdir. O iş ki, hansı ki, çalışdığın ofisdə gördüyün gündəlik işləri özündə ehtiva edən – hesabatlarını, məqsədlərini və məsuliyyətini daşıdığın kimi bir şey. Hə, əgər, sən əlində olanları qiymətləndirməyib, işləməkdən boyun qaçıracaqsansa, o zaman heç bir müsbət dəyişiklik də gözləmə! Möcüzə baş verməyəcək. Ona görə indi sənə münasibətini qüvvətləndirəcək, səni növbəti yüksək səviyyəyə yüksəldəcək və əlaqələri bayağılıqdan, rəngsizlik və cansıxıcılıqdan xilas edəcək 10 nüansdan bəhs edəcəm.
Ancaq gəl, öncədən o haqda qeyd edim ki, hansı hallarda prinsipcə yeni münasibətə başlamağın məsləhətli deyil.
*Dostların və ailə üzvlərinin təzyiqi və israrı ilə münasibətə başlama
. Əgər dostların və ya ananla-atan sənə tez-tez “birini tap, evlən” kimi sözlər deyirsə, onların təsirinə düşmək lazım deyil. Fərqi yoxdur ki, sənin neçə yaşın var. Bir şeyi dərk etməlisən, sən bu barədə kiməsə borclu deyilsən ki, digərlərinin diktəsi ilə öz həyatını qurasan, hətta o xahişi sənin doğmaların belə etsə, razı olma. Müşahidələr də göstərir ki, bu cür münasibətlər çox vaxt yaxşı istiqamətə doğru getmir. İnsanın öz seçimi olmalıdır. O zaman məsuliyyəti də özümüz daşıyırıq.
*Tənhalıq
. İnsan özünü tənha hiss edəndə ona elə gəlir ki, bu vəziyyətdən onu ancaq yeni bir münasibət xilas edə bilər. Bu isə yanlış düşüncədir. Tənhalıq özündə mənfi enerjiləri saxlayan vəziyyətdir, sevgi isə müsbət elektronlardan ibarət haldır. Bir-birinə zidd olan bu hallar birləşə bilmir, birləşsə də, onların yola getməsi alınan iş deyil. Gərək, sən özündə olan bu boşluğun yaranma səbəbini təhlil edəsən. Bəlkə də sən passiv həyat tərzi keçirirsən və həyatında rəng, emosiya çatışmazlığı var. Bütün bunları təhlil edib, ciddi nəticə çıxararaq, boşluqlarını doldurmasan, münasibətə başlamamalısan.
*Komplekslər.
Başqa birinin köməyi ilə komplekslərini boğmağa çalışırsan. Hansı ki, o adam, səni sevir, sənə heyrandır və sənin eqonu sığallayır. Sən məhz buna görə münasibət yaradırsan. Sən o qədər özünə əmin deyilsən ki, kimisə yanında saxlamaqla özünü normal biri kimi sübut etməyə çalışırsan. Bu isə kökündən yanlış yanaşmadır. Ondansa özünü inkişaf etdirməyə başla və özünə əminliyin yaranandan sonra yeni münasibətə başlaya bilərsən.
1.Realist ol
Münasibətdə realist ol və əsl sevgini yalançı eyforiyadan ayırd etməyi bacar. Həmişəki kimi sənə əvvəldən elə gələcək ki, partnyorun dünyanın ən yaxşı insanıdır, hansı ki, onun mənfi xüsusiyyətləri yoxdur. Sonra isə hər şey üzə çıxmağa başlayır və sən görüb, agah olursan ki, sevdiyin xanımın da problemləri var. Unutma ki, onun hansısa səbəb olmadan əhvalı olmayacağı günlər olacaq və bu da təbii ki, sənə mənfi təsir edəcək. Belə hallarda mütləq ona dəstək olmalı və qayğı göstərməlisən. Bəzən buna görə əsəblərin xarab olacaq, bəzən, ümumiyyətlə, elementar problemlərdən də qıcıqlanıb, məsələni yoluna qoymaq istəməyəcəksən. Həmin anlarda yadına sal ki, bu adamla münasibət qurmağı sən seçmisən və seçiminə sahib çıxmalısan. Ona görə bu cür o qədər də xoşagəlməyən hallarla rastlaşmağa da hazır ol. Hə, bax, belə şeylərin yaşanması sehrli və nağılvari deyil, hansı ki, münasibətin əvvəli bu cür idi. Ancaq bu reallıqdır və hər şey o vaxt dürüst və yaxşı şəkildə inkişaf edə bilər ki, sən, məsuliyyəti öz boynuna götürməkdən qorxmadan nəinki öz problemini, hətta, başqa insanın da problemini həll edəcəksən. Əmin ol ki, sonra bunun əvəzində sən də, qarşı tərəfdən ciddi dəstək və hörmət görəcəksən. Bu hal sizi bir-birinizə daha yaxın edəcək. Heç kimin heç kimə borcu yoxdur. Dəstək və sevgi, qarşılıq gözləmədən içdən gəlir. İlluziyaları beynindən at və realist olmaq faktını qəbul elə. Bu nüans gələcəkdə sənə çox kömək olacaq.
2.Partnyoruna hörmət elə.
Möhkəm və sağlam münasibəti ayaqda saxlayan digər nüans – hörmətdir. Münasibətin inkişaf məqsədlərinə gedən yolda, hörmət, sevgidən də qabaqda dayanır. Çünki hörmət itsə, o biri hisslərin, ümumiyyətlə, əhəmiyyəti qalmayacaq. Elə məqam olacaq, düşünəcəksən ki, sən bu adamı daha sevmirsən, sizin sadəcə daimi münaqişələriniz, mübahisə və qalmaqallarınız var. Ancaq bu, bir növ sizin birliyinizin gücünü sınayan test olacaq və testi uğurla keçsəniz, hər şey asta-asta stabilləşəcək. Bax, elə o hallar zamanı sevdiyin xanıma hörmət göstərməyin olduqca vacibdir. Qətiyyən sərhədləri aşmaq olmaz. Bir də burdakı vacib nüans özünəhörmətdir. Bunsuz sənin nə dəyərin ola bilər? Riayət etməli olduğun digər mühüm məqamlar:
*Sevdiyin qadından heç kimə şikayət etmə! Əgər sevgilində xoşuna gəlməyən və səni qane etməyən nələrsə varsa, bunu onun özünə de, nəinki, dostlarına və ailənə. Çünki sən bir neçə saata həmin münaqişəni unudacaqsan, amma sənin dostların və yaxın çevrəndə sevgilin haqda çox mənfi rəy yaranacaq, hansı ki, bunu sonradan bərpa etmək də çətindir.
*Sevdiyin qadının hobbi və əyləncələrinə hörmətlə yanaş. Siz tamamilə, ayrı-ayrı adamlarsınız və məntiqlə yanaşdıqda, anlamaq olar ki, onun başqa maraq və hobbiləri ola bilər, hansı ki, onlar sənə absurd görünə bilər. Danışıq vaxtı, o məsələlərə toxunma və onun seçiminə hörmətlə yanaş.
*Sevgilinin fikirlərinə hörmət et. Hər zaman, hər şeyi, ikinizin əvəzinə qərar verməkdən vaz keç. Onun da fikirinə, rəyinə diqqət et, çünki o da, sənin kimi, bu münasibətin tamhüquqlu üzvüdür.
3.Problemləri müzakirə et
Yadında saxla ki, əgər problemlərdən danışmasan, onları həll edə bilməyəcəksən. Bunun üçün isə səninlə, xanımın arasında güvən olmalıdır. Ümumiyyətlə, güvən münasibətin əsas fundamentlərindən biridir. Güvən olmayacaqsa, mübahisə və qalmaqallarınız heç vaxt səngiyə bilməyəcək və münasibətiniz uçuruma doğru gedib, aşacaq. Əgər xanımının davranışlarında nələrsə səni narahat edirsə, adam balası kimi otur və bu məsələni onunla müzakirə elə. Ancaq bu müzakirəni maksimum sakit, emosiyaları kənara buraxaraq, təhqirsiz və onu divara dirəyərək etməməlisən.
-Səndə qorxu və şübhə yaradan şeyləri xanımınla bölüş. Hətta ən yaxın dostlarınla danışmadığın mövzuları belə onunla danış. İnan, xanımın səni başqalarından da yaxşı başa düşəcək, lazımı sözləri tapıb, deyərək, səni yüngülləşdirəcək. Həm də xanımınla belə şeyləri bölüşməyin, onun çox xoşuna gələcək, bunu jest kimi qəbul edib, ona nə qədər güvəndiyini anlayacaq.
-Həmişə söz verdiyin vədləri yerinə yetir. Söz verib, üstündə durmayan tipə çevirilmə. Çünki sən, bu şəkildə həmişə sevgilinə nələrisə söz verib, yerinə yetirməyəcəksənsə, günlərin bir günü, o, artıq sənin sözlərinə inanmayacaq və səni qeyri-ciddi adam hesab etməyə başlayacaq. Əminəm ki, sən o cür birinə çevirilmək istəmərsən.
-Bütün qalmaqallarda özünü ən haqlı tərəf sayma. Özünü qızın yerinə də qoymağa çalış və onun narazılığını təhlil edib, dərk elə. Eqoistlik edib, təkcə özünü düşünmə. Ədalət hissini itirmə!
4.Hər şeydə xanımını idarə edib, nəzarət etməyə çalışma.
Total nəzarət – bax, bu, elə pis haldır ki, hətta ən sağlam münasibətləri belə darmadağın edə bilər. Xanımın hər dəfə sırf sən sakit və xoşbəxt olasan deyə nələrdənsə imtina etməli deyil. Çünki bir gün o, bu hallardan bezib, hər şeyi köklü şəkildə dəyişə bilər. Sən, dərk etməlisən ki, xanımın özünə görə bir müstəqil şəxsiyyətdir və onun da öz hobbiləri, rəfiqələri və sevimli məşğuliyyətləri var. Necə ki, bu şeylər sənin özündə də mövcuddur. Özünə hörmət elə və onun telefonunu, sosial şəbəkə hesablarını yoxlamağa çalışma. İmkan ver, o da rəfiqələri ilə görüşsün və vaxt keçirsin. Yenə deyirəm, özünü onun yerinə qoy və düşün, qarşı tərəf sənə qarşı belə addım atsaydı, xoşuna gələrdi? Əlbəttə ki, xoşuna gəlməzdi. Bəs, onda niyə öz partnyorundan belə şeyləri tələb edirsən? Əgər, sən, qarşı tərəfə azadlıq verməyə çəkinirsənsə, bu, o deməkdir ki, sən özünə əmin deyilsən və sənin külli miqdarda komplekslərin var, hansı ki, sən onları yox eləməlisən. İnan mənə, əgər, sən bu komplekslərini yox edib, öz daxili problemini çözsən, avtomatik olaraq xanımına qarşı etdiyin total nəzarətdən də imtina edəcəksən. Səni narahat edən içindəki qurdları öldürmək üçün, şəxsi sualları özünə verərək, onlara cavab tapsan, məsələ düzələcək. Özünlə üzləşməkdən qorxma. Bəlkə də, bu barədə öz xanımınla da danışa bilərsən və o, sənə düzgün yol göstərə bilər və sən özünü daha yaxşı dərk etməyə başlaya, hətta münasibətinizi qaydaya salıb, qüvvətləndirə bilərsən.
5.İkinizin də dəyişəcəyinə hazır ol!
Sən nə özünün, nə də xanımının illər sonra necə birinə çeviriləcəyini bilə bilməzsən. Bu məsələ səni qorxutmasın. Bəli, biz görüb, aşkar şahidi oluruq ki, insanlar həyatlarında necə inqilabi dəyişikliklər edirlər. Bəzən bu iradə ilə, bəzən isə qeyri-iradi baş verir. Bir çox cütlüyün əsas problemi elə bundadır. Onlar özlərində yaranan dəyişikliklərə hazır deyillər. Onlar anlamırlar ki, bu hal tamamilə normal haldır. Axı insan öz görünüşündə, həyata baxışında, mövqeyində, hətta, dost çevrəsində belə böyük dəyişiklər edə bilir. Və o, bu halda partnyorundan tanış olub, görüşdüyü ilk illərdə olduğu kimi qalmağı tələb edir. Bil ki, bu tələbinin yerinə yetirilməsi qeyri-realdır. Bəs, nə etməli? Yaxşı sualdır. Ona görə, bu dəyişikliklərə hazır olmaq üçün, öz xanımının həyatı ilə, onun hobbi və sevimli məşğuliyyətləri ilə tez-tez, yaxından maraqlanmalısan! Ən əsas məsələ isə, bu şeylər sənin o qədər ürəyincə olmasa belə və eləcə də sən, onları öz həyatında tətbiq etməyi özün üçün xoşagəlməz bir şey saysan da, bütün bu dəyişiklik prosesinə hörmətlə yanaşmalısan! Unutma ki, sənin xanımın ayrı bir insandır. Yəni ki, o da onminlərlə müxtəlif düşüncəyə malik insanlardan biridir. Siz heç vaxt eyni insan ola bilməzsiniz. Ona görə də özünə təlqin etdiyin prinsipləri, ona da təlqin etmə. Bu məsələyə maksimum məntiqlə yanaş və sədaqətini əldən vermədən, dəyişiklərə hazır ol. Ondan sonra, özün görəcəksən ki, xanımın da səndə baş verən dəyişiklikləri normal və pozitiv qarşılayacaq. Buna şübhən olmasın və arxayın ol ki, bu cür edib, dəyişiklikləri normal qarşılasanız, münasibətiniz bu çətin dövrünü rahatlıqla keçə biləcəksiniz.
Yazının ardı, gələn məqalədə olacaq…
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.