Qadın-kişi münasibəti (2-ci yazı)

Qadın və kişi arasındakı ənənəvi münasibəti qüvvətləndirən 5 nüansa toxunmuşam

Source:

I hissəni buradan oxuya bilərsiz (

Qadın-kişi münasibəti



)

Bu məqaləmin əvvəlində qadın və kişi arasındakı ənənəvi münasibəti qüvvətləndirən 5 nüansa toxunmuşam. Orda da qeyd etdiyim kimi bu yazımla birbaşa kişilərə xitab etmişəm. Təbii ki, yazıdan qadınların da yararlanmağında fayda var. “Təkrar biliyin anasıdır” deyərək, həmin əvvəlki ilk 5 ünsürün başlıq adını və onların xırda anatasiyasını bura yazıram:

1.Realist ol!-Münasibətdə olduğun adamın yaxşı tərəflərini necə qəbul etmisənsə, onun məziyyətlərini də qəbul eləməyinin önəmini qeyd etmişəm.

2.Partnyoruna hörmət elə!-Adından göründüyü kimi, münasibətdə sevgi qədər vacib olan hörmətdən yazmışam.

3.Problemləri müzakirə et!-Burda partnyorunla hörmətlə və aqressiyasız problemlərdən danışıb, onları yoluna qoymalı olduğunu xatırlatmışam.

4.Hər şeydə xanımını idarə edib, nəzarət etməyə çalışma.-Total nəzarətin necə neqativ vəziyyətlərə gətirəcəyi nüansları sadalamışam.

5.İkinizin də dəyişəcəyinə hazır ol!

-Vaxt ötdükcə insan təbii şəkildə dəyişir. Bu dəyişikliklərə hazırlıq prosesindən yazmışam.

Beləliklə, əziz həmcinsim, hazırsansa, qadın kişi münasibətlərini qüvvətləndirən digər 5 nüansı da sənə çatdırım. Getdik!

6.Mübahisə etməyi öyrən

Hə, hə, mübahisə! Düz gördün. Ola bilər bu məsləhətim sənə qəribə gələcək ancaq düzgün, sağlam mübahisələr, sizin münasibətinizi nəinki, qüvvətləndirəcək, hətta xilas da edəcək. Psixoloqlar qeyd edir ki, münasibətlər 4 ünsürə görə korlanıb, dağılır:

1) Partnyorunun xarakterini davamlı tənqid etdiyinə görə (bura-təhqir, şəxsiyyəti alçaltmaq, davranışları qiymətləndirməmək aiddir).

2) Öz günahını ört-basdır etmək (hər şeydə qarşı tərəf günahkardır, sənsə sanki mələksən, heç vaxt da səhv etmirsən, düz deyil?)

3) Təhqir (mübahisə bir neçə dəqiqəyə səngiyə bilər, ancaq mübahisə vaxtı işlənən kəlmələr partnyorunun beynində hələ çox fırlanacaq)

4) Mübahisədən qaçmaq(!) (nə qədər ki, neqativ emosiyalarını içində saxlayırsan, bu hal səni daha böyük qalmaqal partlayışına yaxınlaşdıracaq)

Necə düzgün mübahisə etməli?

– Yeni mübahisə vaxtı keçmiş mübahisə mövzunuzu, orda işlətdiyiniz xoşagəlməz ifadələri və anları qətiyyən xatırlatma. Keçmiş keçmişdə qaldı. Əgər səni hansısa konkret situsasiya qane etmirsə və bu hal narahatçılıq yaradırsa, məhz o barədə danış. Yoxsa ki, hər şeyi qatıb-qarışdırmağın düz olmaz. Elə etsən, onsuz da problemi həll etməyəcəksiniz, əksinə, qalmaqalın ömrünü uzadacaqsınız.

– Hə, əgər görürsən ki, dəhşət əsəbisən və emosiyalarını saxlaya bilmirsən, mübahisəni saxla, harasa çıx gəziş, sakitləş və geri dönəndən sonra öz xanımınla o barədə yenidən söhbət edərsən.

– Sübut eləməyə çalışma ki, sən hər şey də düzsən. Narazılıqlarını sakit şəkldə dilə gətir. Həmçinin mübahisə edərkən, hörmət hissini itirmə ki, situasiya daha da qəlizləşməsin.

– Mübahisələrdən qaçma! Səni nəsə narahat edirsə, bu barədə açıq və konkret danış. Belə etsən, qalmaqal tez aradan qalxacaq və münasibətinizdə boşluqlar olmayacaq. Necə deyərlər, çəkişməsən, bərkişmərsən..

7. Bağışlamağı öyrən

Xanımını dəyişəcəyinə inanırsansa, deməli, sən çox sadəlöhv adamsan. Bu inamın illuziyadan başqa şey deyil. Bil ki, xanımının artıq formalaşmış xarakteri var və onun da, sənin kimi dünyaya öz baxış prizması mövcuddur.

Həm də aşkar şəkildə onu dəyişdirmə cəhdin, qız üçün hörmətsizlik əlamətidir. Ehtiyatlı ol, bu, aranızda ciddi mübahisələr yarada bilər. Bir məsələni dərk et ki, siz fərqli insanlarsınız. Onun mənfi şeyləri də olacaq. Əsas ortaq məxrəcə gəlməyinizdir. Çətin məsələ deyil. Sadəcə onu bu cür çatışmazlıqlarına görə bağışlamalısan.

Bəs, onu necə bağışlamalı?

-İncə məqam(!) Mübahisə qurtaran kimi, kimin haqlı və kimin günahkar olması barədə nə düşün, nə də bunu təhlil etməyə çalış! Neqativ emosiyaları keçmişdə saxlamağı öyrən. Belə etməsən, həm vəziyyətiniz daha gərgin olacaq, həm də münasibətiniz qətiyyən yaxşı tərəfə inkişaf etməyəcək.

– Xanımın üçün hansısa yaxşı əməllər (bura hədiyyə, xüsusi jestlər də aiddir) edərək, ondan bu əməllərinə qarşılıq verməyini gözləmə. Birincisi, bu kişilikdən deyil ki, sən etdiyin yaxşı əməllərin hesabını aparırsan, ikincisi, adam sevdiyi, özünə yaxın bildiyi şəxslərə qarşı etdiyi yaxşılıqlardan dolayı qarşılıq gözləməz. Əgər sən, xüsusi kateqoriya ilə düşünənlərdənsənsə, – o kateqoriya ki, misal üçün sən, onunla dalaşandan sonra, sən 5 dəfə barışmısan, o isə 1 dəfə buna cəhd edib, – demək ki, sənin özünüqiymətləndirmə ilə ciddi problemlərin var. Nəsə eləmək istəyirsənsə, ürəkdən elə və qarşılıq da gözləmə. Bax, onda münasibətləriniz də yaxşı və qüvvətli olacaq.

– Əgər xanımın hansısa pis bir davranış sərgiləyibsə, bu, o demək deyil ki, o, bunu qəsdən və sırf səndən ayrılmaqdan ötrü edib. Hər kəs səhvə yol verir, biz axı insanıq. Bu məsələni çox şişirtməyə gərək yoxdur.

Ondan bu cür hərəkətə yol verməyinin səbəbini soruş, öz narazılığını bildir və məsələni bağla.

8.Praqmatik ol.

Praqma-yunan dilindən tərcümədə “məntiq” deməkdir. Bu gün münasibətlərdə ən az çatışan şey məntiqdir. Həyatda ideal şey yoxdur. Ona görə də “ideal münasibət” məhfumunu da unutmalısan. Onları filmlərdə və kitablarda görə bilərsən. Real həyat başqadır. Ona görə də məntiqini işə salıb, özünün və xanımının güclü tərəflərini müəyyən edib, o güclü tərəflərin də enerjisindən də istifadə edərək, münasibətinizə yaxşı istiqamət verə bilərsən. Hə, elə sual dolu məsələlər var ki, onların bəzilərini münasibətin əvvəlində, bəzilərini də münasibətin ortalarından müzakirə etməlisiniz. Misal üçün, siz gəzinti və səyahətlərə hara gedə və nə vaxt vaxt ayıra bilərsiniz? Gəlirlərinizi necə bölüşdürməli? Kim hansı öhdəlikləri öz üzərinə götürə bilər? Ümumi gəlirinizdən hər ay sən və sənin xanımın bir-birinizlə məsləhətləşmədən nə qədər xərcləyə bilərsiniz? Bu suallar və nüanslar sənə cəfəngiyyat və boş şey kimi görünə bilər, ancaq bir müddət sonra formalaşdırdığınız bu sistemin sizə necə böyük fayda verəcəyini və meydana çıxacaq əlavə sualların qarşısını alacağına əmin olacaqsan. Bu məsələ gələcəkdə maddiyyatla bağlı yaranacaq mənfi situasiyaların da qarşısını alacaq. Bax, bu gün boşanmaların əsas səbəbi maddiyyatla bağlı səbəblərdir. Bu faktdır! Düşünə bilərsən ki, bu müzakirə və onun həlli yolları banal və romantikadan uzaq məsələlərdir, ancaq sən, sonra əmin və rahat olacaqsan ki, sizin vacib suallarınıza cavab tapılıb, onlar həll olub və aranızda elə balans yaranıb ki, iqtisadi problemlərin kəskin mübahisəsinə enerjiniz getməyəcək və siz münasibətinizi daha sağlam edəcəksiniz.

9.Xırda şeyləri yada sal.

Münasibətinizin əvvəlini yada sal, necə ki, xanımının qayğısına qalırdın, ona güllər bağışlayır və hansısa gözəl komplimentlər söyləyirdin. Ancaq sonra bu xoş vərdişlərin itdi, onları yerinə yetirməyi əhəmiyyətsiz sandın və romantika havaya sovuruldu. Belə ki, müəyyən vaxt keçəndən sonra çox vacibdir ki, keçmişdə yerinə yetirdiyin bu xırda məsələləri yada salmalı və xanımını yenidən sevindirməyə çalışmalısan. Misal üçün, sən onu görüşə çağırmalı, kinoteatra dəvət etməli və ya restoranda yeməyə çağırmalısan. Olduqca vacibdir ki, boş olan kimi bir yerdə çoxlu vaxt keçirəsiniz. Fəallığı artırmaq sənin əlindədir. Bax, bu sadə fəndlər münasibətinizin tarixinin uzunluğuna-qısalığına baxmadan, ona yeni nəfəs verib, dirçəldəcək. Bir də burdakı digər önəmli nüans sizin intim yaxınlığınızdır. Unutma, intim yaxınlıq, sizə həm ruhən, həm də fiziki cəhətdən kömək edəcək. Deyərdim ki, aranızdakı soyuqluğu aradan qaldıracaq ən yaxşı dərman seks ola bilər. Belə xırda məsələləri təkcə sən yox, həmçinin sənin xanımın da yada salmalıdır. Proses qarşılıqlı olmalıdır. Ondan sonra sizin əlaqələrinizin pozulma təhlükəsi sıfıra enəcək.

10.Dalğanı tutmağı öyrən

Münasibətlərdəki dalğalar – düşmələr, qalxmalardan ibarət bir dalğa… Bu hal hər bir normal cütlüyün yaşadığı, keçdiyi bir prosesdir. Bu dövrlər hər bir cütlük üçün səciyyəvi ola bilər. Birində bu dövr bir neçə gün, digərində aylarla, bir başqasında isə illərlə çəkə bilər. Əslində burda qorxulu heç nə yoxdur. Bir halda ki, siz bu şeyi normal dövri proses kimi qəbul edib, o vəziyyətlə yaşaya bilsəniz və hər bir fərd öz partnyorunu dəstəkləsə, həmçinin problemi müvəqqəti hal kimi qəbul edə bilsəniz, hər şey yaxşı tərəfə inkişaf edəcək. Ancaq bir şeyi də unutmaq lazım deyil ki, bütün bu düşmələr və qalxmalar, sizin münasibətin keyfiyyətini əks etdirmir. Partnyordan hansısa biri düyünlənmiş mürəkkəb dövr yaşayırsa, düşünmək lazım deyil ki, münasibətiniz öz-özlüyündə çətin münasibətdir. Belə halları təbii qəbul edib, səbrli olmaq lazımdır. Qısa vaxtda hər şey qaydasına düşəcək. Hər birinizin həyatına külli miqdarda faktorlar təsir edir: iş yerini dəyişmək, ailə üzvləri və dostlarla mübahisələr, bir yerdən başqa yerə köçmələr, çətin maliyyə vəziyyətləri və s. Maksimum şəkldə bu məsələlərə məntiqlə yanaşmalı, çətin dövrlər yaşayan partnyorunu dəstəkləməli və bacardığın qədər qarşı tərəfin qayğısını çəkməlisən. Bu yanaşma hətta ən çətin və xoşagəlməz dövrünüzü və anlarınızı da aradan qaldıracaq. Ən mühüm məqam odur ki, dalğanı, öz xanımınla birgə tuta bilmək bacarığına yiyələnə biləsən.

Belə olan halda sən, keçirdiyiniz hər bir dövrdən həzz ala biləcəksən..

Əziz həmcinsim, sənə uğurlar!

Ana səhifəMənim FikrimcəQadın-kişi münasibəti (2-ci yazı)