Molla Nəsrəddin jurnalının 30.10.1911 tarixində nəşr olunmuş buraxılışına baxmaq hamıya maraqlı olar. Şəkillə təsvir olunmuş bir yazıda azyaşlı uşaq anasının qarşısında dayanaraq, ona əsəbi ifadələrlə barmaq silkələyib bu sözləri deyir: “Ana, vallah, mənə pul verməsən qanfet alım, dədəm gələndə deyəcəyəcəm ki, anam akuşkadan küçəyə baxırdı”. ..
Molla Nəsrəddin jurnalı AXC-nın yaranmasına qədər həqiqətən müəyyən qədər öz satirik nəşrləri ilə xeyli islahat apara bilmişdi. Bəhs etdiyim ana və uşaq portreti ölkəmizin hələ o dövrdən necə patriarxal despotizmlə idarə olunduğunu açıq şəkildə göstərir. Belkə də, bir çoxunuz bizim geydirmə televiziyalarda ziyalıların, deputatların, müğənnilərin və sıradan bir çox adamın dilindən “azərbaycanlı qadını” və “azərbaycanlı qadınına olan dəyər” kimi yalançı və pafos qoxulu ifadələri tez-tez eşitmisiniz. O danışıqlar yalnız danışıqda mövcuddur, əməldə yox.
İndi, bilmirəm, həmin ifadələri yenə işlədirlər ya yox, çünki çoxdan mənə əsəb verən bizim yerli kanallara baxmıram. Baxdığım da zatən çox az sayda olan intellektual və maarifləndirici verlişlər olurdu. Verlişlərə də fasilə vaxtı manıslarımızı getirib “onlarsız mümkün deyil” şüarı altında qazandığımız bilgilərin içinə ….. edirdilər. Lütfən, nöqtələrin yerini özünüz doldurun.
Nə isə, keçək bizim patriarxal bayrağın altında ən radikal kişilər istehsal edən cəmiyyətimizə. Çeynənmiş mövzu kimi nəzərə almayın bu yazını. Bilirəm, bu haqda bir çoxları yazıb, yazır və yazacaq. Mən özüm də bu məsələyə yazılarımda tez-tez toxunmuşam. Yenə də toxunmağa qərar verdim. Əgər qıraqdan durub, biri yenə ənənəvi iynəli “mızlar”ından soxsa ki, “bu mövzuda nə qədər yazmaq olar”?! Onlara cavabım odur ki, əgər bu mövzu yenə aktualdırsa və yenə qadınlarımıza iyirminci əsrin əvvəllərindəki kimi davranılırsa, biz sizin başınızı apara-apara yenə bu mövzuda yazacayıq. Siz də lütfən “mızlar”ınızı təyinatı üzrə istifadə edin!
Müəllifi yadımdan çıxıb, bir nəfər demişdi ki, Sabir Azərbaycanda nə vaxt aktual olmayacaq, demək o zaman xeyli inkişaf və islahatlar baş vermişdir deməkdir. Eləcə də bu mövzu.
Ölkəmizdə bir çoxumuzun hüquqları hər gün kobud şəkildə pozulur. Amma qadınların hüquqları isə, sadəcə zorlanaraq, bir kənara atılır. “Kobud şəkildə hüquq pozuntusu” ifadəsi yumşaq səslənir hələ. Qadınların təkcə insititusion və konstitusion hüquqları pozulmur. Onların mənəvi hüquqları hər gün həm ailə içində, həm də ictimai formada təzyiqlər burulğanına düşür. Bu, elə burulğandır ki, bütün qadınlara nifrət şüarı altında “qadınlar köləmizdir, onları kölə kimi istismar etməliyik” deyə enerjili küləyini ətrafa yayır. Qadınlarımız burulğandan hey qaçmaq istəsələr də, çox az qismi qurtula bilir. Həmin qurtuluş əldə edən az qisim oxumuş, savadlanmış və özünü formalaşdırmağa maraqlı olan qadınlarımızdır. Bir də təbii ki, bir çox xanımlarımız ali təhsil alıb, gələcəyini işıqlandırmaq istəsə belə qarşılarına çox amansız burulğanlar keçir və onları məhv edir. O, başqa yazının mövzusudur.
Bir yerdə oxumuşdum ki, Azərbaycandakı seksual aclıq Afrikadakı fiziki aclıq kimi xaraktərizə oluna bilər. Son vaxtlar azyaşlı qızların yekə kişilər tərəfindən, doğma qızın atası tərəfindən zorlaması kimi qeyri-insani olaylara məna verə bilmirəm. Bəli, konservativ cəmiyyətik, müsəlmanlar çoxluq təşkil edir. Halbuki, inanclı insanlara çox az rast gəlirəm. Amma nə konservativliyin prinsipində, nə də İslam dininin prinsiplərində “qadına əşya, həzz verən canlı kimi bax” deyə nə bir qanun, nə bir ayə görməmişəm.
Seks aclığı çəkən kişilərimiz qadınlara ancaq həzz obyekti kimi baxırlar. Bir neçə xarici ölkədə olmuşam. Orda burdakılardan da gözəl və cazibədar qadınlar olduğu halda kişilərin küçədə, bayırda onlara Azərbaycandakı kimi söz atıb, sataşdığını görməmişəm. Bu çox təbiidir ki, kişilər qadınlara meyl edə bilər və qadınlar da kişilərə. Lakin hər şeyin həddi var. Mən həmin ədəbsiz kişilərə məhz onların işlətdiyi özləri kimi qeyri-səmimi cümləni ötürmək istəyirəm: Sizin ananıza, bacınıza, sevgilinizə başqa biriləri bu cür davransa, necə qəbul edərsiniz?!
Bir qız tanışım fecebookda onlarla kişilərdən gəlmə mesaj siyahısını göstərmişdi. Deyir, qələt edirəm, harasa bir rəy yazıram, o dəqiqə şəxsi mesajlara tanımadığım kişilər hücum çəkirlər. Bir anlıq özümü o qızın yerinə qoydum və çox pis oldum. Ola bilsin ki, virtual “girişmələr” cəhdi o qədər təsirli olmasın amma yenə də rahatsızlıq yaranır. Və sən özünü aslanlar tərəfindən mühasirəyə alınmış, çarəsiz ceyran kimi hiss edirsən.
Bir xanım tanışım var. Deyir telefon nömrəsinin dublkartını çıxartmaq üçün yaşadığı Gəncə şəhərində Bakcell müştəri xidmətlərinə müraciət etmişdi, orda xanıma xidmət göstərən bəyəfəndi qadına axşam evinə qayıdandan sonra tanış olmaq təklifləri edirmiş. Xidməti göstərən çox güman ki, ali təhsil ocağını bitirib. Danışıq qabilliyəti var ki, onu ora işləməyə qoyublar. Təhsilinə baxmayaraq, həmin adam özünə və müştərisinə hörmət etməyib belə gic-gicə hərəkət edirsə, gör indi ölkəmizin “fəxri və milli sərvəti” olan savadsızlar kütləsindən ibarət kişilər necə iyrənc şəkildə davranırlar qadınlarımızla.
Mən də baxıram xanımlara. Gözəlliklərin feyziyab olduqlarım da olur. Amma nə onlara söz atır, nə də dallarına düşürəm. Baxışlarımla da çalışıram onları rahatsız etməyim. Tanışlıq sırf qarşılıqlı şəkildə yarana bilər. İnsan, gərək, birinci özünə hörmət edə. Əgər kişi özünə hörmət edirsə, ağıllı qadın bunu çox aydın sezir və o kişiyə simpatiyası yaranıbsa, özü normal tərzdə tanışlığa rəvac verir.
Bir şeyi də qeyd edim ki, hər hansı kişiyə simpatiyası yaranan xanım artıq ehtiyat edir ki, xoşuna gələn kişi bunu hiss etməsin. Çünki kişilərə güvəni yoxdur. Buna görə qadın-kişi münasibətləri normal şəkildə inkişaf edə bilmir və nəticədə qeyri-səmimilik yaranır. Bu münasibətin də tarixi uzun çəkmir. Həmin kişilər güvənimizi zədələdiyi üçün xəcalət çəkirəm.
Mən televiziyalarımızdan xahiş və tələb etməyəcəm ki, bu yöndə maarifləndirici proqramlar hazırlasınlar. Onlar qarşılarına məqsəd qoyublar ki, bu milləti daha da zombiyə çevirsinlər. İstəklərinə müəyyən qədər nail olublar. Mən bu yazını oxuyan şəxslərə (əsas da, kişi cinsinin nümayəndələrinə) müraciət edirəm ki, bir az özünüzü başqalarının yerinə qoymağı öyrənin. Qadınları rahatsız etməyin. Onların könüllərinə girmək istəyirsinizsə, əvvəlcə özünüzə, sonra onlara hörmət etməyi öyrənin. Əziz valideynlər, oğlan uşaqlarınıza deyər verdiyiniz kimi, qız uşaqlarınıza da eyni dəyəri verin. Sabah bəlkə həmin qız uşaqlarınız şıltaq və kral kimi yetişdirdiyiniz oğlan uşaqlarınızdan daha xeyirli övlad oldular cəmiyyətimiz və ölkəmiz üçün…
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.