“Elə alçaldıcı hərəkətlər edirdilər, adam özünü öldürməyə fürsət axtarırdı…”
Güləş üzrə Avropa və dünya çempionu Fərəh Rəsulova polis idarəsində tələb olunan ifadəni verməsə, saçını qırxmaqla hədələndiyini bildirir. Təzyiqlər qarşısında müqavimət göstərə bilmədiyini deyən Fərəh Rəsulovanın sözlərinə görə, bu üzdən yalan ifadəyə imza atmaq məcburiyyətində qalıb. İdmançı Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən bu barədə danışıb.
Fərəh Rəsulova adam oğurluğunda təqsirləndirilir. Lakin o və eyni iş üzrə təqsirləndirilən daha bir qadın – Aygün Abbasova həbsdə deyil. Hökm çıxarılana qədər onlar haqqında həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Eyni cinayət işi üzrə daha beş nəfər təqsirləndirilən şəxs isə həbsdədir – Vasif Allahverdiyev, Fəqan Eminoğlu, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Elçin Qasımov. Onların da bir neçəsi idmançılardır.
Adları çəkilən təqsirləndirilən şəxslər Bakı sakini Hüseyn Əsgərovun borca görə oğurlanıb, bir gün girov saxlanmasında ittiham olunur. Cinayət işinin materiallarına əsasən, Hüseyn Əsgərovun Aygün Abbasovaya 25 min manat borcu olub, uzun müddət onu qaytara bilməyib. Ona görə də Aygün Abbasovanın dostları onu oğurlayıb.
Aygün Abbasova ona borcu olan Hüseyn Əsgərovu görüşməyə çağırıb. Onlar kafedə görüşmək barədə razılaşıblar. Həmin vaxt Vasif Allahverdiyev, Şaiq Hüseynov və Fəqan Eminoğlu onu maşına mindirib, Aygün Abbasovanın Pirşağı qəsəbəsindəki bağına aparıb. Sonradan ora Niyaməddin Kazımlı da gəlib. Orada Hüseyn Əsgərovu döyüblər, ondan 25 min manatın əvəzinə 30 min manat tələb ediblər.
İddia olunur ki, Aygün Abbasova tanışlarına həmin şəxsdən pulunu geri alarlarsa, məbləğin 10 min manatını verəcəyini vəd edib.
Polis bu haqda məlumat alandan sonra bağ evində əməliyyat keçirib, Hüseyn Əsgərov azad edilib, həmin vaxt evdə olanlar isə tutulub. Daha bir neçə nəfər isə sonradan həbs edilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.2.3 (bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən adam oğurluğu törətmək), 144.2.6 (tamah məqsədilə və ya sifarişlə adam oğurluğu) maddələrilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər ittihamda yazılanları qəbul etməyiblər. Onlar istintaqdakı etiraf xarakterli, həmçinin bir-birinin əleyhinə olan ifadələrə təzyiq altında imza atdıqlarını bildiriblər.
“O qədər döydülər ki, məcbur olub belə ifadə verdim. Elə alçaldıcı hərəkət edirdilər, adam özünü öldürməyə fürsət axtarırdı. “Kalaşnikov” avtomatının qundağı ilə döyürdülər bizi. Əvvəlcə Xətai Rayon Polis İdarəsinə gətirdilər. Əsasən orada döyülmüşük. Yerə uzatmışdılar, gedib-gələnlər də üstümüzdən o tərəf-bu tərəfə keçirdi”, – deyə təqsirləndirilən Fəqan Eminoğlu bildirib.
Cüdo müəllimi olduğunu deyən Fəqan Eminoğlunun sözlərinə görə, digər təqsirləndirilən Vasif Allahverdiyevlə eyni zalda məşq edirlər. Hadisə günü Vasif Allahverdiyev deyib ki, sənədə görə narkoloji dispanserə getməlidir. Birlikdə ora gediblər. Qayıdanda çay evində başqa bir təqsirləndirilən Elçin Qasımovla görüşüblər: “Çay içdik, söhbət elədik. Vasif dedi ki, bir nəfər qohumu gələcək, onunla söhbəti var. Həmin adam gəldi, söhbətləşdilər. Bir qədər söhbət eləyəndən sonra bizim stola gəldilər. Problem, narazılıq hiss eləmədim. Hüseyn özü dedi ki, bağa gedək. hamımız birlikdə getdik. Orada söhbət elədik, yemək yedik. Səhər hərə öz işinin dalınca getdi. Qapını da Hüseyn bağladı. Saatım orada qalmışdı. Ona görə yenidən bağa qayıtdım. Orada yemək yedik. Şaiq yemək gətirmişdi. Günorta polislər hasardan tullanıb evə girdilər”.
Təqsirləndirilən Şaiq Hüseynov onunla birlikdə mühakimə olunanlardan yalnız Elçin Qasımovu tanıdığını, onlara yemək apardığını və həmin vaxt tutulduğunu bildirib. Onun sözlərinə görə, nə borc məsələsindən, nə də Hüseyn Əsgərovun oğurlanmasından xəbəri var. O da istintaqdakı ifadələrə işgəncə altında imza atdığını bildirib.
Güləş üzrə Avropa və dünya çempionu Fərəh Rəsulova deyir ki, uzun müddət şahid qismində tanınıb. İstintaqın sonunda təqsirləndirilən şəxsə çevrilib. Təqsirləndirilən şəxslərdən yalnız Vasif Allahverdiyevi tanıdığını, onunla birlikdə məşq etdiklərini və dost olduqlarını vurğulayan Fərəh Rəsulovanın sözlərinə görə, bir gün məşq zamanı Vasif ondan zəng etmək üçün telefonunu istəyib: “Mən də verdim. Sonra həmin nömrədən mənə zəng gəldi. Cavab verib dedim ki, zəng eləyən mən olmamışam, Vasif idi…”
Fərəh Rəsulova bildirib ki, istintaqda ifadə verərkən təzyiqə məruz qalıb: “Evdə oturmuşdum, polislər “Kalaşnikov”la gəldilər. Məni evdən apardılar. Orada mənə çox təzyiq olunub. Deyirdilər ki, onların dediyi kimi ifadə versəm, uşaqlara köməyim dəyə bilər. Dedilər ki, buna razılaşmasan, başını qırxacağıq…”
Zərərçəkmiş Hüseyn Əsgərov, daha bir təqsirləndirilən Niyaməddin Kazımlı da idmançıdır. Niyaməddin Kazımlı klassik güləş üzrə dəfələrlə Azərbaycan çempionatının və beynəlxalq yarışların mükafatçısı olub.
Məhkəmə prosesi davam edir.
Daxili İşlər Nazirliyi işgəncə faktını təkzib edir, polis bölmələrində heç kimin təzyiqə məruz qalmadığını deyir.