Qadın ətri

Ona nə versən…

Source:


Parfümdən istifadə etməyi çox sevirəm. Ən sevdiyim ətirlər “Khaliji” və Christian Dior-dan “Fahrenheit”-dir. Xanımların da parfumdan istifadə etməyini çox xoşlayıram. Amma aşırı dərəcədə yox. Düzdür, bəzən yanımdan keçən xanımların ətirlərinin təsirindən ovsunlanıram. Hətta əlil arabamdan qalxıb, arxaları ilə qaçmaq istəyirəm. Son anda özümü ələ alıram. Nə isə, zarafat bir kənara, aşırı dərəcədə parfümdan istifadə edən xanımlar anlamalıdırlar ki, digərlərini bu kəskin ətirlərlə rahatsız edə bilərlər. İctimai yerlərdə olarkən, bilməlisiniz ki, ətrafınızda astma xəstəliyindən əziyyət çəkən və müxtəlif iylərə qarşı allergiyası olan adamlar var. Həmin şəxslərə kəskin qoxular lap pis təsir edir.

Şəhərin mərkəzinə çıxanda, məhəllədə gəzəndə çox gözəl xanımlar görürəm. Həqiqətən, məmləkətimizdə gözəl qadınlar çoxdur. Göz baxdıqca, bir də baxmaq istəyir. Əslində çirkin qadın yoxdur, baxımsız qadın var. Bu fikrimi şablon ifadə kimi dəyərləndirməyin. Qadınların hamısı qəşəngdir. Kimisinin üzü, kimisinin ruhu qəşəngdir. Bəzən elə insanla qarşılaşırsan ki, üzdən çox qəşəngdir amma ruhu çox çirkindir. Və ya bunun əksi. Qadın isə, ümumiyyətlə, çox paradoksal varlıqdır. Yəni zərif olsa da, mənəvi olaraq çox güclüdür. Bu ifadəni ən çox Azərbaycan xanımlarına aid etmək olar.

Bir çoxu şiddətlərə məruz qalır, təhqir olunur, döyülür amma yenə də mətanətin qoruyub saxlayır. Siz bunu çox qadında görə bilməzsiniz. Bəzi ölkələrdə qadınlar hegemondur. Bir çox hallarda ailədə kişilər qadınlarından çox çəkinir. Bizim xanımların çoxuna bu xarakter yaddır. Yuxarıda paradoksal  varlıq  sözünü ona görə çəkdim ki, qadın daha çox bağışlayır, nəinki kişilərimiz. Məsələn, ailədə oğul ailə prinsiplərinə yad hərəkət edirsə, ata onu bağışlamır, amma ana bağışlayır. Əgər kişi xəstələnirsə, qadın onun başına dönür, kişilərmiz isə tez bezirlər.

Bir çox xanımlar tanıyıram ki, əlilik qazanandan sonra ərləri onları atıb. Düzdür, belə oğlan tanışlarım da var. Amma böyük əksəriyyəti kişilərdir. Həm də əlilliyi olan insanlarla daha çox qadınlar ailə həyatı qurmağa qərar verir, nəinki kişilər. Bu, faktdır.

O gün məhəllədə  gəzərkən qarşıdan üç gözəl xanım gəlirdi, yolum onlara tərəf idi. Mən onlara 3-4 metr qalmış əlil arabamın getmədiyini hiss etdim. Əlil arabam elektriklə işləyir və onu “joystick” ilə idarə edirəm. Qarşıdan gələn xanımların gözəlliyi məni elə bihuş etmişdi ki, onlara baxarkən əlim boşalıb, joystickdən aralanıb, kənara düşübmüş. Qızlar qəşş eləyib, güldülər.

Təəssüf ki, ölkəmizdə əlilliyi olan şəxslər üçün infrastruktur uyğun deyil. Bunları bir çox yazılarımda qeyd etmişəm. İctimai nəqliyyatdan istifadə etmək hüququmuz yoxdur. Əlil arabasından istifadə edən şəxslər üçün vəziyyət lap acınacaqlıdır. Yollar və şəhər infrastrukturu salınarkən əlil arabası istifadəçilərini, görmə və eşitmə məhdudiyyətli şəxsləri nəzərə almayıblar.

Mən sovet vaxtı inşa edilmiş binada yaşayıram. Evimiz 6-cı mərtəbədədir. Aşağı düşmək-qalxmaq bir çox çətinliklər yaradır mənə. Belə bir qənaətə gəlmək olar ki, sovet vaxtı seks olmadığı kimi, əlilliyi olan şəxslər də olmayıb. Olsaydı, yəqin nəzərə alardılar. Bəzən hər hansı bir qız dostum məni evinə və ya restorana dəvət edir. Qalıram belə. Onun mənə bəxş edəcəyi gözəlliklərdən məhrum oluram. Düzdür, çalışıram maksimum şəkildə fəal olum. İmkan olduqca gəzim, yeni insanlar tanıyım, əlim çatan yerlərə gedim. Nə yazıq ki, belə məhrumiyyətlərlə, məhdudiyyətlərlə həyatımızın gözəl çağları dörd divar arasında keçir. Bunu naşükürlük və bədbinlik kimi qarşılamayın. Çünki elə deyiləm.

Yaxşı düşündükcə və mübarizə aparmaqla yavaş-yavaş bir çox şey yaxşılaşır. Ürəkdən inanıram hər şey daha da yaxşı olacaq.

Gözəl xanımlarımıza mən də baxıram, amma həmişə həssaslıqla çalışıram ki, baxışlarımla onlara heç bir rahatsızlıq verməyim. Dünyada bəlkə də ən çox məhz bizim ölkədə xanımlara bəd nəzərlərlə baxırlar. Eləcə də, dünyada ən çox qeyrətdən-namusdan bizim ölkədə danışırlar. Bu onu sübut edir ki, dəyərlərimizi çox dəyərsizləşdiriblər. Kişinin qadını bəyənməyi çox təbii haldır. Amma qadın-qızı  kişinin istəyinə müsbət cavab verməyəndə, həyassızcasına sataşması, söz atması, sırf ona müsbət cavab vermədiyi üçün pis iftiralar atıb, adını pisə çıxarmağı əsl şərəfsizlikdir. Belə kişiciklərə görə xanımlarımız simpatiya bəslədikləri kişilərə öz istəyini bildirməyi böyük risk sayırlar və çəkinirlər. Yəni onlar düşünürlər ki, kişi onlara yüngül təbiətli qadın kimi baxar.

Kişilərimizin çoxu ağıllı və cəsarətli qadınlardan çəkinir. Ağıllı qadınları idarə etmək cəhdi çox vaxt fiasko ilə nəticələnir. Cəsarətli xanımlar haqqında isə qara düşüncələrə dalırlar. Məsələn, bir xanım cəsarət edib, simpatiya duyduğu kişiyə ondan xoşu gəldiyini etiraf edərsə, xanıma şübhə ilə yanaşıb, onu yüngül təbiətli sayırlar. Əslində, bizim cəmiyyəti məhz o gerizəkalı kişilər belə qapalı və bayağı günə salır.

Məşhur Hollywood aktrisası Ancelina Coli deyir ki: “Qadına nə versən artıqlaması ilə sənə qaytaracaq:

sən ona ailə versən, o sənə övlad bəxş edər, sən ona ev verərsən, o sənə evdəki rahatlığı, ona gülüşünü bəxş edərsən, o öz ürəyini verər – qadın hər şeyi artırar və çoxaldar. Odur ki, ona pislik edərkən daha böyüyünə hazır ol”!

Əziz xanımlar, elə kişiləri vecinizə almayın. Sizlər ne yaxşı ki, varsınız.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəQadın ətri