”Qaçqınkom”un vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb

Baş prokurorluq bildirir ki, hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Source: Foto: google.az


Baş Prokurorluq məlumat yayıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi açılıb.

Məlumatı Baş Prokurorluq yayıb. Həmin məlumatda deyilir ki, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət daxil edilib.

Araşdırma zamanı məlum olub ki, Komitənin vəzifəli şəxsləri öz vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. Onlar məcburi köçkünlərdən ev verəcəkləri vədi ilə müəyyən məbləğlərdə pul alıblar. Həmin köçkünlərin çoxu paytaxtın Binəqədi rayonu Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım stansiyasının tikintisi yarımçıq qalmış binalarında yaşayırlar.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) cinayət işi başlanıb.

Baş prokurorluq bildirir ki, hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sonda isə vətəndaşlara müraciətlə bildirilir ki, bu qəbildən qanunazidd hallarla üzləşənlər “961” nömrəli “Çağrı Mərkəzi” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat verə bilərlər.

Son dövrlərdə Azərbaycanda bir sıra dövlət qurumlarının əməkdaşları ilə bağlı oxşar tədbirlər görülüb. Vətəndaşların şikayətləri əsasında dövlət məmurlarına cinayət işi açılıb. Hətta bəzi bölgələrin icra başçıları rüşvət almaqda ittiham edilərək, vəzifəsindən kənarlaşdırılıb. Sonradan həmin şəxslər həbs edilib. Məhkəmədə icra başçıları belə əməl törətmədiklərini söyləyiblər. Dövlət isə keçirilən əməliyyatların video-görünülərini yayıb. Həmin görüntülərdə icra başçılarının evlərindən və ofislərindən tapıldığı iddia olunan pul vəsaitləri yer alır.

Ana səhifəSosial”Qaçqınkom”un vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb