”Köçkünlər prezidentin aylıq 36 manatlıq müavinət fərmanını yüksək qiymətləndirir”
Prezidentin məcburi köçkünlərlə bağlı sonuncu, aylıq 36 manatlıq müavinət fərmanının məcburi köçkünlər tərəfindən yüksək qiymətləndirildiyi deyilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya deyilib ki, mətbuatda gedən müzakirələr, səslənən fikirlər, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə edilən çoxsaylı yazılı və şifahi müraciətlər bunu təsdiqləyir:
“Bizə bəzi məcburi köçkünlər müraciət ediblər. Onlar ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini bildirir və bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif edirlər”.
Komitə əraziləri işğal olunmuş 10 rayondan bu günədək 300-dən çox belə müraciət aldığını deyir.
Deputat Hadı Rəcəbli də prezidentin fərmanını dəstəkləyir. O, bunun israfçılığın qarşısına alacağına inanır:
“Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq spirallarınından isifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”.
İqtisadçı Qubad İbadoğlu isə yeni qaydanın məcburi köçkünlərin dolanışığını çətinləşdirəcəyi fikrindədir. O, vahid aylıq müavinətin onların dolanışığını çətinləşdirəcəyini deyir:
“Böhran və müharibə dövründə belə qərarı verən hökumət onun risklərini də gözaltına almalıdır. Çünki böhranın daha çox “vurduğu” təbəqə yoxsullar olur. Böhran dövründə genişlənən işsizliyin “qurbanlar”ı daha çox belə qrupların təmsilçiləri olurlar. Azərbaycanda isə əksinə, mövcud hakimiyyət hazırkı böhranın “yükü”nü aztəminatlı və həssas qrupların üzərinə qoyur”.
İlham Əliyev yanvarın 23-də köçkünlər və onlara bərabər tutulan şəxslərə veriləcək aylıq müavinətlə bağlı fərman imzalayıb. Fərmana görə, məcburi köçkünlərə yemək xərci, kommunal və digər xidmətlər üçün aylıq 36 manat məbləğində müavinət müəyyən edilib.