Gülnarə Muxtarova məcburi köçkünlərdən pul almaqda təqsirləndirilir
Martın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Gülnarə Muxtarovanın məhkəməsi başlayıb.
Meydan TV-nin məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən G. Muxtarova özünü təqsirli bilib.
Daha sonra zərərçəkmiş şəxslər ifadə verib. Balakişi Behbudov bildirib ki, G.Muxtarovaya mənzil almaq üçün pul verib:
“Gülnarə Muxtarova 20 ildir ki, komitədə bizim işlərimizə baxıb. Ümid qəsəbəsində mənzillər vardı, siyahı tutmuşdular. Biz isə siyahıda yox idik. Bu qadın mənə dedi ki, hər iki oğlumun adına ordakı mənzillərdən ev verəcək. Buna görə hər bir oğlumun adına 4 min manat pul verdim. Bundan sonra isə bu qadın yoxa çıxdı”.
Kamal Qasımov isə Qubadlıdan məcburi köçkün olduğunu və G.Muxtarova tərəfindən aldadıldığını deyib:
“Kirayədə yaşayırdıq. Eşitdik ki, mənzil verilir. Biz də adımızı siyahıya saldırmaq üçün 4500 manat pul verdik. Bunun müqabilində bizə 3 otaqlı mənzil verilməli idi”.
Zərərçəkmiş Yaqub Qarayev isə Laçın rayonundan məcburi köçkün olduğunu deyib və mənzil üçün təqsirləndirilən şəxsə 19 min manatdan çox pul verdiyini qeyd edib.
Zərərçəkmişlər bildiriblər ki, Gülnarə Muxtarova pulu özünə götürməyib. Onlar G. Muxtarovanın başqa vəzifəli şəxslərlə əlbir olduğunu deyiblər və işin düzgün araşdırılmasını istəyiblər. G.Muxtarova isə yığdığı pulu özünə götürdüyünü, heç kimlə əlbir olmadığını deyib.
Növbəti iclas martın 28-də davam etdiriləcək.
Ötən ilin martında Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakişi Behbudov, Yaqub Qarayev, Kamal Qasımov və digərlərinə qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ümumilikdə 30 nəfəri aldadaraq onlardan 139 000 manat alması müəyyən edilib. O,
Qaradağ Rayonu Ümid qəsəbəsində qaçqaın və məcburi köçkünlər üçün tikilən binalardan məzil verəcəyini deyib. Bu yolla, onların adını siyahıya salmaq üçün külli miqdarda pul alaraq, dələduzluq edib.
Onu da əlavə edək ki, G. Muxtarova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon Sektorunda Dövlət İdarələri və İctimai Xidmət İşçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri vəzifəsində çalışıb.