Elçin Qədimov: ”Yataqxana daha ağır vəziyyətdə olduğundan orada məskunlaşan məcburi köçkünlər köçürülmə siyahısına daxil olunublar”
Avqustun 7-də axşam saatlarında Xəzər rayonunun Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı “Energetika yataqxanası”nın tavanı çöküb.
Yataqxana sakinlərinin “Trend”ə verdiyi məlumata görə, hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü – Şəhla Məmmədova və 5 yaşlı övladı xəsarət alıb.
Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb və o, xəstəxanaya çatdırılıb.
Sakinlər hadisə baş verən yataqxananın uzun illərdir qəzalı vəziyyətdə olduğunu bildiriblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəsmisi Elçin Qədimov Meydan TV-yə bildirib ki, qurumun nümayəndələri hadisə baş verən ərazidə olubla: “Xəsarət alanlar bizim diqqətimizdədirlər”.
Yataqxanada məskunlaşanların köçürülməsinə gəlincə, E. Qədimov bildirdi ki, yataqxana daha ağır vəziyyətdə olduğundan orada məskunlaşan məcburi köçkünlər köçürülmə siyahısına daxil olunublar.
“İmkan olan kimi köçürüləcəklər. Ancaq “Nə zaman köçürüləcək?” sualına cavab verə bilməyəcəm”-deyə E.Qədimov bildirib.