Qaçaq məhbuslara yardım edənlərin həbsləri davam edir

Daha bir qadın və taksi sürücüsü saxlanılıb

Source:


Daha bir qadın və taksi sürücüsü saxlanılıb

Ağstafa rayonu ərazisində “Qoca” ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva barəsində oktyabrın 31-də həbs qətimkan tədbiri seçilib.

Nəsimi Rayon Məhkəməsi Günay Atakişiyevanın barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsi qərarını çıxarıb.

Report.az yazır ki, Günay Atakişiyeva və onunla birgə saxlanılan taksi sürücüsü (adı hələ məlum deyil) Bakı İstintaq Təcridxanasına köçürülüb. Ancaq sürücünün “Opel” markalı avtomobili Penitensiar Xidmətdə saxlanılır.

“Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur”,-deyə məlumatda bildirilir.

Oktyabrın 30-da müğənni

Fədayə Laçın

barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib və onun da “Mercedes” markalı avtomobili də Penitensiar Xidmətində saxlanılır.

F.Laçının bu gün Bakı İstintaq Təcridxanasına köçürülməsi gözlənilir.

Bildirilir ki, Fədayə Laçın “Qoca” ləqəbli Etibar Məmmədova maliyyə dəstəyi verib.

Oktyabrın 23-də Bakı-Astara-Bakı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmamış, hazırda külli miqdarda narkotik maddələrin dövriyyəsində ittiham olunan Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş, bilərəkdən adam öldürməkdə ittiham edilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Oktyabrın 25-də Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir ki, xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib. Taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar”.

Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.

Qaravul rəisi Ceyhun Səmədov, onun köməkçiləri Fuad Hacıyev və Tural Platxanov həbs ediliblər.

Ana səhifəXəbərlərQaçaq məhbuslara yardım edənlərin həbsləri davam edir