Qənimət Zahid: “Bu prosesi Qənizadənin qələbəsi kimi təqdim etmək düzgün deyil”

Foto: Qənimət Zahidin şəxsi arxivndən

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı Fransada qaldırdığı iddia üzrə məhkəmə qərarı ilə bağlı mətbuat konfransı keçirib.

O bildirib ki, Paris Cinayət Məhkəməsi şikayətini təmin edib və Qənimət Zahid təqsirli bilinib.

Çingiz Qənizadənin sözlərinə görə, qərar 2025-ci il oktyabrın 21-də qəbul olunub və Qənimət Zahid 500 avro məbləğində cərimələnib.

Çingiz Qənizadə
Source: Meydan TV

Qənizadə deyib ki, məqsədi “xarici blogerlərin çıxışlarının cəfəngiyyat olduğunu sübut etmək və adını təmizə çıxarmaq” olub. Onun sözlərinə görə, 2019-cu ilin avqustunda Qənimət Zahid özünün “YouTube” kanalında Qənizadənin Rusiyada bir azərbaycanlının qətlinin təşkilatçısı və ya iştirakçısı olması ilə bağlı iddialar səsləndirib.

Çingiz Qənizadə bildirib ki, bu iddialar böhtan xarakterli olub və ona qarşı istifadə edilib.

O, həmçinin deyib ki, Qənimət Zahid məhkəmə proseslərində iştirak etmək istəməyib və buna görə onun məcburi gətirilməsi barədə qərar çıxarılıb. Qənizadənin sözlərinə görə, Zahid prosesi siyasi adlandırıb və məhkəməyə “yalançı şahid” gətirib, lakin həmin şəxs zaldan çıxarılıb. Qənizadə əlavə edib ki, cərimənin məbləğinin az seçilməsi Zahidin iş yerinin olmaması və Fransa dövlətinin himayəsində olması ilə bağlı olub.

Çingiz Qənizadə bildirib ki, Qənimət Zahidin bəhs etdiyi qətl hadisəsi ilə bağlı günahkarlar artıq tutulub və cəzalandırılıb. Onun sözlərinə görə, Zahid yenidən belə iddialar səsləndirərsə, yaşadığı ölkədən xaric edilə bilər.

Qənimət Zahid 2019-cu il avqustun 18-də internetdə yayımlanan “Azərbaycan saatı” verilişində Ağdaş rayonundan olan və Rusiyanın Arxangelsk şəhərində qətlə yetirildiyi bildirilən Ruslan Hüseynov haqqında danışıb. O iddia edib ki, qətlin sifarişçisi iş adamı Məhəmməd Əliyev olub və bu işdə ona yardım edənlər arasında Çingiz Qənizadə də var.

Qənimət Zahid: “Məhkəmədən yayınmamışam”

Qənimət Zahid Meydan TV-yə açıqlamasında məhkəmədən yayınmadığını bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə iddianın Fransada baxılıb-baxıla bilməyəcəyi, yəni məhkəmənin yurisdiksiyası məsələsi araşdırılıb və bu səbəbdən bir neçə iclas keçirilib. Zahid deyib ki, həmin mərhələdə onun iştirakı tələb olunmayıb.

O, həmçinin cərimə məbləğinin 500 deyil, 300 avro olduğunu bildirib:

“Çingiz Qənizadə məbləği bir qədər şişirdib. Cərimə 500 yox, 300 avro olub. Əlbəttə, apellyasiya şikayəti verə bilərdim. Amma Parisə hər səfərim mənə ən azı 300 avroya, bəzən daha artıq məbləğə başa gəlir. Apellyasiya şikayəti versəydim, azı iki dəfə Parisə getməli olacaqdım ki, bu da minimum 600 avro əlavə xərc demək idi. Bu səbəbdən vəkilimin apellyasiya şikayəti vermək təklifini qəbul etmədim.Güman edirəm ki, Çingiz Qənizadənin bu prosesə xeyli xərci çıxıb. Onun vəkilləri də kifayət qədər bahalı olub. Proses təxminən 5–6 il davam edib”.

Qənimət Zahid həmçinin bildirib ki, məsuliyyətdən yayınmağa çalışması barədə iddialar doğru deyil. Onun sözlərinə görə, ilkin araşdırma zamanı “YouTube” kanalının özünə məxsus olduğunu, materialları özü yüklədiyini və videolarda danışanın özü olduğunu təsdiqləyib və məsuliyyəti üzərinə götürüb.

“Səkkiz bəndin hamısı rədd edilib”

Qınimət Zahid deyib ki, qarşı tərəfin irəli sürdüyü iddia səkkiz bənddən ibarət olub və məhkəmə həmin bəndlərin hamısını rədd edib. O hesab edir ki, prosesi Çingiz Qənizadənin iddia predmeti üzrə tam qələbəsi kimi qiymətləndirmək düzgün deyil:

“Işdə söhbət qətl hadisəsindən gedirdi və Çingiz Qənizadənin həmin hadisədə hər hansı formada iştirakına dair müxtəlif məlumatlar, o cümlədən killerin ifadəsi və digər məqamlar mövcud idi. Bununla belə, Çingiz Qənizadənin səsləndirdiyi fikirlərin arasında kifayət qədər həqiqətə uyğun olmayan məqamların olduğunu vurğulamağı özümə borc bilirəm”, – deyə Qənimət Zahid bildirib. 

Ana səhifəSiyasətQənimət Zahid: “Bu prosesi Qənizadənin qələbəsi kimi təqdim etmək düzgün deyil”