Putinin yaxın hədəfi

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan.tv

İndi o, əldən düşmüş ordusuna qısa dincəlmək fürsəti verir

Putin Qərbin aparıcı siyasi liderlərinə həqarətlə yanaşır. Bunun bir çox səbəbi var. Üzdə olanı onların qanun çərçivəsində hərəkət etmə məcburiyyəti, rəhbərlik etdikləri dövlətlərin digər siyasi qolları ilə hesablaşmalarıdır. Putin onların qanuna və dövlətin digər qollarına ehtiramını görür və bu zaman onda bu siyasi liderlərə hörmət hissi itir. Zira Putin Rusiyada heç kəslə, heç bir qanunla, heç bir siyasi hakimiyyət qolu ilə hesablaşmır. Rusiyanın Dövlət Duması da, Ali Məhkəməsi də, onun mediası da Putinin bir işarəsi ilə onun önündə diz çökməyi özləri üçün əlçatmaz səadət sayırlar. İtaət etməyənləri Putinin gizli əmri ilə məhv edirlər və buna görə Putin heç bir məsuliyyət daşımır. Necə ki, jurnalist Anna Politkovskayanı, siyasətçi Boris Nemtsovu qətlə yetirdilər. İcraçılar tutuldu, sifarişçi məchul qaldı.

Putinin Rusiya üzərində hökmranlığı çar İkinci Nikolayın Rusiya imperiyası və İosif Stalinin SSRİ üzərində hökmranlığından dəfələrlə güclüdür. Nikolayın ətrafında saray, Stalinin ətrafında MK var idi. Putinin ətrafında heç kəs yoxdur, tək özüdür.

Putinin Rusiya üzərində hökmranlıq həddi o qədər intəhasızdır ki, Qərbin heç bir siyasi liderinin ağlına belə gələ bilməz. Məhz belə hədsiz hakimiyyət meyindən sərxoş olmuş Putin ətrafındakı bu qanun qandalları ilə məhdudlaşdırılmış cılız baydenlərə, makronlara və şoltslara həqarətlə yanaşır.

İkinci əsas səbəb bu cılız siyasi liderciklərin məsuliyyətdən çəkinmələridir. Onların hər biri cəmiyyətin rəyindən, parlamentdən, məhkəmədən çəkinir. Putin heç kəsdən və heç kimdən çəkinmir. Loru dillə desək, Putin arxayınlıqla deyə bilər ki, “qələt edir cəmiyyət, ağzı nədir parlamentin, kül başına məhkəmənin”. Deyə bilər və haqlı olar. Putinə məsuliyyət hissi yaddır.

Məhz belə bir şəraitdə Putin Ukraynaya qarşı təcavüzə başlayıb. Onu nə Rusiyanın dünyada bədnam və təcrid olması, nə Qərbin artan iqtisadi və siyasi cəza tədbirləri, nə Rusiyanın müharibədəki hədsiz itkiləri, nə də Rusiyanı gözləyən müdhiş gələcək narahat edir. Putini bu dəqiqə Ukrayna üzərində hərbi qələbə maraqlandırır.

Rus ordusu bu mərhələdə özünün canlı qüvvə və texnika sahəsində üstünlüyündən istifadə edib Luqansk vilayətinin inzibati sərhədlərinə çatıb. İndi Putin əldən düşmüş ordusuna qısa dincəlmək fürsəti verir, sonra isə rus ordusu Donetsk vilayətinin inzibati sərhədlərinə çatmaq uğrunda qanlı döyüşlərə başlayacaq. Bunun üçün rus ordusu Slavyansk və Kramatorsk şəhərlərini ələ keçirməlidir. Bu məqsədə çatandan sonra Putin yenə fasilə götürüb Xersonda referendum keçirəcək və Xerson Xalq Respublikası (XXR) təsis edəcək.

Növbəti hərbi hədəf Nikolayev şəhəri, onun işğalından sonra Odessanın ələ keçirilməsi, Odessa Xalq Respublikasının (OXR) təsis edilməsi olacaq. Bu məqsədə çatandan sonra Putin əmin olacaq ki, Ukraynanı Qara dənizdən kəsib ayırıb. Sonra Putin bir şahanə referendum keçirib işğal etdiyi Ukrayna ərazilərinin Rusiya Federasiyasının tərkibinə qatılması xahişini qutudan çıxaracaq və Dövlət Duması möhtəşəm bir iclas keçirib LXR, DXR, XXR və OXR-i RF-nin tərkibinə qəbul edəcək.

Nümunə kimi Qərbin Kosovonu Serbiyadan qoparması, beynəlxalq qanuna rəğmən onun müstəqilliyini tanıması göstəriləcək.

Əminəm ki, bu an Putin özünün sevincdən axan göz yaşlarını rus televiziyasından gizlətməyəcək.

İşğal edilmiş Ukrayna torpaqları rəsmən Rusiya Federasiyasının əzəli-əbədi ərazisi elan ediləndən sonra Putin bütün dünyaya bildirəcək ki, Ukrayna bundan sonra müharibə yolu ilə bu ərazini qaytarmağa cəhd etsə, bu, Rusiya Federasiyasına hücum hesab ediləcək və Rusiya öz müqəddəs ərazisini müdafiə etmək məqsədilə bütün silah növlərindən, o cümlədən nüvə silahındam istifadə ilə özünü qorumağa məcbur olacaq.

Bəs bu hadisələr zamanı Ukrayna nə edəcək? Ukrayna ordusu özündən sayca və silah sarıdan üstün olan işğalçı ordu ilə qəhrəmanlıqla döyüşəcək və hər qarış vətən torpağını öz əsgər və zabitlərinin qanı ilə suvaracaq. Prezident Zelenski Qərbin və dünyanın siyasi liderlərinə və parlamentlərinə imdad diləyi ilə onlarla müraciət edəcək, lakin dərk edəcək ki, Qərb Ukraynaya sadəcə Rusiya ilə müharibə aparan proksi-dövlət kimi yanaşır.

Ukraynanı tərk edən qaçqınların sayı 15 milyonu ötəcək.

Qərb nə edəcək? Qərbin uzaqgörən siyasətçiləri Rusiyanın bədnam və bihal olmasına sevinəcək. Sevinəcək ki, NATO dövlətləri özləri bir güllə belə atmadan özünü dünyada ikinci qüdrətli ordu sayan hərbi qüvvəni Ukrayna ordusunun əsgər və zabitlərinin qanı və canı hesabına zərərsizləşdirə biliblər. Sevinəcəklər ki, Rusiya innən belə azı 20 il “ordum var” deyə bilməyəcək. Qərbin dövlət başçıları azı beş beynəlxalq görüş keçirib Ukrayna ilə sona qədər həmrəy olduqlarını elan edəcəklər. Qərb dövlətləri Ukrayna ordusuna müasir silah və sursatı çay qaşığı ilə verməkdə davam edəcəklər. Ukraynanın silah və sursat təminatı elə zərgər dəqiqliyi ilə aparılacaq ki, Ukrayna, Allah eləməsin, təcavüzkara sarsıdıcı zərbə endirə bilməsin.

Niyə? Putin əsəbiləşə bilər, Putin taktiki nüvə silahına əl ata bilər. Nüvə müharibəsi təhlükəsini istisna etmək Qərbin hərbi-siyasi rəhbərliyinin öz seçiciləri qarşısında bir nömrəli öhdəliyidir.

Bu, həqiqətən belədir. Nüvə müharibəsi başlasa, bəşəriyyətin sonu gələcək. Nə Avropa, nə Amerika, nə Afrika, nə Asiya, nə Avstraliya, nə Çin, nə də Hindistan olacaq. Bütün dünya və bütün bəşəriyyət məhv olacaq.

Bu məşum sonluqdan qaçmaq üçün nə lazımdır? Qərb elə bu mərhələdə Ukraynaya layiqli müqavimət üçün zəruri olan silah və sursatı verməlidir. O qədər verməlidir ki, rus ordusu Putinin hərbi nəqşələrində öz ordusu üçün cızdığı hədəflərə çata bilməsin. Severodonetsk və Lisiçansk Putin ordusunun tuta bildiyi son Ukrayna şəhərləri olsun.

Əksinə, Ukrayna ordusu hücum ilə həm Xersonu, həm Severodonetski və Lisiçanskı geri ala bilsin. Melitopola hücum etsin və onu geri alsın. Rus qoşununu Xarkovdan uzaqlaşdırsın. Ukrayna ordusu, əgər Qərb ona lazımi silah və sursatı versə, bu hədəflərə çata biləcək.

Lakin Qərbin başbilənləri belə düşünmür. Onların fərqli hədəf və hesablamaları var. Bu hesablamalarda Ukrayna ərazisinin Rusiya tərəfindən işğal edilməsi bir o qədər böyük itki hesab edilmir.

Necə ki, Azərbaycan ərazisinin 15,7%-nin 27 illik işğalı Qərb üçün bir o qədər mühüm məsələ sayılmırdı.

Ana səhifəMənim FikrimcəPutinin yaxın hədəfi