Putinin Xəzər kartı

Xəzərin statusu haqqında yekun qərarın qəbul edilməsinin növbəti dəfə 2016-cı ilə qədər təxirə salınması göstərir ki, Moskva Qərblə bütün istiqamətlərdə aparılan danışıqlarda öz maraqlarını geniş şəkildə müdafiə etmək üçün Xəzər kartından istifadə etməyə davam edəcək

Source:


Xəzərin statusu haqqında yekun qərarın qəbul edilməsinin növbəti dəfə 2016-cı ilə qədər təxirə salınması göstərir ki, Moskva Qərblə bütün istiqamətlərdə aparılan danışıqlarda öz maraqlarını geniş şəkildə müdafiə etmək üçün Xəzər kartından istifadə etməyə davam edəcək



Xəzəryanı dövlətlərin (Azərbaycan, Qazaxıstan, İran, Rusiya, Türkmənistan) sentyabırın 29-da Həştərxanda keçirilmiş IV Sammiti Kremlin cənub sərhədlərində birbaşa Rusiyanın energetika və nəqliyyat sahəsindəki maraqlarına toxunan proseslərdən ən böyük narahatlığını nümayiş etdirdi.

Söhbət Rusiya prezidenti Vladimir Putinin heysiyyətinə toxunmaması mümkün olmayan iki real və bir hipotetik layihədən gedir. Son vaxtlar Avropa İttifaqı və Birləşmiş Ştatlar Türkmənistanın qaz yataqlarını Azərbaycanın boru kəməri şəbəkəsi ilə birləşdirəcək və daha sonra Avropa bazarlarına çıxaracaq Transxəzər qaz kəmərinin tikintisi layihəsinin sürətləndirilməsi üzrə açıq-aşkar addımlar atır. Bu layihənin həyata keçirilməsi Rusiyanın Türkmənistan qazının geri ixracı üzrə eksklüziv hüququnu əlindən alır.

2015-ci ilin yanvarında işə salınacaq ikinci mühüm layihə Türkiyə, Gürcüstan və Azərbaycanın dəmir yollarını Avropa və Mərkəzi Asiyanı birləşdirən, illik 30 mln. ton yükdaşıma gücünə malik vahid şəbəkəyə birləşdirir.

Və nəhayət, həm enerji, həm də nəqliyyat komponentlərini ehtiva edən üçüncü layihə İran qazının Azərbaycan vasitəsilə Avropaya çıxışını, habelə Fars körfəzi və Avropa arasında Cənubi Qafqaz vasitəsilə birbaşa dəmiryolu dəhlizinin yaradılmasını nəzərdə tutan İran istiqamətidir.

Qərb və Rusiya arasında Ukrayna ətrafında qarşıdurmanın artması fonunda Kreml son vaxtlar bir tərəfdən Cənub-Şərq ölkələrindən mümkün qədər çox müttəfiqi öz tərəfinə cəlb etmək, həmçinin Aİ və ABŞ-ın bu istiqamətdə strateji layihələrinin qarşısını almaq üçün müxtəlif siyasi manevrlər edir.

2010-cu il Bakı Sammitinin və 2014-cü il Həştərxan Sammitinin yekun bəyannamələrinin müqayisəli təhlili göstərir ki, Xəzər problemlərinə, o cümlədən Xəzərin statusuna, nəqliyyata, resursların işlənməsinə, ekologiyaya, təhlükəsizliyə yanaşma üslubu çox az fərqlənir. Praktiki olaraq Həştərxan görüşü sadəcə yaranmış status-kvonu qeyd edib.

Putin sadəcə su bölgüsü məsələsinin həll edilmədiyini yenidən qeyd etməyə müvəffəq olub ki, bu, dənizin dibi ilə Bakıdan Türkmənbaşı limanına qədər boru kəməri çəkilməsi zamanı problem yarada bilər. 1998-ci ildə Rusiya və Qazaxıstan Xəzərin dibinin bölünməsini təsdiq ediblər, bu da milli sektorlarda resursların işlənməsini həyata keçirmək hüququ verib. Amma su hissəsi hər bir tərəf üçün 25 millik zonalar olaraq müəyyən edilib ki, bu zonalardan kənarda ortaq istifadə üçün nəzərdə tutulmuş su resursları var. Bu sonradan Rusiyaya sualtı qaz kəməri tikintisinin və hətta ortaq ətraf mühitin müdafiəsi bəhanəsi ilə Azərbaycan və Türkmənistan arasında tanker keçidinin intensivliyinin artırılmasının qarşısını almaq imkanı verir.

Azərbaycan prezidenti İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətini yada salsa da, öz açıq nitqində Transxəzər qaz kəməri mövzusuna toxunmayıb.

Lakin maraqlıdır ki, sammitin açılış günündə rəsmi Aşqabad bildirib ki, Türkmənistan öz fəaliyyətini BMT Baş Assambleyasının 71 üzv dövlətin həmsponsoru olduğu 17 may 2013-cü il tarixli “Enerji daşıyıcılarının etibarlı və sabit tranziti və sabit inkişafın və beynəlxalq əməkdaşlığın təmin edilməsində onun rolu” adlı qətnamənin müddəalarının dəqiq və hərtərəfli yerinə yetirilməsinə yönəldir.

Xüsusən, söhbət energetika sahəsində səmərəli beynəlxalq əməkdaşlığın təmin edilməsinə yönəlmiş yeni beynəlxalq-hüquqi mexanizmin işlənib hazırlanması üzrə beynəxalq ekspert qrupunun yaradılmasından və fəaliyyətindən gedir.

Başqa sözlə, ənənəvi olaraq Transxəzər qaz kəməri mövzusundan yayınan Türkmənistan indi bəlli edir ki, Avropa Energetika Xartiyasının təşəbbüsünü irəli sürdüyü qaz kəməri marşrutlarının müxtəlifləşdirilməsi hüququnu müdafiə etmək niyyətindədir.

Xəzərin statusu haqqında yekun qərarın qəbul edilməsinin növbəti dəfə 2016-cı ilə qədər təxirə salınması göstərir ki, Moskva Qərblə bütün istiqamətlərdə aparılan danışıqlarda öz maraqlarını geniş şəkildə müdafiə etmək üçün Xəzər kartından istifadə etməyə davam edəcək. Bu, həmçinin Qərb tərəfdaşlarının və əleyhdarlarının Rusiyanın iqtisadiyyatına və daxili sabitliyinə dəstək verəcəyi təqdirdə Putinin Xəzər regionunda güzəştlərə hazır olduğunu göstərə bilər. Rusiyada yaxın keçmişdə baş vermiş kəskin süjetli böhranlar göstərib ki, tərəflər kompromisə gəlirdilər ki, 2016-cı ildə Qazaxıstanda keçiriləcək növbəti Xəzər Sammitinə qədər də bunu gözləmək olar.


Turan agentliyinin arayışı


Xəzərin statusu problemi ilk dəfə Rusiya XİN-in Böyük Britaniya səfirinə 5 aprel 1994-cü il tarixli məxfi notasında əksini tapıb. Nota “Əsrin müqaviləsi”nin imzalanmasından əvvəl göndərilib və uzunmüddətli və amansız mübarizənin başlanğıcını qoyub. Zaman təsadüfən seçilməmişdi: “Əsrin müqaviləsi” üzərində iş başa çatmışdı və BP ilə alyansda Amerika şirkətləri təşəbbüs sahibi idi, Rusiya isə oyundan kənarda qalmışdı. Buna görə Moskva danışıqlar prosesinin ləngidilməsi və hətta qarşısının alınması məqsədilə təcili olaraq Xəzərin statusu problemini Azərbaycana və Qərbə təzyiq üsulu kimi işə saldı. Həmin andan etibarən Xəzərin statusu mövzusu Moskva üçün yeni müstəqil Xəzəryanı dövlətlərə qarşı siyasi şantaj və geosiyasi təzyiq vasitəsinə və Qərbin regionda mövqeyinin güclənməsinə imkan verməmək üçün bir alətə çevrildi.


Uzun status yolunun başlanğıcında status probleminin həllində üç mövqe dəqiq müəyyən edilib:


1. Xəzər orta xətt prinsipi ilə müvafiq sahilyanı dövlətin tam yurisdiksiyasına aid olacaq milli sektorlara bölünməlidir (Azərbaycan və Qazaxıstan).


2. Beynəlxalq Dəniz Hüququ normaları Xəzərə şamil edilib. Onlara əsasən, hər bir Xəzəryanı dövlətin ərazi dənizi və balıqçılıq zonası müəyyən ediləcək, su səthinin qalan hissəsi isə ortaq istifadədə olacaq (Rusiya və İran).


3. Xəzər nadir göldür və onun statusunun işlənib hazırlanması zamanı qeyri-ənənəvi yanaşmalardan istifadə olunmalıdır. Milli zonalarla yanaşı, kondominimum prinsipi ilə ortaq istifadə üçün səthin və dəniz dibinin əraziləri ayrılmalıdır (Türkmənistan).


6 iyun 1998-ci ildə Moskvada Rusiya və Qazaxıstan su dərinliyi və səthi ortaq istifadə saxlanılmaqla, Xəzərin şimal hissəsinin dibinin bölünməsi haqqında Saziş imzalayıblar. Tehran dərhal reaksiya verib; “Xəzərlə bağlı dənizin hazırki statusuna zidd olan istənilən ikitərəfli saziş etibarlı deyil və İran İslam Respublikası onları rəsmi olaraq qəbul etmir. İran hesab edir ki, beş sahilyanı ölkə razılığa gələrsə, hər bir tərəf bərabər və ədalətli pay almalıdır”. İranın mövqeyinə əsasən, Xəzərin hüquqi statusu 1921 və 1940-cı illərdə SSRİ və İran arasında bağlanmış müqavilələrlə tənzimlənir.


1-3 avqust 2001-ci ildə Soçidə MDB-nin qeyri-formal sammitində Rusiya və Qazaxıstan prezidentləri bildiriblər ki, “İranın dəniz sektoru” SSRİ və İran arasında əvvəlki müqavilələrlə müəyyən edilib. Buna görə sovet sektoru yalnız SSRİ-nin hüquqi varisləri kimi yeni Xəzəryanı ölkələr arasında bölünməlidir. V.Putin yaxın zamanda yalnız Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistanın iştirakı ilə xüsusi sammit keçirməyi təklif edib. Amma avqustun 4-də artıq Türkmənistan İranın iştirakı olmadan xüsusi sammitdə iştirak etməkdən imtina etdi və Aşqabadda 5 ölkənin iştirakı ilə sammit keçirilməsində israr etdi. Bu, artıq ultimatuma oxşayırdı. Aydın oldu ki, İran və Türkmənistan birlikdə Xəzərin statusu üzrə təşəbbüslərin qarşısını alırlar və Aşqabad sammitinin uğursuzluğu onların destruktiv mövqeyinin təsdiqi oldu.


29 noyabr 2001-ci ildə Moskvada MDB sammiti zamanı Qazaxıstan (N.Nazarbayev) və Azərbaycan (H.Əliyev) prezidentləri Xəzərin statusu ilə bağlı Saziş imzalayıblar, bu Moskva, Bakı və Astananın mövqeyinin üst-üstə düşdüyü demək idi.

Ana səhifəXəbərlərPutinin Xəzər kartı