Putinin təqlidçi vasitəçiliyi

Rusiya prezidenti ictimaiyyət üçün açıq olan hər hansı təşəbbüs irəli sürməyib

Source:


Rusiya prezidenti ictimaiyyət üçün açıq olan hər hansı təşəbbüs irəli sürməyib



Son iki həftə ərzindəki hərbi gərginliyin xeyli azaldığını nəzərə alsaq, demək olar ki, Qarabağ münaqişəsinin növbəti hərbi fazasının yatırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin avqustun 10-da keçirilmiş üçtərəfli görüşü nəticə verdi.

Cəbhədən gələn məlumatlardan və rəsmi KİV-lərin ritorikasından göründüyü kimi, prezidentlər İlham Əliyev və Serj Sarkisyan Vladimir Putinin hərbi fəallığın dərhal azaldılması zərurəti haqqında ciddi nəsihətlərinə qulaq veriblər.

Görüş göstərdi ki, hər iki Cənubi Qafqaz ölkəsi prezidenti münaqişənin siyasi həllinin indiki  mərhələsində bu mübahisəli məsələdə Rusiyanın vasitəçilik etməsini istəyib. “Düşünürəm ki, Rusiya bizim yaxın dostumuz, tərəfdaşımız və qonşumuz kimi, əlbəttə ki, tənzimlənmə prosesində xüsusi rol oynayır, ümid edirik ki, yaxın gələcəkdə danışıqlar yolu ilə, sülh yolu ilə beynəlxalq hüquq normalarına və prinsiplərinə, habelə ədalətə uyğun olan həlli tapacağıq”, deyə Əliyev bildirib.

Lakin qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsini SSRİ irsi kimi tanıyan Putin ictimaiyyət üçün açıq olan hər hansı təşəbbüs irəli sürməyib, yalnız danışıqların davam etdirilməsi məsələsini XİN nümayəndələrinə həvalə edib. Son illər ATƏT-in Minsk Qrupundan narazılığını gizləməyən Əliyev BMT-nin Qarabağ üzrə qətnamələrinə müraciət etməyə çalışıb. Sarkisyan isə özünü Minsk Qrupunun iştirakçısı olan ölkələrin işləyib hazırladığı Madrid prinsiplərinin tərəfdarı kimi göstərib.

Hər üç ölkə KİV-lərinin anonsları və sonrakı təhlilləri, Qərb mətbuatının görüş faktını yüngülvari qeyd etməsi göstərir ki, heç kim üçtərəfli danışıqlardan hər hansı sıçrayış gözləmirdi. KİV hətta bunun son 6 ildə prezident Vladimir Putinin iştirakı ilə ilk vasitəçilik görüşü olduğunu qeyd etməyib. Onun sələfi Medvedev sonuncu belə görüşü 23 yanvar 2012-ci ildə Soçidə keçirmişdi və həmin görüş də bütün əvvəlki görüşlər kimi tərəflərin sakitləşdirilməsi ilə yekunlaşmışdı.

Qeyd etmək lazımdır ki, Azərbaycan-Ermənistan-Rusiya görüşləri Minsk qrupu həmsədrlərinin siyasi dialoqu fəallaşdırmağa cəhd etdiyi bir dövrdə keçirilir. Adətən bu cəhdlər hərbi gərginlik, ictimai isteriya kimi cavab reaksiyasına səbəb olur, bu dəfə, mayın 10-da Amerikalı həmsədr Ceyms Uorlik növbəti müasirləşdirilmiş Madrid prinsiplərini irəli sürdükdən sonra da belə olub. Bu prinsipləri Əliyev və Sarkisyanla müzakirə etməyi Fransa prezidenti Fransua Olland üzərinə götürmüşdü.

İyulun sonlarında hərbçilərin təşkil etdiyi və 20-yə yaxın insanın həyatına son qoyan atışma növbəti dəfə münaqişə tərəflərinin Fransa prezidentinin vasitəçiliyi ilə yeni təşəbbüsləri müzakirə etməyə hazır olmadığını göstərdi. Prezidentlər heç vaxt danışıqlar prosesini sürətləndirməyə tələsməyən və Qafqaza təsir uğrunda dövlətlər arasında gedən mübarizə şəraitində təqlidçi diplomatiyaya üstünlük verən Putinlə Soçu flirtini üstün tutdular.

Uorlikin təklifləri əsasında danışıqlar prosesinin irəli çəkilməsi üzrə ciddi addımlar atmağa çalışmayan digər həmsədr ölkələrə də bu mövqe yaxındır. Ola bilər ki, Ukrayna hadisələri ilə bağlı olan bir “amma” var. Bu dəfə nə ABŞ, nə Fransa, nə Aİ Rusiya prezidentinini barışıq missiyasına dəstək ifadə etməyiblər. Qərbin ümumi carçısı kimi Avropa Şurasının baş katibi Turbyern Yanqland çıxış edib, o, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü alqışlayıb: “Qoşunların təmas xəttində və Azərbaycan və Ermənistanın dövlət sərhədi boyunca ciddi silahlı insidentlər fonunda bu görüş iki ölkə arasında dialoqun bərpası istiqamətində müsbət addımdır”. Sonuncu sülh təşəbbüsləri haqqında isə bir kəlimə belə deyilməyib.

Ana səhifəXəbərlərPutinin təqlidçi vasitəçiliyi