”Putinin söylədikləri Azərbaycanın mənafeyini tam əhatə etmir”

Pənah Hüseyn: Azərbaycan ərazilərini işğaldan azad etmək hazırlığını davam etdirməlidir

Source:
Pənah Hüseyn
Pənah Hüseyn


Pənah Hüseyn: Azərbaycan ərazilərini işğaldan azad etmək hazırlığını davam etdirməlidir

Rusiya prezidenti Vladimir Putinin avqustun 8-də Bakı səfərində səsləndirdiyi “Rusiya çalışacaq ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin kompromisli və tərəflər üçün məqbul həll variantını tapsın” açıqlaması Azərbaycan siyasi dairələrində, ekspertlər arasında müzakirə predmetinə çevrilib.

Xüsusilə də, Rusiya prezidentinin “Biz çalışacağıq ki, hər iki ölkə kompromisli, lakin hər iki tərəf üçün məqbul olan həll yolunu tapsın. Qarabağ münaqişəsində qalib olmamalıdır. Bu məsələnin həllində qalib iki ölkənin xalqı olsun, hər iki ölkə hiss etsin ki, bu çətin məsələni bu günün və gələcək nəslin maraqları çərçivəsində həll edib” fikirləri birmənalı qarşılanmayıb.

Sabiq baş nazir və deputat Pənah Hüseyn Meydan TV-yə deyib ki, Putinin açıqlamaları yenilənmiş Madrid və Kazan prinsiplərində deyilən həll variantları zamanı söylənilən fikirlərin təkrarıdır.

P.Hüseyn hesab edir ki, Putinin söylədikləri Azərbaycanın mənafeyini tam əhatə etmir: “Bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunan ərazilərinin azad edilməsi haqqında qətnamələri var. Həm Madrid, həm Kazan prinsiplərində həmin qətnamələrin xatırlanmaması Azərbaycanın maraqlarına müəyyən qədər cavab vermir. Putinin Bakıdakı açıqlaması da sərhədlərin toxunulmazlığı və xalqların öz müqəddəratının təyin edilməsi arasında bir balans tapılması şəklində ifadə olunub. Bu isə yayğınlıq yaradır və Rusiya prezidentinin söylədiklərində bizim üçün ən məqbul olmayan məqamı – işğala məruz qalan ölkəylə işğalçıya eyni yanaşmanı göstərir. Belə ifadə formasını digər həmsədr ölkələrin rəsmilərinin açıqlamasında da görürük. Görünür, Azərbaycan ərazilərini işğaldan azad etmək hazırlığını davam etdirməlidir”.

Sabiq deputat bildirib ki, həm Putinin, həm də başqa həmsədr ölkələrin rəsmilərinin yayğın açıqlamaları erməniləri də narahat edir: “Bunu Ermənistanın rusdilli mətbuatındakı yazılardan sezmək mümkündür. Ermənilər Rusiyadan daha açıq müdafiə tələb edirlər”.

Pənah Hüseyn Vladimir Putinin “Qarabağ münaqişəsində qalib olmamalıdır” fikrini belə şərh etdi: “Diplomatik ifadədir, təklif olunan müqavilənin hər iki ölkə tərəfindən qəbul edilməsi və cəmiyyət miqyasında sosial-psixoloji hazırlığın gedişi kimi nəzərdə tutulur. Ona görə mən Putinin həmin fikrini ciddi və əhəmiyyətli saymıram. Prinsip etibarilə, söhbət Azərbaycanın qalib olmasından yox, torpaqlarımızı azad edib ərazi bütövlüyümüzü bərpa etməkdən gedir. Əslində, Putinin fikri işğalçıya aiddir, çünki Ermənistan cəmiyyəti və bir sıra beynəlxalq qurumlar onların qalib olduğunu daim qabardırlar. Həm də bu faktdır ki, müharibənin birinci mərhələsində onlar hərbi uğurlar qazanıblar, hərbi cəhətdən Ermənistan qalib tərəfdir. Sözün doğrusu, Putinin həmin açıqlamasının Azərbaycanın əleyhinə, Ermənistanın lehinə olması qənaətində deyiləm”.

Hakimiyyətin status-kvonun indiki vəziyyətilə barışmayacağı haqda bəyanatına gəlincə, P.Hüseyn bildirdi ki, bu fikri dəyişmək lazımdır: “Çünki Ermənistan status-kvonun dəyişdirilməsinin Dağlıq Qarabağın tanınması kimi ifadə edirlər. Rəsmi Bakının diplomatik və hərbi sahədə torpaqların azad olunması üçün iş görməsi vacibdir: “Ermənilər hazırda çox təsirli şəkildə belə bir faktdan istifadə edirlər ki, Azərbaycanda demokratik cəmiyyət olmadığından onların burda yaşaması mümkünsüzdür. Ona görə də ölkədə islahatların aparılmasına Qarabağın azad olunması istiqamətində iş kimi baxılmalıdır. Ümumiyyətlə, Ermənistanın rəsmi və qeyri-rəsmi dairələrinin bu barədə açıqlamaları doğru deyil. Çünki işğal altındakı torpaqların Azərbaycana mənsubluğu tarixi və beynəlxalq sənədlər baxımından təsdiqlənib və hər hansı iddialarla bunlar dəyişdirilə bilməz. O cümlədən, Ermənistandakı rejim ən mürtəce rejimdir və özlərinin cəmiyyəti də bunu belə xarakterizə edirlər. Bu mənada müqayisələr doğru deyil və Azərbaycandakı hansı siyasi rejimin hakimiyyətdə olmasından asılı olmayaraq etnik qrupların vəziyyəti həmişə yaxşı olub”.

Ana səhifəXəbərlər”Putinin söylədikləri Azərbaycanın mənafeyini tam əhatə etmir”