Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi yaradılır
Rusiyada qismən səfərbərlik elan ediləndən sonra 98 minə yaxın rusiyalı Qazaxıstana gəlib.
Eyni zamanda, 64 min 234 rusiyalı ölkəsinə qayıdıb.
Bunu Qazaxıstan Daxili İşlər Nazirliyi sentyabrın 27-də yayıb.
Nazir Marat Axmetjanov bildirib ki, 2018-2019-cu illərdə Qazaxıstana üç milyona yaxın Rusiya vətəndaşı gəlib.
“9 ay ərzində Rusiyadan Qazaxıstana 1 milyon 700 min Rusiya vətəndaşı gəlib.
Bundan əlavə, qeyd etmək lazımdır ki, bizim vətəndaşlar da fəal şəkildə gedirlər. Hər gün 40 min Qazaxıstan vətəndaşı xaricə gedir”, – nazir belə deyib.
Onun sözlərinə görə, bütün bu dəyişikliklər vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxaracaq:
“Bizdə hər şey nəzarət altındadır, miqrasiya qanunvericiliyi işləyir. Ona görə də qanun pozuntusuna yol verən hər hansı anomal hal görmürük”.
Qırğızıstana gedənlərin də sayı artıb…
Rusiyadan Qırğızıstana gələnlərin sayında da artım müşahidə olunub.
Ölkənin Rəqəmsal İnkişaf Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə qeydiyyatdan keçmiş rusların sayı 28 680 nəfər artıb:
“2021-ci ilin cəmi səkkiz ayında Qırğızıstanda 141 minə yaxın rus qeydiyyatdan keçib”.
Nazirlik qeyd edib ki, sentyabrın 21-dən indiyədək Qırğızıstanda 3500-dən çox Rusiya vətəndaşı qeydiyyatdan keçib.
Mətbuat xidməti vurğulayıb ki, söhbət rusların Qırğızıstana gəlişindən 30 gün sonra keçməli olduqları yaşayış yeri üzrə qeydiyyatdan gedir.
Gürcüstanla sərhəddə avtomobil tıxacı…
Rusiya gömrüyünün rəsmi məlumatına görə, təkcə Gürcüstan sərhədində səhərdən 2,5 min avtomobil tıxacda qalıb.
Son 24 saat ərzində oradan 1890 avtomobil keçib.
Şimali Osetiyadakı Rusiya-Gürcüstan sərhədində yerləşən “Verxniy Lars” gömrük-keçid məntəqəsində 3,5 minə yaxın avtomobil toplanıb.
Bu barədə Şimali Osetiya Baş nazirinin müavini İrbek Tomayev bildirib.
Onun sözlərinə görə, Kabardin-Balkar Respublikası və İnquşetiya Respublikası ilə inzibati sərhədlərdə 800-ə yaxın avtomobil toplanıb.
“Son bir həftədə Şimali Osetiya gömrük məntəqəsindən hər iki istiqamətdə 37 mindən çox nəqliyyat vasitəsi və 115 mindən çox şəxs dövlət sərhədini keçib ki, bu da ötən hesabat həftəsi ilə müqayisədə 23,3% çoxdur”.
Rusiya Gürcüstanla sərhəddə səfərbərlik məntəqəsi yerləşdirir…
Rusiya qoşunları Rusiya-Gürcüstan sərhədindəki “Verxniy Lars” keçid məntəqəsində səfərbərlik məntəqəsi yerləşdirəcək.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Yaxın vaxtlarda keçid məntəqəsində Hərbi Komissarlığın səfərbərlik məntəqəsi yerləşdiriləcək”, – deyə rəsmilər qeyd ediblər.
Nazirlik bildirib ki, məhz orada Rusiyanı tərk etmək istəyən insanların ən uzun növbələri son vaxtlar ölkədə elan edilmiş qismən səfərbərliklə bağlı müşahidə olunur.
Bəyanatda qeyd olunur ki, Gürcüstana doğru hərəkət edən yüngül avtomobillərin axını ciddi şəkildə artır.
Qısa xronika
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-dən etibarən qismən səfərbərlik elan edib.
V.Putin yalnız ehtiyatda olan rusların hərbi xidmətə çağırılacağını vurğulayıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, qismən səfərbərlik zamanı 300 min ehtiyatda olan hərbçi orduya çağırılacaq.
Səfərbərlik elan olunandan sonra isə 261 min nəfərin Rusiyanı tərk etdiyi bildirilir.