”Putinin hakimiyyətdə qalacağı təqdirdə Rusiyanın gələcəyi yaxşı görünmür”

27 ildir ”Rusiya Günü” qeyd olunur

Source:


27 ildir ”Rusiya Günü” qeyd olunur

12 iyun Rusiyada “Rusiya Günü” kimi qeyd olunur. 1990-cı ilin həmin günü Rusiya Federasiyası Xalq Deputatları dövlət suverenliyi haqqında qətnamə qəbul etsə də, Rusiyanın müstəqillik bayramı 2002-ci ildən keçirilir.

Siyasi icmalçıların fikrincə, ötən 27 ildə Rusiya siyasi-iqtisadi baxımdan çox dəyişib, Boris Yeltsinin prezident olduğu 1991-99-cu illərdən fərqli olaraq Vladimir Putin hakimiyyəti daxildə mərkəzçilik xətti yürütməklə neoimperializm siyasətinə də yönəlib.

Professor Əli Abbasov bu barədə Meydan TV-yə danışarkən 1991-99-cu illərdə Rusiyada demokratikləşmə, azad mətbuatın əhatəsinin genişlənməsi, insan haqlarının müdafiəsinin daha güclü və sürətlə getdiyini bildirib:

“Ancaq Vladimir Putin hakimiyyətə gələndən sonra, xüsusilə 2007-ci ildə keçirilən “Münhen konfransı” şimal ölkədə demokratiya istiqamətində olan bütün gözləntilərin üstündən xətt çəkdi. Söhbət “suveren demokratiya” anlayışından gedir ki, bununla da azad mətbuatın, demokratik institutların sıradan çıxarılması prosesi sürətləndi”.

Professorun sözlərinə görə, 2000-ci ildən sonra Rusiya qonşularına münasibətində neoimperialist siyasətini gücləndirdi. Moldovada, Azərbaycanda, Gürcüstanda etnik münaqişələri Moskva qızışdırırdı, amma Putin hakimiyyəti dövründə artıq hakimlik edir. 2008-ci ildə Gürcüstanın ərazilərini, ardınca Ukraynanın Krım və Donbassını istila etdi, Moldovada Dnestryanı, Azərbaycanda Qarabağ problemlərini nəzarətində saxlayır, həll olunmasına mane olur.

Əli Abbasov

Əli Abbasov hesab edir ki, Rusiyanın gələcəyi daha çox iqtisadi proseslərdən asılıdır. Hazırda neftin qiymətinin düşməsi Rusiyada sosial-iqtisadi durumu ağırlaşdırıb, eyni zamanda, beynəlxalq sanksiyalar da ciddi təsir edib. Ümumiyyətlə, Putinin hakimiyyətdə qalacağı təqdirdə Rusiyanın gələcəyi yaxşı görünmür.

Azərbaycanın Rusiyada 1992-93-cü illərdəki səfiri olmuş, siyasi icmalçı Hikmət Hacızadə qonşu ölkənin müstəqillik illərinin ziddiyyətlərlə dolu olduğunu düşünür:

Hikmət Hacızadə foto Meydan TV

“Əlbəttə, demokratiya və bazar iqtisadiyyatı sahəsində ciddi addımlar atıldı, mətbuat qismən azad oldu, partiyalar yarandı, şəxsi mülkiyyətə keçildi, parlament seçildi, ölkənin qapıları Qərb dövlətləri üçün açıldı. Ancaq sovet dövründə bunlar barədə düşünmək mümkün deyildi, bir partiya vardı, ümumi mülkiyyət idi. Bunlarla bərabər Rusiya ətrafındakı respublikalar müstəqillik qazansa da, Kreml son 15 ildə onlardan əl çəkmir, neoimperialist siyasət davam edir və xarici siyasətdə irticalı təhlükə kimi qalır. Amma SSRİ ilə müqayisə edəndə, bugünkü Rusiyanı müsbət qiymətləndirmək olar. Çünki indiki Rusiya SSRİ kimi bütün dünyaya təhlükə deyil. O zaman həm özü gəlirdi, həm də axmaq ideologiya və sistem gətirirdi”.

Hikmət Hacızadə düşünür ki, yaxın 10 ildə Putin hakimiyyətinin siyasi kursunu süqut gözləyir:

“Rusiya hökuməti çökəcək və dünyayla normal münasibət qura biləcək yeni Rusiya yaranacaq”.

Ana səhifəXəbərlər”Putinin hakimiyyətdə qalacağı təqdirdə Rusiyanın gələcəyi yaxşı görünmür”