Putinin Ərdoğana verdiyi dosyedə kimlərin adı var?

Ehtimal edə bilərik ki, Moskva Ankaraya Azərbaycanda olan avro-atlantik məkana inteqrasiya tərəfdarlarının “dosye”sini təqdim edib

Source:


Ehtimal edə bilərik ki, Moskva Ankaraya Azərbaycanda olan avro-atlantik məkana inteqrasiya tərəfdarlarının “dosye”sini təqdim edib

Türkiyədə baş verən proseslər  bölgəyə öz təsirini göstərməkdədir. Görünən budur ki, tamamilə yeni dəngələr yaranır.  Türkiyə və Rusiya “Avrasiyaçılıq modeli”ni işə salır.  Qərb və Rusiya bölgədə sünnü-şiə qarşıdurmasının təməlini qoyur. Bir sözlə, silahlar işə düşə bilər. “Vəhşi Qərb” sindromunun yaşana biləcəyi də istisna deyil. Silahlar işə düşəcəksə, artıq bölgədə sabitlik yaratmaq imkansız olacaq. Belə bir situasiyada Azərbaycan hakimiyyətinin cəmiyyətlə əlaqələrinə ardıcıl zərbələrin endirilməsi tendensiyası hiss edilməkdədir. Bu savaşın mediaya transfer ediləcəyi də istisna deyil. Əslində, dövlət başçısının Qərblə bütün əlaqələrinə zərbələr vurulur və son həbslər də məhz bundan xəbər verir. Avroatlantik məkana inteqrasiya tərəfdarı olanların vəziyyəti elə də ürəkaçan görünmür.  Qərb isə hələ də susqunluq nümayiş etdirir. Ehtimal etmək olar ki, referenduma qədər bu susqunluq davam edəcək və referendumdan sonra “böyük bazarlıq “ başlayacaq.

Rusiya prezidenti Vladimir Putinin Bakı səfərindən sonra həbslərin baş verməsi də düşündürücüdür. Kənar baxışla görünən budur ki, Putin Azərbaycandakı Qərbyönümlü siyasətçiləri Ərdoğanın vasitəsilə zərərsizləşdirir. Ehtimal edə bilərik ki, Moskva Ankaraya Azərbaycanda olan Avroatlantik məkana inteqrasiya tərəfdarlarının “dosye”sini təqdim edib və son həbslərə “Azərbaycanda olan Gülən şəbəkəsi”  işi əlavə edilərsə, deməli təzyiq dalğasının miqyası böyük olacaq. Xatırlamaq lazımdır ki, Qərb donorlarından qrant alan 31 təşkilat barəsində qaldırılan cinayət işi yenidən aktualdır. Həbs dalğası həmin siyahını da əhatə edə və daha sonra siyasi partiya liderlərinə çata bilər. Bir sözlə, hakimiyyətdəki Rusiyayönümlü qrup rəsmi Bakının Qərbə yolunu ustalıqla bağlayır və iqtidarı Tehran və Moskvaya yaxınlaşmağa vadar edir. Ölkə rəhbəri vəziyyətin ciddiliyini anlayaraq, ya buna sərt təpki göstərməli, tamamilə fərqli siyasi kursa üstünlük verməli, ya da daxili savaşlara cəlb olunmalıdır. Baş verənlər fonunda ən pisi odur ki, demokratlardan istifadə edilir və vətəndaş cəmiyyətinə ciddi zərbələr vurulur. Qurban verilən Azərbaycan demokratiyasıdır və əgər bölgədə Səudiyyənin, İranın, Türkiyənin, Rusiyanın və digər ölkələrin daxil olduğu savaş başlayacaqsa, Qərb Azərbaycan demokratiyasını məhvə sürükləyəcək.

Son 30 ildə Azərbaycan Rusiyanın və İranın təhdidlərinin, ABŞ və İsrailin demokratiyanı dəfn etməsinin şahidi olub. Bu fonda Türkiyə də müstəqil siyasət apara bilməyib. Ankaranın Azərbaycana münasibəti Vaşinqtonun çıxaracağı hökmdən asılı olub.  İndi isə Ankara Azərbaycanı növbəti dəfə Rusiyaya qurban verməyə hazırlaşır. Protest elektoratını və ictimaiyyəti daha çox düşündürən belə bir sual var – Qərb təsisatları proseslərdə niyə görünmür? İctimai rəydə yaranan fikrə görə, Qərbin mövqeyi bütün seçkilərdə həlledici olub və odur ki, nümayiş etdirilən susqunluq məyusluq yaradır. İctimai rəy Qərbin proseslərdə passiv mövqe sərgiləməsindən xeyli dərəcədə narazıdır. Bu narazılıqlar son anda Qərb əleyhinə əhval-ruhiyyənin artması ilə sonuclana bilər. Yəqin ki, belə bir ehtimal üzərində dünyanın nüfuzlu beynəlxalq təşkilatları da düşünürlər. Odur ki, Azərbaycandakı demokratik proseslərə Qərbin münasibətində ciddi korrektələr etmək zamanının çatdığını bəyan edə bilərik. Unutmaq lazım deyil ki, məğlub olan demokratiya prinsiplərinin özüdür və bu dəfə də Qərb demokratiyanın deyil, neft maraqlarının yanında olsa, artıq ictimai rəydə radikallığın əsas elementə çevriləcəyini ehtimal edə bilərik. Neft ölkələrində siyasi mübarizənin harın məmurlar və radikal qüvvələr arasında getdiyi barədə nümunələr həddən ziyadə çoxdur. Siyasi təhlilçilər əmindirlər ki, demokratiyanın boğulmasının əsas səbəbi böyük coğrafiyanın ölkə üçün yaratdığı geosiyasi manevr imkanlarıdır. Qərb dövlətlərinin təzyiqini hiss edən Azərbaycan bunu İran və digər ölkələrin təsiri ilə tarazlaşdıra bilir. Üstəlik, Qərb dövlətlərinin özlərinin də Azərbaycana marağında enerji məsələləri xüsusi önəm kəsb edir və onlar bunu gizlətmirlər. Ən böyük problem isə cəmiyyətin passiv olmasıdır. Cəmiyyət passiv olduqda  Qərb təsisatları güclünün, yəni hakimiyyətin yanında olur…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəAnalitikaPutinin Ərdoğana verdiyi dosyedə kimlərin adı var?