“Putinin dediyi əsas tezis: Rusiya Ermənistana hücum olmayana qədər neytral qalacaq”

Siyasi ekspertlər Rusiya Prezidentinin fikirlərini şərh edir

Source: Meydan Tv


Siyasi ekspertlər Rusiya Prezidentinin fikirlərini şərh edir

Rusiya Prezidenti Ermənistan-Azərbaycan arasında 10 gündən çoxdur davam edən hərbi əməliyyatlar haqqında ilk dəfə münasibət bildirib.

Rusiya dövlət başçısı Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən narahat olduğunu bildirib:

“Biz çox narahatıq, ona görə ki, həm Azərbaycan, həm Ermənistan, həm də Dağlıq Qarabağda bizə yad olmayan insanlar yaşayır. Bizim hesablamalarımıza görə, Rusiyada iki milyona yaxın azərbaycanlı, iki milyondan çox erməni yaşayır. Çoxlu sayda Rusiya vətəndaşı hər iki ölkə ilə dostluq, hətta qohumluq münasibətlərinə malikdir. Əlbəttə, bu, böyük faciədir. İnsanlar həlak olur, hər iki tərəfdən itkilər var".

Vladimir Putin qeyd edib: "Ümid edirik ki, ən yaxın zamanda bu münaqişə bitəcək. Əgər bu münaqişə tamam bitməsə… Görünən odur ki, buna hələ çox var. Lakin bütün hallarda biz atəşi dayandırmağa çağırırıq. Bunu ən qısa müddətdə etmək lazımdır.

Məlumdur ki, Ermənistan KTMT-nin üzvüdür. Bizim bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəliklərimiz var. Lakin hərbi əməliyyatlar, təəssüflər olsun ki, hələ də davam edir, amma Ermənistan ərazisində aparılmır".

tofiq_zulfiqar_(8).jpg
Tofiq Zülfüqarov

Azərbaycanın sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə Rusiya Prezidentinin dediklərini şərh edərkən bildirib ki, bu açıqlama Kremlin mövqeyində ciddi mövqe dəyişikliyinin olmadığını aşkarlayıb:

“Minnətdarıq ki, Putin nəhayət ki, özü bununla bağlı açıqlama verdi. Amma biz hamımız Ermənistanın öz mövqeyində dəyişikliklər etməsini gözləyirik, işğalın dayandırılması barədə konkret münasibət ortaya qoymalıdır. Əgər Ermənistan mövqeyini dəyişməsə, atəşkəsin bərpa olunması mümkünsüzdür. Hələ ki Yerevandan səslənən bəyanatlar Azərbaycan ərazilərinin anneksiyasına yönəldilib, təbii ki, bu qəbuledilməzdir. Kim necə adlandıra bilər, bizim ərazimizdə Ermənistan qoşunları hərbi əməliyyatlar aparır. İkinci, Ermənistan ərazisindən Azərbaycana atəş açılır. Belə olduqda, Azərbaycan daha qəti addımlar atacaq”.

Tofiq Zülfqarov düşünmür ki, Rusiya prezidenti Dağlıq Qarabağın adını ayrıca çəkməklə bölgəni tərəf kimi tanıyır:

“Bu fikrə ayrıca don geyindirməyə çalışacaqlar, amma hamı başa düşür ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Putin birmənalı şəkildə deyib ki, hərbi əməliyyatlar Ermənistanın ərazisində aparılmır”.

Tofiq Zülfüqarov bildirib ki, Ermənistanın Azərbaycanın ərazilərini vurduğu raketlər Rusiya tərəfindən verilib:

“Bu raketlər hansısa müqavilə əsasında Ermənistan ordusuna verilib. Bunların Azərbaycana qarşı istifadəsi çox mürəkkəb mənzərə yaradıb. Çünki həmin silahlar həm Rusiyanın, həm də KTMT-nin müştərək silahıdır. Bəs KTMT üzvləri həmin silahların Azərbaycana qarşı istifadəsindən razıdırlarmı? Məncə, Azərbaycan KTMT üzvləri qarşısında bu məsələni qaldırmalıdır”.

İlqar Vəlizadə
İlqar Vəlizadə

Siyasi icmalçı İlqar Vəlizadənin sözlərinə görə, Rusiya Prezidentinin açıqlamasının əsas mesajı odur ki, onlar münaqişəyə müdaxilə etmirlər, niyyətləri də yoxdur:

“Əlbəttə, Putin laqeyd yanaşa bilmədiklərinə də işarə edir. Amma müdaxilə etməyə əsaslarının olmadığını da deyir və əməliyyatların Ermənistan ərazisində aparılmadığını əlavə edir. Bununla belə Putin KTMT-nin öhdəliklərini pozmadığını söyləyir və Ermənistan tərəfinin də etiraf etməsini istəyir. Putin demək istəyir ki, Rusiya qarışmır, özünüz həll edin”.

İlqar Vəlizadənin sözlərinə görə, Putinin açıqlamasından sonra Azərbaycan hərbi əməliyyatları bir müddət də davam etdirəcək:

“Görünən odur ki, aparıcı dövlətlərin münaqişəyə müdaxilə etmək üçün real marağı yoxdur. Hamı başa düşür ki, müharibə Azərbaycan ərazisində aparılır və ümumi çağırışları kənara qoysaq, BMT müstəvisində də qətnamə qəbul olunmur. Hansı qətnamə ola bilər ki, Azərbaycan öz ərazisində anti-terror əməliyyatı aparır. Həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hüquqi baza təşkil edir və bu sənədlərdə erməni hərbi birləşmələrinin Azərbaycandan qeyd-şərtsiz çıxarılması göstərilib. Ona görə də hələ əsas hadisələr hərbi müstəvidə gedəcək, sonradan müəyyən şərtlərlə danışıqlar mümkündür. Bu baxımdan Ermənistanda daxili dəyişikliklər olacaq və Azərbaycan hökuməti gələcək sülh sazişini, yaxud siyasi razılaşmanı Paşinyan hökuməti ilə imzalamayacaq”.

Azer-Qasimli.jpg
Azər Qasımlı

Siyasi icmalçı Azər Qasımlı hərbi əməliyyatların başladığı 27 sentyabrdan sonra Putinin ilk dəfə verdiyi qısa açıqlamasında çox böyük mətləblərin olduğunu vurğulayıb:

“Onun dediklərindən belə anlaşıldı ki, Rusiya Ermənistana hücum olmayana qədər neytral qalacaq. Putinin bu barədə dediklərində əsas tezis bundan ibarətdir”.

Azər Qasımlı hesab edir ki, Putinin “Biz çox narahatıq, ona görə ki, həm Azərbaycan, həm Ermənistan, həm də Dağlıq Qarabağda bizə yad olmayan insanlar yaşayır” cümləsində Dağlıq Qarabağı ayrıca vurğulaması separatçıları tərəf kimi tanaımaq anlamına gəlməməlidir:

“Heç əlaqəsi yoxdur, Dağlıq Qarabağ sadəcə bir bölgədir və Rusiya dövlət başçısı həmin bölgənin adını çəkib. Mən Putinin müsahibəsində "Ümid edirik ki, ən yaxın zamanda bu münaqişə bitəcək. Əgər bu münaqişə tamam bitməsə… Görünən odur ki, buna hələ çox var” fikrinə diqqət yönəltmət istərdim. “Münaqişə tamam bitməsə” nə deməkdir? Yəni, onun tamam bitməsi o deməkdir ki, Azərbaycan 7 rayonla bərabər Dağlıq Qarabağda da öz ərazi bütövlüyünü təmin edir”.

Ana səhifəXəbərlər“Putinin dediyi əsas tezis: Rusiya Ermənistana hücum olmayana qədər neytral qalacaq”