O, 3 saat polisdə saxlanıldığını deyib
Rusiyanın “Birinci kanalı”nda Ukraynanın işğalına etiraz etməsi ilə gündəmə gələn jurnalist Marina Ovsyannikovanın saxlanıldığı deyilir.
Məlumatı rusiyalı jurnalist “Twitter”də yayıb.
O, M.Ovsyannikovanın iki polis tərəfindən aparıldığını bildirib.
M.Ovsyannikova az sonra “Facebook” hesabında iki iti ilə çəkdirdiyi şəkilləri paylaşaraq, itlərlə gəzməyə çıxan zaman saxlanıldığını yazıb.
O, 3 saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.
“Mən evdəyəm, hər şey qaydasındadır”, – deyən rusiyalı jurnalist əlavə edib: “Ancaq indi başa düşürəm ki, əgər çölə çıxırsınızsa, həmişə özünüzlə çamadan və pasport götürməyiniz yaxşıdır”.
M.Ovsyannikova iyulun 15-də Kremlin yaxınlığında “Putin qatildir, onun əsgərləri faşistdir” yazılan plakatıyla təkadamlıq aksiya keçirmişdi.
Bu ilin martın 14-də Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Vremya” proqramının efiri zamanı kanalın redaktoru Marina Ovsyannikova əlində plakat studiyaya daxil olaraq müharibə əleyhinə şüar səsləndirib.
O, “müharibəni dayandırın, təbliğata inanmayın”, – deyə çağırış etmişdi.
Foto: “Twitter”
Xatırlatma
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.