Bəhruz Məmmədov

Mənbə: Foto: Meydan tv

Başlıq: Bəhruz Məmmədov

Putinə, Trampa şikayət məktubu göndərən azərbaycanlı

Bəhruz Məmmədov son bir neçə ildə 13 minə yaxın şikayət məktubu göndərib

“Dövlətin verməli olduğu sığorta pulunu ala bilmədiyim üçün aidiyyatı qurumlara 12 min 500-dən artıq məktub göndərmişəm. Buna görə az qala 100 dəfə Bakıya gedib gəlmişəm. Məktublara, yola xərclədiyim pulları isə ondan-bundan almışdım. Rayonda borc almadığım biri qalmamışdı. Kimindən 50, kimindən 60, digərindən 100, 200 – nəticədə 4 mindən artıq borc yığmışdım boynuma. Onları ödəmək üçün kredit götürməli oldum”.

“Kredit ödəyirəm deyə, maaşım ay sonuna yetmir”

Naftalan sakini 36 yaşlı Bəhruz Məmmədov belə deyir. Ailəli və bir övladı olan Bəhruz bu gün kredit borcuna görə çox ağır şəraitdə yaşadığını söyləyir. Kirayə qalır, kredit ödədiyi üçün aldığı pul və pensiyasının ay sonuna yetmədiyini, borclarının üstünə borc gəldiyini bildirir:

“Oğlum ikinci sinifdə oxuyur. Təsəvvür edin, qış gəlir, mən ona ayaqqabı, palto ala bilmirəm. Əslində isə dövlət mənə verməli olduğu vəsaiti ödəsə, həm banka olan borcumu ödəyərəm, həm də vəziyyətim bir az düzələr”.

B.Məmmədov 3 il 1 ay hərbidə işləyib. Xidmət dövründə xəsarət alıb. İkinci qrup əlillik dərəcəsi var:

“Gizir idim. Xəsarət aldım, çıxdım. İkinci qrup əlillik kağızını 5 ay öncə veriblər. Hərbidə əlillik aldığım üçün dövlət mənə sığorta kimi birdəfəlik müavinət ödəməli idi. Təxmini hesablamışam, 7800 manat edir. Ancaq həmin pulu mənə verməkdən min bir bəhanə ilə boyun qaçırırlar”.

“Hüquqlarımı bilirəm, məni aldada bilməzlər”

Bəhruz Məmmədov deyir ki, ona açıqlananların hamısı bəhanədir, əsası yoxdur:

“Deyirlər, “ç” bəndinə əsasən, mən 2016-cı ildə pensiyaya çıxmalı imişəm. Çıxandan 3 il müddətinə həmin sığorta haqqını almalıymışam. Guya bir neçə ay gecikmişəm. Bəli, mən 2016-cı 3-cü dərəcəni almışdım. 2-ci dərəcəni isə 2019-cu ildə almışam. Həmin bənddə də deyir ki, qrupu aldığın gündən 3 il müddətinə birdəfəlik müavinətini almalısan. Mən hüquqlarımı yaxşı bilirəm, məni aldada bilməzlər”.

“Bu ölkədə hərbçiyə, şəhidə, qaziyə hörmət yoxdur”

Bəhruz Məmmədov “Kapital Bank”dan aldığı kreditin də faizlərinin kifayət qədər artıq olduğunu söyləyir. Çox çətin ödəyə bilir:

“Bu dövlət niyə ödəmir axı mənim sığortamı? Onsuz da hamısını özlərinə qaytaracağam yenidən. Öz banklarıdır. İstəmirlər borclarını qaytarım? Versinlər, aparım borcumu bağlayım. Qalanı ilə də ailəmi götürüb elə gedəcəyəm ki, buradan. Bu ölkədə hərbçiyə, şəhidə, nə bilim qaziyə heç bir hörmət yoxdur. Özü də müharibə şəraitindədirlər. Sabah çağırsalar, heç kim gedib xidmət etmək istəməyəcək”.

“Bir tikə çörəyi güclə tapırıq”

Bəhruz Məmmədov deyir ki, bu gün banka, ayrı-ayrı insanlara olan borcu ilə yanaşı rayonun ərzaq mağazalarına da xeyli verəcəyi var. Ödəyə bilmir:

“Birinə 100, birinə 70, birinə 150, nə bilim, birində 170. Artıq heç kim nisyə mal da vermir. Bir tikə çörəyi güclə tapırıq. Kirayə pulunu da ödəyə bilmirdim. İcra Hakimiyyəti götürüb boynuna. Birinci müavin ödəyir. Niyə ödəməlidir? Mənim haqqım olan vəsaiti vaxtında ödəsəydilər, bu qədər borc-xərc yığmaz, bankdan kredit götürməzdim. İndi zəhmət çəkib mənim bütün zərərimi kompensasiya etsinlər”.

“Lazım gəlsə, lap 20 min məktub da yazaram”

Bəhruzun indiyə qədər şikayət məktubu ünvanlamadığı qurum qalmayıb. Prezident Administrasiyası, Heydər Əliyev Fondu, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Avropa Şurası, Avropa Parlament Assambleyası, ATƏT, hətta Rusiya prezidenti Putin, Amerika Birləşmiş Ştatlarının prezidenti Trampa da məktublar göndərib:

“Axırda bezib bizim rayon rəhbərliyinə məndən şikayət göndəriblər ki, onu bir az incidin, adam nə qədər məktub göndərər? Dəfələrlə polis çağırıb, dindirib, təhdid edib. Amma buradan deyirəm, mən heç kimdən qorxmuram. Haqqım olan pulu ödəməyənəcən lazım gəlsə, lap 20 min məktub da yazaram”.

Meydan TV Müdafiə Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə deyilib ki, bəli, hərbidə əlillik qazanan insanlara birdəfəlik maddi yardımlar verilir:

“Bunun üçün Bəhruz Məmmədov Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduğu rayondakı şöbəsinə müraciət etməlidir. Onlar həmin şəxsi qeydiyyata götürürlər. Adətən əlillər günündə çağırıb müavinəti ödəyirlər. Amma bunun üçün müraciət etməlidir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/m6itwu

Ən çox baxılan