Prezident İlham Əliyev oktyabrın 22-də Baş nazirin birinci müavini Yaqub Eyyubovu “İstiqlal” ordeni ilə təltif edib.
İlham Əliyev bildirib ki, Yaqub Eyyubov hələ keçmiş prezident Heydər Əliyevin dövründən yüksək vəzifələrə təyin olunub.
“Onun Sərəncamı ilə siz böyük vəzifə olan Baş nazirin birinci müavini təyin olunmusunuz və o illərdən bəri bu vəzifədə çalışırsınız. 22 il ərzində mənim prezidentlik dövrümdə də sizə dəfələrlə etimad göstərmişəm, hər prezident seçkilərindən sonra sizi həmin vəzifəyə yenidən təyin edirdim. Bu gün sizə bu dövlət mükafatını təqdim edərkən demək istəyirəm ki, mən sizin işinizdən razıyam. Öz işinizdə həmişə tələbkarsınız və mənim göstərişlərimi layiqincə yerinə yetirirsiniz. Böyük xidmətlərinizi nəzərə alaraq sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif etmişəm”,- İlham Əliyev bildirib.
Sərəncama görə o, bu mükafata Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə layiq görülüb.

80 yaşlı Yaqub Eyyubov 1999-cu ildən etibarən Azərbaycan Respublikasının Baş nazirinin müavini vəzifəsində çalışıb və 2003-cü ildən etibarən Baş nazirin birinci müavini təyin olunub.
Yaqub Eyyubov Azərbaycan Respublikasının “Şərəf” ordeni (2015), Rusiya Federasiyasının “Dostluq” ordeni (2015) və Belarus Respublikasının “Şərəf” ordeni (2015) ilə təltif olunub.
2016-cı ildə Rusiya Prezidenti Vladimir Putin Kremldə Yaqub Eyyubova “Dostluq” ordenini şəxsən təqdim edib və qeyd edib ki, o, Rusiya və Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə mükafatlandırılır.
Azərbaycanda yüksək vəzifələrdə çalışmış Yaqub Eyyubovun adı korrupsiya və çirkli pulların yuyulmasında da hallanır. OCCRP-in 2017-ci ildə araşdırdığı materialda sızdırılmış sənədlər və bank əməliyyatları göstərir ki, bu sistem vasitəsilə milyonlarla dollar dəyərində vəsaitlər xaricə köçürülüb, həmçinin xarici ölkələrdə tibbi xərclər və digər böyük məbləğli ödənişlər həyata keçirilib.
“Pulyuyan maşın” Azərbaycandan olan elita nümayəndələrinin milyonlarla dollar pulunun mənbəyinin gizlədilməsi, xidmət və malların satın alınması və Avropa Birliyi ərazisində fəaliyyət göstərən şirkətlərə və ayrı-ayrı şəxslərə gizli ödəniş etmək üçün çirkli pulların yuyulması sxemi olub.
Bu “maşın” həm də bir – biri ilə sıx bağları olan zəngin Azərbaycan siyasətçilərinin daha da zənginləşməsi üçün istifadə edilib. Bu, ölkənin ən güclü rəsmi şəxslərindən biri olan Yaqub Eyyubov və onun ailəsi ilə bağlı araşdırmada də tutarlı şəkildə təsvir olunur.
Sızdırılan bank sənədləri göstərir ki, baş nazirin birinci müavini Yaqub Eyyubovun Azərbaycanın “pulyuyan maşın”ının mərkəzindəki şirkətindən istifadə edərək, on min dollarlarla dəyəri olan tibb xərclərini ödəyib.
Eyni zamanda Budapeştdə oğluna məxsus bank hesabına “pulyuyan maşın” vasitəsilə milyonlarla vəsait köçürülüb.
Bank sənədlərində aşkar olunub ki, bu ödənişlər üçün edilən pulun bir hissəsi Rusiyanın dövlət müəssisəsi və əsas silah ixracatçısı olan “Rosoboronexport” şirkəti tərəfindən gizli əməliyyat şəklində köçürülüb. Bu ödənişlərin nə üçün edildiyi məlum deyil.