Rusiya prezidenti fərman imzalayıb
Rusiya Prezidenti Vladimir Putin iş adamı Ruben Vardanyanı Rusiya vətəndaşlığından çıxarıb.
Bu barədə V.Putin dekabrın 22-də fərman imzalayıb.
RBK agentliyi yazır ki, Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina ilə bağlı özü müraciət etmişdi. O, Rusiyadan getməsini böhranlı vaxtlarda xalqının yanında olmaq istəyi ilə izah edib.
İş adamı R.Vardanyan 2022-ci ilin sentyabrda Rusiya vətəndaşlığından çıxdığını bəyan edib və Dağlıq Qarabağa köçüb.
Noyabrın əvvəlində o, tanınmamış “respublika”nın baş naziri olub.
R.Vardanyan “Vardanyan, Broitman and Partners” investisiya şirkətinin prezidenti, RVVZ Fondunun və Moskva İdarəetmə Məktəbi “Skolkovo”nun həmtəsisçisidir.
“Forbes” R.Vardanyanın sərvətini 1 milyard dollar qiymətləndirir. O, rusiyalı milyarderlərin reytinqində 116-cı yerdə idi.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən demişdi ki, Azərbaycan ermənilərlə danışmağa hazırdır, amma Moskvanın göndərdiyi Vardanyanla yox.
İlham Əliyevin sözlərinə görə, Vardanyan Moskvadan çox aydın gündəliklə göndərilib.