“Tələblərimiz yerinə yetirilməyənə qədər saziş yenilənməyəcək”
Rusiya Prezidenti Vladimir Putin taxil sazişinə görə məsuliyyəti Qərbin üzərinə atıb.
“Qərb bizim tələbləri yerinə yetirənə qədər taxıl müqaviləsini yeniləməyəcəyik“, – deyə o bildirib.
Putin bu bəyanatı Soçidə səfərdə olan Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında səsləndirib.
Putin bildirib ki, Qərb kənd təsərrüfatı məhsullarının ixracına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir, əks halda sazişin uzadılması bərpa olunmayacaq.
“Biz Taxıl sazişi”ni uzatdıq, Qərbsə heç nə etmədi. Qərb Rusiyanı “Taxıl sazişi”nin humanitar xarakter daşıması ilə bağlı aldadıb“, – Rusiya lideri bildirib.
O, həmçinin Rusiyanın kasıb ölkələrə, xüsusən də Afrika ölkələrinə pulsuz taxıl verəcəyini deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə mətbuat konfransında deyib ki, Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır.
Ərdoğan Putinlə danışıqların konstruktiv keçdiyini deyib.
Rusiya ilə Qərbin münasibətləri 2022-ci ilin fevralında başlanan Rusiya-Ukrayna müharibəsindən sonra gərginləşib.
Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam edir.
Rusiya Ukraynanın bir çox ərazilətrini, həmçinin “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Qərb müharibəyə görə Rusiya iqtisadiyyatına, vəzifəli şəxslərinə və oliqarxalarına sanksiyalar tətbiq edib.
Rusiya da cavab olaraq “Taxıl sazişi”nin müddətinin uzadılmasını əngəlləyib.