Zərdüşt Əlizadə: ”Bu, siyasi fırıldaqdır”
Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə ənənəvi müraciətində martın 1-də SSRİ-nin dağılmasını Rusiyanın itkisi kimi
qiymətləndirib
.
“Digər ölkələrdə Sovet Rusiyası kimi adlandırılan SSRİ-nin dağılmasından sonra Rusiya sərhədlərinin 23,8 faizini, əhalinin 48,5 faizini, ÜDM-in 41 faizini, istehsal potensialının 39,4 faizini, SSRİ hərbi qüvvələrinin bölüşdürülməsi nəticəsində hərbi potensialının 44,6 faizini itirib.
Sovet İttifaqının bərpası reallıqdan uzaqdır
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə Rusiya prezidentinin bir neçə il əvvəl SSRİ-nin dağılması ilə bağlı səsləndirdiyi fikirləri xatırladıb.
“Putin demişdi ki, kim SSRİ-nin dağılmasından peşmançılıq hissləri keçirmirsə, onun ürəyi yoxdur. Amma kimsə SSRİ-nin bərpasının mümkünlüyü haqqında düşünürsə, onun ağlı yoxdur. Bu baxımdan SSRİ-nin bərpası reallıqdan uzaqdır, bunu Rusiya prezidenti də deyib. Bəli, onun sonuncu açıqlamasına iddia şəklində də baxmaq olar, ancaq Sovet İttifaqının bərpası reallıqdan uzaqdır”.
Yerinə yetriməyəcəyi vədlər verir
Siyasi icmalçı Zərdüşt Əlizadə Rusiya prezidentinin çıxışını 18 mart prezident seçkisi ilə əlaqələndirib:
“Putin parlamentə məruzəsində heç bir hesabat vermir, 18 ildir hakimiyyətdədir, nə edib, hansı səhvlər olub, bu barədə danışmadısa, onun xalqa deməyə sözü yoxdur. Rusiya iqtisadiyyatı bərbad gündədir, prezidentin ətrafı da ölkəni dağıdır. Ancaq bunlara rəğmən prezident xalqa yerinə yetirməyəcəyi növbəti yalan vədlər verir. Üstəlik də ictimaiyyətin diqqətini ölkənin problemlərindən yayındırmaq üçün xəritələrdən, sxemlərdən danışır. Bu, siyasi fırıldaqdır və rus şovinizmini alovlandırmaq üçün belə bəyanat verir”.
Z.Əlizadənin sözlərinə görə, Rusiyanı kiçik xalqlar yox, rus xalqı və SSRİ-yə rəhbərlik edən xəyanətkar zümrə dağıdıb:
“Əslində, Putin bu barədə danışmalıydı”.
Putin faktiki açıq mətnlə ərazi iddiası irəli sürür
Tarixçi-alim Altay Göyüşov hesab edir ki, Putinin çıxışının tərcüməsi belədir:
“SSRİ zad boş şey idi, müttəfiq respublikalar hamısı Rusiyanın ərazisi idi. Məsələnin məğzi isə budur ki, Putin faktiki açıq mətnlə ərazi iddiası irəli sürür. SSRİ-nin dağılması ilə müstəqilliyini qazanmış respublikaları Rusiyanın tarixi əraziləri adlandırır. Krım söhbətində olduğu kimi öz ideoloqlarına yeni təbliğat istiqaməti göstərir.
Eyni çıxışda da Rusiyanın hərbi qüvvəsindən, guya tayı-bərabəri olmayan silahlarından danışır. Neçə ildir deyirik ki, Azərbaycanda demokratiya, insan haqları, azadlıqlar, əhalinin rifahı uğrunda mübarizə, həm də Azərbaycanın istiqlaliyyəti uğrunda, onun dövlətçiliyini möhkəmləndirmək, müstəqilliyi geniş kütlələrə sevdirmək uğrunda mübarizədir.
Rusiyanın ambisiyalarından, niyyətlərindən, təsir dairəsindən, geridəqalmışlığından uzaqlaşdırmaqdır. Rusiyaya oxşar sistem qurmaq, insanları rifahdan, ədalətdən məhrum etmək, haqlarına təcavüz etmək isə müstəqilliyi şəxsi, hakimiyyət maraqlarına qurban vermək, Azərbaycanı bu ambisiyaları məlum imperiya qarşısında ideoloji və mənəvi cəhətdən zəif, aciz duruma salmaqdır”.
Altay Göyüşov bildirib ki, hakim partiya və sovet partnomenklaturasının “tarixçi”-ideoloqlarının Sovet Azərbaycanına ikinci respublika adı qoyması, əslində Rusiya müstəmləkəçiliyini Azərbaycanın müstəqilliyindən daha üstün tutmaları ilə əlaqədar idi:
“Keçmişlərindən əl çəkə bilmirdilər, gələcəyə də elə bu prizmadan baxırdılar. Elə Cümhuriyyətə qısqanc yanaşmalarının səbəblərindən də biri bu idi. Yəni Azərbaycanda demokratiya istəmək onun müstəqilliyini sevməkdir. Cümhuriyyət, demokratiya müstəqilliyin simvoludur. Avtoritarizm isə məmləkətin müstəqilliyinə biganə olanların, onu şəxsi mənafelərinə, maraqlarına qurban verə bilənlərin qurduğudur”.