Rusiya prezidentinun şahzadə ilə OPEC+ məsələlərini müzakirə edəcəyi açıqlanıb
Rusiya Prezidenti Vladimir Putin dekabrın 6-da dörd rus qırıcısının müşayiəti ilə Səudiyyə Ərəbistanına uçub. Onun ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə neft hasilatı və OPEC+ məsələlərini müzakirə edəcəyi açıqlanıb. Putinin şahzadə ilə görüşü OPEC+ ölkələrinin hasilatı daha da azaltmaq vədinə baxmayaraq, neft qiymətlərinin düşməsindən sonra baş verir.
Putini Əbu-Dabidə prezident Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan qarşılayıb. “Bizim əlaqələrimiz, əsasən, sizin mövqeyiniz sayəsində görünməmiş yüksək səviyyəyə çatıb. BƏƏ Rusiyanın ərəb dünyasında əsas ticarət tərəfdaşıdır”, – Putin deyib.
Putin Rusiya və BƏƏ-nin üzvlərinin dünya neftinin 40 faizdən çoxunu nəql etdiyi OPEC+ çərçivəsində əməkdaşlığı, İsrail-HƏMAS münaqişəsi və Ukraynanı müzakirə edəcəklərini bildirib. Ukrayna-Rusiya müharibəsi başlayandan bəri Putin Rusiyanı çox nadir hallarda tərk edib.
“Reuters” yazır ki, Putinin dünyanın ən böyük xam neft ixracatçısının vəliəhd şahzadəsi ilə neft bazarları barədə konkret olaraq nəyi müzakirə etmək niyyətində olduğu bəlli deyil.
Kreml isə bildirib ki, neftlə yanaşı, İsrail və HƏMAS müharibəsi, Suriya və Yəməndəki vəziyyət, Körfəzdə sabitliyin təmin edilməsi kimi məsələlər, Ukrayna da müzakirə olunacaq.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin dekabrın 7-də Moskvada İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək.