İsrailin Baş naziri Rusiya prezidentindən “Azovstal”dan insanların təxliyəsini xahiş edib
Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovun “Hitlerdə də yəhudi qanı var idi” bəyanatına görə İsrailin Baş naziri Naftali Bennetdən üzr istəyib.
Bu barədə İsrailin Baş nazirinin dəftərxanası məlumat yayıb.
Bildirilib ki, mayın 5-də səhər saatlarında Naftali Bennettin Vladimir Putinlə telefon danışığı olub:
“Rusiya prezidenti İsrail vətəndaşlarını Müstəqillik Günü münasibətilə təbrik edib və xarici işlər naziri Sergey Lavrovun bəyanatına görə üzr istədiyini bildirib. Bennet Putinin Lavrovun sözlərinə görə üzrxahlığını qəbul edib, yəhudi xalqına və Holokostun xatirəsinə münasibətinə görə Rusiya prezidentinə təşəkkür edib”.
“Naftali Bennet Rusiya prezidentindən humanitar səbəblərə görə Mariupoldakı “Azovstal”dan insanların təxliyəsi üçün müxtəlif variantları nəzərdən keçirməyi xahiş edib. Bu tələb bir gün əvvəl Bennettin Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətinin nəticəsi idi. Putin BMT və Qırmızı Xaç təşkilatının humanitar dəhlizləri vasitəsilə mülki əhalinin, o cümlədən yaralıların təxliyəsinə icazə verəcəyini vəd edib”.
Mayın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın “Mediaset” televiziya şirkətinə müsahibəsində təkcə İsraildə deyil, digər ölkələrdə də mənfi qarşılanan bir neçə bəyanatla çıxış edib.
S. Lavrov bildirmişdi:
“Zelenskinin yəhudi olması ölkəsindəki nasist ünsürləri inkar etmir. İnanıram ki, Adolf Hitlerdə də yəhudi qanı olub. Zelenski cinayət törədən nasist qüvvələrinə əmr verməyi dayandırarsa, dövlətlər arasında sülh təşviq oluna bilər. Biz çoxdan eşitmişik ki, müdrik yəhudi xalqından ən qızğın antisemitlər olur”.