“Təklif edirəm, bir-birimizin daxili işlərinə, o cümlədən seçki proseslərinə müdaxilə etməyək”
Prezident Vladimir Putin sentyabrın 25-də Rusiya ilə ABŞ arasında bir-birinin seçkilərinə kiber müdaxilə etməməyi təmin etmək üçün razılaşmağı təklif edib, – “Reuters” xəbər verir.
Noyabrın 3-də Amerikada keçiriləcək prezident seçkiləri ərəfəsində etdiyi açıqlamada Putin Rusiya ilə ABŞ arasında gərginliyi sıfırlamağa çağırıb. O, hər iki ölkənin kiber məkanında sakitlik üçün tərəflərin addım atmalı olduğunu vurğulayıb.
“Təklif edirəm, bir-birimizin daxili işlərinə, o cümlədən seçki proseslərinə, informasiya və kommunikasiya texnologiyalarından və yüksək texnoloji metodlardan istifadə etməklə müdaxilə edilməməsinə zəmanət verək”,- o deyib.
Seçkilər yaxınlaşdıqca, Moskvanın Vaşinqtonla münasibətləri soyuq müharibədən sonra müşahidə edilən ən aşağı səviyyəyə düşür.
ABŞ kəşfiyyat agentlikləri bu qənaətə gəlib ki, Rusiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkiləri zamanı namizəd Hillari Klintonun kampaniyasına Donald Trampın lehinə müdaxilə edib. Moskva bu ittihamı rədd edir.
Tramp hazırda demokrat Co Baydenə (Joe Biden) qarşı yenidən seçilmək üçün kampaniya aparır.
“Dövrümüzün əsas strateji problemlərindən biri rəqəmsal sahədə genişmiqyaslı qarşıdurma riskidir”,- Putin açıqlamasında deyib.
“Biz bir daha ABŞ-a informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadədə münasibətlərimizi yenidən bərpa etmək üçün geniş praktik tədbirlər proqramını təsdiqləmək məqsədiylə müraciət etmək istəyirik”.
Putin iki ölkənin böyük kiberməkan insidentlərinin qarşısını almaq üçün razılaşma əldə etməsini təklif edib. O, bunu soyuq müharibə dövründə, 1972-ci ildə əldə edilmiş ABŞ-Sovet müqaviləsilə müqayisə edib.
Rusiya eyni zamanda irəli sürülən iddiaların əksi olaraq 2020- ci il ABŞ seçkilərinə müdaxiləyə cəhd etdiklərini inkar edib.
“Microsoft” MSFT.O iki həftə əvvəl deyib ki, Rusiya, Çin və İran bağlantılı hakerlər Tramp və Baydenlə əlaqəli insanları izləməkdədir. Rusiya və Çin iddiaları rədd edib.